Sülh olacaqmı sualı artıq gündəmdə deyil - Natali Aleksanyanın "Şərq"ə ŞƏRHİ

  • “Paşinyan cəmiyyətə sülh prosesini yekunlaşdırmaq öhdəliyi verir”

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan arasında sülhün artıq reallığa çevrildiyini, lakin prosesin hüquqi baxımdan hələ yekunlaşmadığını bildirib. O, sülh sazişinin imzalanması və ratifikasiyasını əsas prioritet kimi qiymətləndirərək, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regionda əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Paşinyanın bu açıqlamaları sülh prosesinin hazırkı mərhələsi və onun yekun nəticəyə çatdırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Erməni jurnalist və siyasi ekspert Natali Aleksanyan Ermənistan-Azərbaycan sülhünü və Paşinyanın sülhlə bağlı son açıqlamasını Sherg.az-a şərh edib:

"Burada, iki fərqli məsələni- dünyadakı siyasi reallığı və sülh müqaviləsinin hüquqi rəsmiləşdirilməsini bir-birinə qarışdırmamaq vacibdir.

Paşinyanın sözlərində ən diqqətçəkən məqam məhz “aralıq mərhələ” ifadəsidir. Əslində, o, Ermənistan üçün sülh prosesinin artıq mövcudluq məsələsi- “sülh olacaq, yoxsa olmayacaq” sualı deyil, bu prosesi sona çatdırmaq məsələsi olduğunu bildirir. Yəni artıq formalaşmış vəziyyəti imzalanmış və ratifikasiya olunmuş sənədə necə çevirmək məsələsindən danışır.

Bu, təkcə Ermənistan-Azərbaycan münasibətlərinə aid deyil. Paşinyan TRIPP layihəsini, sərhədlərin delimitasiyasını, kommunikasiyaların açılmasını, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını, “Şimal-Cənub” layihəsini və “Sülh kəsişməsi” təşəbbüsünü eyni kontekstdə qeyd edir". 

Analitik bildirib ki, Paşinyan bununla da sülhü daha geniş regional proses kimi təqdim edir:

"Lakin burada əsas siyasi sual da ortaya çıxır: əgər sülh artıq reallığa çevrilibsə, onun yekun şəkildə institusionallaşdırılmasına hələ də konkret olaraq nə mane olur?

Məhz bu kontekstdə siyasi bəyanatla real prosesi bir-birindən fərqləndirmək lazımdır. Müqavilənin imzalanması özlüyündə son addım deyil. Çünki bundan sonra da ratifikasiya, delimitasiya, kommunikasiyaların açılması və digər razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər gündəmdə qala bilər".

Müsahibimiz qeyd edib ki, ona görə də Paşinyanın bəyanatını daha çox siyasi öhdəliyin təsdiqi kimi qəbul edir: 

"Hakimiyyət cəmiyyətə sadəcə sülh prosesi vəd etmir, həm də bu prosesi hüquqi baxımdan yekunlaşdırmağı öhdəsinə götürür".