- "Ən azı yekun sülh əldə olunmasa belə, ara seçkilərdən əvvəl ciddi bir atəşkəsə ehtiyacı var"
ABŞ-İran müharibəsinin gedişatı fonunda Vaşinqtonun atacağı növbəti addımlar və münaqişənin nə zaman başa çata biləcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. ABŞ Prezidenti Donald Tramp müharibənin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra deyil, daha əvvəl başa çata biləcəyini bildirib. Trampın bu açıqlaması onun bundan bir gün əvvəl müharibənin məhz aralıq seçkilərdən dərhal sonra başa çatacağını ehtimal etməsi ilə ziddiyyət təşkil edir.
İranın müharibəni daha uzun müddət davam etdirə biləcəyinə inanmadığını bildirən Tramp eyni zamanda İrandan ABŞ-nin İordaniyadakı hərbi bazasına endirilən son zərbələr zamanı Amerika təyyarələrinin zədələnməsi ilə bağlı məlumatları da təkzib edib.
Müharibənin gedişatı ilə bağlı ABŞ administrasiyasının açıqlamalarındakı bu dəyişikliklər fonunda Vaşinqtonun qarşılaşdığı hərbi, siyasi və iqtisadi çətinliklər, eləcə də mümkün atəşkəs və sülh perspektivləri diqqət mərkəzindədir.
Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Donald Trampın İran müharibəsinin başladığı 28 fevral tarixindən bu günə qədər bir-biri ilə ziddiyyət təşkil edən və toqquşan açıqlamalar verdiyini söyləyib:
"Bunun əsas səbəbi İranın xüsusilə ABŞ-nin gözləmədiyi addımları ard-arda atması və onu aciz vəziyyətə salması ilə bağlıdır.
Xüsusilə müharibənin başladığı gündən etibarən ABŞ İranın Hörmüz boğazını bağlaya biləcəyini, eyni zamanda Körfəz ölkələrinə hücum edərək dünyada enerji təchizatında böhran yarada biləcəyini və bunun nəticəsində qlobal inflyasiyanı yüksəldə biləcəyini proqnozlaşdıra bilmədi. Dolayısıyla, Amerika yanlış proqnozla hərəkət etdiyi üçün hazırda çıxılmaz vəziyyətə doğru gedir.
Bu isə xüsusilə ABŞ-nin daxili ictimai rəyində ciddi problem yaradır. Çünki bir qallon neftin qiyməti 3 dollar olduğu halda, bu gün etibarilə 6 dollara yüksəlib.
Bu vəziyyət xüsusilə Trampı dəstəkləyən MAGA tərəfdarları və respublikaçılar arasında da ciddi narazılıq yaradıb. Çünki Trampa səs verən təbəqə əsasən orta və ya orta təbəqədən aşağı olan, zəhməti ilə dolanan, “rednek” adlandırılan insanlardan ibarətdir".
Analitikin sözlətinə görə Tramp çıxış yolu tapmaq məcburiyyətindədir:
"Tramp ara seçkilərdən əvvəl bu müharibəni bitirməlidir. Çünki ən azı ABŞ-də müəyyən rifah və sabitliyin yenidən təmin olunması atəşkəsə və ya mümkün olduğu təqdirdə yekun sülhə bağlı olacaq.
Əks halda, müharibə davam etdiyi müddətdə həm ABŞ daxilində, həm də qlobal miqyasda inflyasiyanı artıran və enerjiyə çıxışı çətinləşdirən proses davam edəcək.
ABŞ çıxılmaz vəziyyət içindədir. Çünki heç olmasa atəşkəs əldə etsə belə, İran daxilindəki müəyyən radikal qüvvələr, yəni İnqilab Keşikçiləri Korpusu daxilindəki bəzi qüvvələr bu atəşkəsi istəmirlər. İntiqam almağa çalışır və atəşkəsi pozurlar.
ABŞ müharibəni davam etdirməyə çalışsa da, burada da bir həll yolu tapa bilmir. Çünki müharibənin, ən azı ABŞ baxımından, qələbə ilə nəticələnməsi üçün quru əməliyyatının keçirilməsi lazımdır. Xüsusilə 1,6 milyon kvadrat kilometr ərazisi və 100 milyona yaxın əhalisi olan İranı qurudan işğal etməyin mümkünsüz olduğunu bir şəkildə görür".
Ekspert bunu həyata keçirmək üçün ABŞ-nin 1-1,5 milyon əsgərə ehtiyacı olduğunu söyləyib:
"Çox böyük həcmdə sursat dəstəyinə ehtiyac duyulur. Bu həcmdə sursat isə bu gün etibarilə ABŞ-nin əlində mövcud deyil. Bundan əlavə, belə bir əməliyyatın maliyyə yükü də çox böyük olacaq. Çünki belə bir quru əməliyyatı həyata keçiriləcəyi təqdirdə minlərlə amerikalı əsgərin həyatını itirməsi gözlənilir.
Nəticə etibarilə ABŞ hər iki halda da bir həll yolu tapa bilmir.
Burada bəlkə də çıxış yolu belə olacaq: Tramp öz siyasi karyerasını da təhlükəyə ataraq İrana çox böyük güzəştlər vermək yolu ilə sülh sazişinin altına imza ata bilər.
Çünki bu müddət ərzində İraq-İran iqtisadiyyatını bir mənada iflic etməyə yönəlmiş sanksiyalar tətbiq etdi, blokadalar həyata keçirdi. Amma bundan da istənilən nəticəni ala bilmədi. Eyni zamanda, xalqı hərəkətə keçirərək etirazlar vasitəsilə rejim dəyişikliyinə nail olmaq istiqamətində də lazımi uğuru əldə edə bilmədi.
Dolayısıyla, bütün bu çıxılmazlıqlar içərisində Tramp özünə çıxış yolu axtarır".
Mütəxəssis vurğulayıb ki, Tramp müharibə davam etdiyi müddətdə səs faizini artıra bilməyəcəyini və həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlüyünü itirərək “topal ördək” vəziyyətinə düşəcəyini görür:
"Bu baxımdan da müxtəlif informasiya və imic əməliyyatları həyata keçirir. Əslində İranın həm İsraildə, həm də Körfəz ölkələrində yerləşən Amerika bazalarında çox ciddi dağıntılara səbəb olduğu məlumdur.
Lakin bunu ictimaiyyətlə bölüşmək, ictimaiyyətə əks etdirmək istəmir. Çünki bunu etdiyi təqdirdə, onsuz da Amerikanın nüfuzunu itirdiyi bir dövrdə ABŞ qlobal hegemon güc olmaq statusunu da itirmiş olacaq.
Amerika bazalarında həqiqətən də ciddi dağıntılar var. İordaniyada xüsusilə müstəqil müşahidəçilər də bunu deyirlər.
Yəni ən azı 8 ədəd Amerika F-15 qırıcısının zərər gördüyü məlumdur".
Müsahibimiz ABŞ-nin bunu təkzib edərək öz ictimaiyyətini aldatmağa çalışdığını deyib:
"Amma bunun da çox böyük nəticə verəcəyini söyləmək mümkün deyil.
ABŞ-nin içindən keçdiyi bu çətin vəziyyətdən bir şəkildə çıxması lazımdır. Bunun üçün isə ən azı yekun sülh əldə olunmasa belə, ara seçkilərdən əvvəl ciddi bir atəşkəsə ehtiyacı var".