Tramp bildirib ki, ABŞ hərbçiləri “növbəti fəthi” gözləyirlər

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Yaxın Şərqdəki hərbi əməliyyatlardan sonra istirahət edir və “öz növbəti fəthlərini” gözləyirlər.

Sherg.az xəbər verir ki, Tramp "Truth Social" sosial şəbəkəsində səhifəsində belə yazıb.

“Bu arada bizim böyük ordumuz güc toplayır və istirahət edir, faktiki olaraq növbəti fəthi səbirsizliklə gözləyir”.

Respublikaçı qeyd edib ki, ABŞ Silahlı Qüvvələri əldə olunmuş razılaşma tam şəkildə yerinə yetirilənədək İranda və Yaxın Şərqdə qalacaq.

“Əgər hər hansı səbəbdən bu baş verməsə, bu isə olduqca az ehtimallıdır, o zaman indiyədək heç kimin görmədiyi qədər daha genişmiqyaslı, daha keyfiyyətli və daha güclü ‘atışma’ başlayacaq”, - Tramp vurğulayıb.

Aprelin 8-nə keçən gecə ABŞ və İran atəşkəs elan etdiklərini açıqlayıblar. Trampın sözlərinə görə, Vaşinqton bu atəşkəsə razılaşıb, çünki Tehran Hörmüz boğazının “tam, dərhal və təhlükəsiz” şəkildə açılmasına hazır olduğunu göstərib. İranın Ali Milli Təhlükəsizlik Şurası da atəşkəsə razılığını təsdiqləyib, lakin vurğulayıb ki, Tehran hələ də “tətiyə əlini qoyub” və ABŞ-ın mümkün təcavüzünə qarşı hazırdır.

Ölkələr arasında danışıqların aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılır. CNN-in məlumatına görə, ABŞ tərəfdən danışıqlarda vitse-prezident Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edəcək. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.