- “İranda azlıq təşkil edən qrup xalqın iradəsini girov saxlayır”
ABŞ-İran münasibətlərində vəziyyət tərəflər arasında fikir ayrılıqlarının və qarşılıqlı ziddiyyətlərin yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmadığını göstərir. Mövcud prosesə həm hərbi və diplomatik amillər, həm də tərəflərin daxilindəki müxtəlif siyasi yanaşmalar təsir edir. Bu baxımdan, İranın müharibədən sonrakı mövqeyi, ABŞ-nin qarşıya qoyduğu prioritetlər və İsrail amilinin prosesə təsiri məsələnin daha mürəkkəb xarakter almasına səbəb olur. Məsələn bir tərəfdən ABŞ deyir ki, Hörmüz onun nəzarəti altındadır, digər tərəfdən isə Bəsic rəhbəri eyni iddianı səsləndirir.
Əslində bütün bunlar ABŞ və İran arasında münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas amillərin daha geniş çərçivədə nəzərdən keçirilməsini zəruri edir.
Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr.Ufuk Necat Taşçı Sherg.az-a ABŞ-İran münasibətlərinin hazırki vəziyyətindən danışıb:
"Hazırda ABŞ-İran münasibətlərində tək bir qrupdan danışa bilmərik. İranda sivil siyasi düşüncənin aradan qalxdığı, Pezeşkian, Qalibaf və Arakçi kimi şəxslərin İranın müharibədən sonrakı diplomatik qazanclarına əhəmiyyət vermədiyi bir qrup var. Xüsusilə rejim daxilindəki radikal qanad, Payidari Cəbhəsi, Nəbəviyyun kimi ünsürlər öz siyasi gələcəkləri naminə İran xalqının tamamının iradəsini girov vəziyyətinə salıblar.
ABŞ və İran arasında razılaşdırılan 14 maddəlik razılaşma, bir çox insanı təəccübləndirmişdi. İran ABŞ və İsrailin hücumlarına qarşı hər kəsin gözləntilərindən çox-çox kənarda bir müqavimət göstərdi. Buna şübhə yoxdur. Lakin ciddi zərər gördüyünü də unutmamaq lazımdır. İran bu müqavimətin qarşılığında ABŞ daxilində ABŞ-nin məğlubiyyəti kimi qiymətləndirilən razılaşmanı qəbul etmir".
Analitikin sözlərinə görə bunun yeganə səbəbi İran daxilindəki azlıq təşkil edən bir qrupun öz siyasi gələcəklərini davam etdirə bilmək üçün razılaşmaya deyil, müharibəyə ehtiyac duymasıdır:
"ABŞ Prezidenti Trampın nüvə məsələsini arxa plana keçirdiyini, ABŞ vitse-prezidenti Vensin isə İranın ballistik raket proqramına Vaşintonun müdaxilə edə bilməyəcəyini söylədiyini unutmamaq lazımdır. Buna görə də hərbi baxımdan əldə etdiyi uğuru diplomatik və ticari töhfəyə çevirmək istəməyən müəyyən qruplar İranda sivil siyasətin işini çətinləşdirirlər.
Bu nöqtədə Tramp belə bir çıxılmaz vəziyyətə daha da aqressivləşərək cavab verir. Xüsusilə Kazma dağına mümkün hücum, taktiki nüvə silahlarının gündəmə gəlməsi, ABŞ-nin Hörmüz məsələsini mümkün qədər tez bağlamaq istəməsi prosesin gərgin keçəcəyinə işarə edir. Xüsusilə İsraildə soyqırım törədən Netanyahu hökumətinin də ABŞ üçün əlavə problemlər yaratdığı bir prosesdəyik".
Ekspert hazırda vəziyyətin çox mürəkkəb olduğunu bildirib:
"Biz yalnız ABŞ, İsrail və İrandan danışmırıq; “hansı ABŞ, hansı İsrail və hansı İran nə istəyir?” sualına fokuslanmalıyıq. Problemin tam həll edilə bilməməsinin əsas səbəbi bu üç dövlətin daxilində də müxtəlif qrupların müharibəni fərqli şəkildə başa çatdırmaq istəməsidir".