"Möctəba Xamenei yeni rəhbər gəlib, işləyəcək, öz siyasətini aparacaq və xalq da zamanla öz münasibətini bildirəcək"
Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib. Bu barədə İranın dövlət mediası məlumat yayıb. Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib. Halbu ki, Tramp deyirdi ki, Ali dini lider yalnız onun qərarı ilə seçilə bilər. Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a İranda yeni dini lider seçilməsi və ABŞ-nin münasibətindən danışıb:
"Bu gün yayılan məlumatlara görə İranda bütün şəhərlərdə, o cümlədən Tehranda Azadlıq meydanında guya andiçmə mərasimi keçiriləcək. İnsanlar da orada iştirak etməyə dəvət olunublar.
Mən həmişə deyirəm ki, Trampın nə siyasətdən, nə də hərbi məsələlərdən ciddi şəkildə başı çıxır. Ona görə də çox vaxt dediyi sözlər və gördüyü işlər nəticəsiz qalır və həm Amerikaya, həm də başqalarına ziyan vurur. Mən bir xəbər də gördüm: guya bununla bağlı sorğu və araşdırma aparıblar və nəticədə belə deyilib ki, Trampın dediklərinin cəmi 3 faizi doğru çıxır. Onun dediklərinin 97 faizi ya yalandır, ya da düşünülmədən deyilmiş sözlərdir. Sanki əvvəl danışır, sonra düşünür. Halbuki insan əvvəl düşünməli, öyrənməli, məsləhətləşməli, sonra qərar verməlidir. Digər tərəfdən, Tramp əvvəl demişdi ki, İranda ali dini lider seçiləndə orada onun da söz haqqı olmalıdır, guya o da bunu təsdiqləməlidir. İndi isə deyir ki, “baxaq görək nə olacaq”. Yəni Möctəba Xamenei seçilib rəhbər təyin olunandan sonra belə geri addım atır və deyir ki, "baxaq görək". Bu isə əslində başqa ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər".
Sabiq səfir hər bir ölkənin daxili məsələlərinin həmin ölkənin xalqına aid olduğunu söyləyib:
"Xalq özü qərar verməlidir: bəyənsin və ya bəyənməsin, razı olsun və ya olmasın, tənqid etsin və ya etməsin. Onsuz da Amerika və İsrail rejim dəyişikliyindən danışırdılar. Guya gələcəklər, hücum edəcəklər, İranda narazı insanlar küçələrə çıxacaq və nəticədə rejim devriləcək. Bu isə sanki uşaq bağçasında qurulan bir plan kimi sadə və reallıqdan uzaq görünür.
Təbii ki, belə bir şey asanlıqla baş verə bilməz. Amerika öz siyasətini yürüdə bilər, necə istəyirsə danışa və qərar verə bilər, amma başqa ölkənin daxili işlərinə qarışa bilməz. Necə ki, İranda da heç kim gəlib demir ki, Amerikada kim prezident olmalıdır. Orada prezidenti xalq seçir. Amma görünür ki, zaman keçdikcə Trampın reytinqi azalır. Hətta onun əsas tərəfdarları olan MAGA tərəfdarları arasında da dəstək 30-40 faiz azalıb. Məsələn, çox tanınmış jurnalist Takir Karlson da çıxışlarında tənqid edir. O, deyir ki, “biz demişdik Amerika birinci olsun, amma sən gəlib İsraili birinci etdin. Bu bizim qərarımız deyildi”".
Ekspert Trampın çoxlu tənqidlər aldığını və istədiklərinə nail ola bilmədiyini vurğulayıb:
"Bunun səbəbləri arasında iqtisadi problemlər və regionda baş verən hadisələr də var. Görünür ki, indi bir qədər gözləmək və vəziyyətin necə inkişaf edəcəyinə baxmaq istəyirlər. İranda yeni rəhbər təyin olunandan sonra hadisələrin hansı istiqamətdə gedəcəyini görmək istəyirlər. İsrail isə başqa mövqe tutur və daha sərt addımlar atılmasını istəyir.
Hər halda görünür ki, Tramp dediklərinə tam nail ola bilmir və buna görə də narazılıqlar artır. Amma yenə də bu məsələlər hər ölkənin öz xalqına aiddir. Xalq razı olar və ya olmaz- bunu zaman göstərəcək. Yeni rəhbər gəlib işləyəcək, öz siyasətini aparacaq və xalq da zamanla öz münasibətini bildirəcək".