"Vaşinqton kənara çəkildikdən sonra SDQ-yə dəstək verən İsrail də heç nə edə bilmədi"
"Suriya ordusunun ölkənin şimal-şərqini nəzarətə götürməsi, şəhər və qəsəbələri arda-arda YPG/SDQ qruplaşmasından azad etməsi böyük regional hadisədir. Bu həm Suriya lideri Əhməd əş-Şaraa, həm də Türkiyənin uğurudur".
Sherg.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başladıqda bundan istifadə edən PKK-ya bağlı terrorçu qruplar Suriyanın şimal-şərqini işğal etmişdi:
"Bu Türkiyəni ciddi narahat edirdi. Çünki, YPG və PYD Türkiyəyə sərhəd əraziləri də ələ keçirmişdi. Türkiyə məhz sərhəd əraziləri terrorçulardan azad etmək üçün Suriya ərazisində bir neçə hərbi əməliyyat həyata keçirdi.
PKK-nın Suriyadakı uzantıları olan YPG və PYD sonrakı illərdə Vaşinqtonun təklifi ilə adını Suriya Demokratik Qüvvələri (SDF) şəkilndə dəyişdi. Yeni adın qoyulmasında birinci məqsəd Türkiyənin narahatlığını azaltmaq, ikinci məqsəd bu ad altında Suriyadakı digər etnik qrupları birləşdirmək idi. Vaşinqton və SDQ hər iki məqsədə nail olmadılar, nə Türkiyənin narahatlığı azaldı, nə də digər etnik qruplar şəhərlərinin SDQ tərəfindən nəzarətini qəbul etdilər. Bunun nəticəsidir ki, Suriya ordusu ölkə ərazisini SDQ qüvvələrindən azad edərkən, insanlar küçələrə çıxaraq bunu bayram edirlər. ABŞ Suriya liderinə ölkənin şimal-şərqini azad etməsinə mane olmadı. Halbuki, SDQ-ni son illərə qədər Pentaqon və Dövlət Departamenti himayə edirdi. İsrail də PKK-nın uzantılarına dəstək verirdi. Ancaq ABŞ Prezidenti Donald Tramp sonda Türkiyə və Suriya lideri Əhməd əş-Şaraanı seçdi və SDQ əsas himayədarını itirdi. Vaşinqton kənara çəkildikdən sonra SDQ-yə dəstək verən İsrail də heç nə edə bilmədi".
Ekspert qeyd edir ki, Suriya ordusu su, elektrik və neft yataqlarını da nəzarətə götürdü:
"Bununla SDQ gəlir imkanlarını itirdi və maliyyə resursları olmadan Dəməşqdən böyük muxtariyyət tələb edə bilməyəcək. Bundan sonra SDQ ya təslim olmalı, ya da əvvəlki razılaşmaya əsasən Suriya ordusunun tərkibinə qatılmalıdır. Suriyada SDQ amilinin ortadan qaldırılması PKK-nın da təslim olması prosesini sürətləndirməlidir".