Trampa qarşı hücumu planlaşdıran şəxsin manifesti: “dostcanlı sui-qəsdçi”

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasını hədəf alan hücumun pərdəarxası detalları üzə çıxır.

Sherg.az xəbər verir ki, hücumçunun otel otağında tapılan qeydlərində hökumət üzvlərini “prioritet sırasına görə” hədəf aldığı məlum olub. Eyni zamanda, onun qeydlərində özünü “dostcanlı federal sui-qəsdçi” kimi təqdim etdiyi bildirilir.

Məlumata görə, şübhəlinin hücum planını yazdığı kağızlar qaldığı otel otağında aşkar edilib. "CBS News"-a danışan rəsmi mənbələr bildiriblər ki, Cole Tomas Allen adlı şübhəli Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən hadisədən əvvəl planını yazıb və onun yaxınlarından biri bu barədə polisi məlumatlandırıb.

Mənbənin sözlərinə görə, şübhəli oteldə yazdığı qeydlərdə Tramp administrasiyasının üzvlərini hədəfə almaq istədiyini “açıq şəkildə qeyd edib”.

Həmçinin bildirilir ki, hadisədən sonra dindirilən digər ailə üzvü Allenin radikal fikirlərə meyilli olduğunu, istifadə etdiyi dilin isə “mövcud dünyadakı problemləri həll etmək üçün nəsə etmək” niyyətinə işarə etdiyini deyib.

Rəsmi şəxslərin məlumatına görə, şübhəlinin “manifest” adlandırdığı mətnində o, administrasiya nümayəndələrini “ən yüksək rütbədən ən aşağıya doğru prioritet sırası ilə” hədəf almağı planlaşdırdığını, lakin bunu “yalnız zərurət yaranarsa” edəcəyini yazıb. Bu məlumatın hüquq-mühafizə orqanları və Ağ Ev rəsmiləri tərəfindən təsdiqləndiyi qeyd olunur.

ABŞ mediasında yer alan digər xəbərlərdə isə şübhəlinin qeydlərində özünü “dostcanlı federal sui-qəsdçi” adlandırdığı vurğulanır.

Hadisə zamanı "White House Correspondents Association" tərəfindən təşkil edilən şam yeməyində atəş səsləri eşidildikdən sonra Donald Tramp mühafizəçilər tərəfindən zaldan çıxarılıb. Canlı yayımlanan tədbirdə səs-küy yemək servisi başladıqdan qısa müddət sonra yaranıb və təhlükəsizlik qüvvələri uzun lüləli silahlarla zalda görünüb.

Hadisədən sonra Tramp sosial şəbəkədə şübhəlinin saxlanıldığını açıqlayıb. Sosial mediada onun otel foyesində üzüaşağı vəziyyətdə saxlanıldığı görüntülər yayılıb.

Hadisə nəticəsində bir Gizli Xidmət əməkdaşının yaralandığı, lakin vəziyyətinin yaxşı olduğu bildirilib. Tramp hücumun İranla mümkün müharibə ilə əlaqəsi barədə suala isə “Belə düşünmürəm, amma bunu heç vaxt tam bilmək olmaz” cavabını verib.