Trampın dəstəyi təsadüfi deyil: ABŞ Yaxın Şərqdə yeni təhlükəsizlik planı qurur - ŞƏRH

  • Əslində, burada Tramp administrasiyasının daha geniş strateji yanaşmasının izlərini görmək mümkündür

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişi Yaxın Şərqdə təhlükəsizlik və güc balansı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tərəflərin birgə müdafiə mexanizmi yaratması, onlardan hər hansı birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı hücum kimi qəbul ediləcəyini bəyan etməsi sazişin sırf siyasi əməkdaşlıq çərçivəsindən kənara çıxdığını göstərir. Kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik məsələlərində koordinasiyanın nəzərdə tutulması da bu formatın gələcək perspektivləri ilə bağlı suallar yaradır.

Əsas məsələ isə Məkkə Sazişinin yalnız üç ölkə arasında müdafiə əməkdaşlığı olaraq qalacağı, yoxsa zamanla daha geniş regional təhlükəsizlik platformasına çevriləcəyidir. Xüsusilə digər müsəlman ölkələrinin, o cümlədən Misirin bu prosesə mümkün şəkildə cəlb olunması Yaxın Şərq və ümumilikdə regionda yeni güc mərkəzinin formalaşmasına səbəb ola bilər. Belə bir genişlənmə baş verərsə, həm regional təhlükəsizlik arxitekturasına, həm də mövcud güc balansına ciddi təsir göstərə bilər.

Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Məkkə Sazişinə münasibəti də xüsusi diqqət çəkir. Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu addımını açıq şəkildə alqışlayaraq sazişi Yaxın Şərq ölkələrinin həmrəyliyinin göstəricisi və mühüm, cəsarətli addım kimi qiymətləndirib: “Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nəhayət bu yaxınlarda Məkkə Sazişini imzaladığını görməkdən çox məmnunam. Bu saziş Yaxın Şərq ölkələrinin həmrəyliyini göstərir”.

Tramp, üç ölkənin bu addımını cəsarətli və mühüm qərar kimi qiymətləndirib.

Vaşinqtonun bu mövqeyi ABŞ-ın regional təhlükəsizlik siyasətində müəyyən dəyişikliklərin baş verdiyinə dair suallar doğurur. Tramp administrasiyası regional təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsini yerli güclərin üzərinə ötürməyə və ABŞ-ın əsas müttəfiqləri arasında koordinasiyanı gücləndirməyə çalışa bilər. Digər tərəfdən, Məkkə Sazişi İranla bağlı regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdə dəyişən güc balansı fonunda da əhəmiyyət daşıyır. Buna görə də sazişin gələcək inkişafı təkcə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın münasibətləri baxımından deyil, ABŞ-ın region siyasəti, İranın mövqeyi və digər müsəlman ölkələrinin bu prosesə münasibəti baxımından da diqqətlə izlənəcək.

Siyasi ekspertlərin fikrincə bu format genişlənərsə, Məkkə Sazişi Yaxın Şərqdə yeni hərbi-siyasi əməkdaşlıq modelinin əsasına çevrilə və regionun təhlükəsizlik arxitekturasında uzunmüddətli dəyişikliklər yarada bilər.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Sherg.az-a açıqlamasında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında qarşılıqlı müdafiə sazişinin imzalanmasını son günlərin diqqət çəkən geosiyasi hadisələrindən biri kimi dəyərləndirib.

Onun fikrincə, Məkkədə imzalanmış sazişə yalnız üç müsəlman dövlətinin müdafiə əməkdaşlığı kimi yanaşmaq düzgün olmazdı:

“Bu təşəbbüs daha geniş prosesin — regional təhlükəsizlik arxitekturasının yenidən formalaşmasının göstəricisi kimi qiymətləndirmək lazımdır. Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndirilir. Bununla belə, sazişin konkret hərbi öhdəliklərinin və tətbiq mexanizmlərinin hələ tam şəkildə müəyyənləşdirilmədiyini də nəzərə almaq lazımdır. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın sazişə verdiyi müsbət qiymət xüsusi diqqət çəkir. Tramp sənədi “böyük, cəsarətli və mühüm ilk addım” kimi qiymətləndirərək, region dövlətlərinin öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət daşımasının vacibliyini vurğulayıb. İlk baxışdan Vaşinqtonun mövqeyi müəyyən paradoks yaradır, ABŞ-ın birbaşa iştirak etmədiyi yeni regional müdafiə mexanizminin yaradılmasını Vaşinqton nə üçün müsbət qarşılayır? Əslində, burada Tramp administrasiyasının daha geniş strateji yanaşmasının izlərini görmək mümkündür. Burda söhbət regional təhlükəsizlik üzrə məsuliyyətin yenidən bölüşdürülməsindən gedir. Vaşinqton region dövlətlərinin təhlükəsizlik məsələlərində ABŞ-dan tam asılı olduğu modeldən, onların öz hərbi və siyasi imkanlarına daha çox söykəndiyi modelə keçməsində maraqlı görünür. Donald Trampın “yükün bölüşdürülməsi” yanaşması baxımından müttəfiqlər yalnız ABŞ-ın təhlükəsizlik təminatlarından yararlanan tərəflər deyil, eyni zamanda öz müdafiələrinə daha çox sərmayə qoyan aktorlar olmalıdır. Bu baxımdan Səudiyyə Ərəbistanı–Türkiyə–Pakistan üçbucağının formalaşması Vaşinqton üçün ABŞ-a alternativ təhlükəsizlik sistemi yaratmaqdan daha çox, regional təhlükəsizlik yükünün bir hissəsinin regional güclərin üzərinə keçirilməsi kimi qiymətləndirilə bilər”.

Yeganə Hacıyeva hesab edir ki, saziş İran amili kontekstində əlavə çəkindirmə mexanizmi yaradır:

“Fars körfəzi ölkələri üçün son regional gərginliklər təhlükəsizlik arxitekturasının yalnız xarici təminatlara əsaslanmasının kifayət etmədiyini göstərib. Səudiyyə Ərəbistanı bir tərəfdən ABŞ-la təhlükəsizlik əlaqələrini qoruyur, digər tərəfdən isə öz müdafiə imkanlarını və regional tərəfdaşlıqlarını şaxələndirməyə çalışır. Bu mənada Türkiyə və Pakistan Ər-Riyada yalnız hərbi imkan deyil, həm də regional siyasi legitimlik və alternativ strateji dayaq təqdim edir. Xüsusi qeyd edim ki, sazişin imzalanması ilə regional güclər təhlükəsizlik məsələlərində daha çox strateji müstəqillik əldə edirlər. Rəsmi Vaşinqton artıq təhlükəsizliyin tək təminatçısı olmaq əvəzinə, regional güclərin daha böyük məsuliyyət daşıdığı, lakin ABŞ-la siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini qoruduğu bir sistemin formalaşmasında maraqlı görünür. Bu baxımdan Trampın sazişə münasibəti təsadüfi siyasi jest deyil , burada ABŞ-ın təhlükəsizlik yükünü bölüşdürmək, İranı çəkindirmək, enerji və ticarət marşrutlarının təhlükəsizliyini qorumaq və eyni zamanda Çin və digər qlobal güclərin regiondakı təsirinin balanslaşdırılması istiqamətində praqmatik strateji hesablamanı görmək mümkündür”.