General xəbərdarlıq edir: "Orta dəhliz və enerji koordinasiyası uğursuz olsa, region böyük güclərin oyuncağı olacaq”
2025-ci ilin mayın 10-da keçirilən Türk Dünyası və Türk Dövlətləri Təşkilatının onlayn təlim proqramında Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Türk birliyində ortaq konsepsiya və strategiyanın mütləq olduğunu vurğulamışdı. O təlim proqramında bildirib ki, əgər Türk Dövlətləri Təşkilatı sülh üçün ortaq mərkəz yarada bilməzsə, bu, heç də yaxşı olmayacaq. General əks halda Türk birliyinin Avropa Birliyinin yaşadığı vəziyyətə düşə biləcəyini qeyd edib.
"Əgər lazımi tədbirləri görməsək, dünya müharibəsi başlasa, tarix bizi bağışlamayacaq".
Bu sözlər düz bir il öncə söylənmişdi. Dünya indi sürətlə dəyişir. Kainat çalxalanır, bir çox bölgələrdə xaotik vəziyyət hökm sürür. Hətta bəzi ekspertlər III Dünya müharibəsinin başladığını deyirlər. Hadisələr fonunda Türk dövlətlərinin necə qərar qəbul edəcəyi də diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a 1 il öncə diqqət çəkən açıqlaması və paralel olaraq bugünkü vəziyyətdə Türk dövlətlərinin atacağı addımlarla bağlı açıqlama verib:
"Əgər dünya müharibəsi baş verərsə, Türk dövlətlərinin mövqeyi və gələcəyi müxtəlif üstünlüklər və risklər üzərində formalaşacaq. Türkiyə NATO üzvü olmaqla yanaşı, Rusiya ilə balans siyasəti yürüdür. Bu onu müharibə dövründə “cəbhə ölkəsi” olmaqdan daha çox “tarazlaşdırıcı mərkəz” statusunda saxlayır. Qara dəniz və Aralıq dənizi ilə Qafqaz keçid nöqtəsində yerləşməsi, yüksək müdafiə sənayesi qabiliyyəti və enerji koridorlarının (TANAP, TürkAxın) mərkəzi mövqeyi Türkiyəni strateji baxımdan əhəmiyyətli edir. Lakin İran-İsrail xəttində gərginlik artarsa, bu, cənub sərhədində təzyiq yaradar. Boğazlar qlobal böhran mərkəzinə çevrilə, enerji qiymətləri ilə maliyyə dalğalanmaları Türkiyəni risk altında saxlaya bilər.
Azərbaycan isə enerji ixracatçısı kimi strateji əhəmiyyətə malikdir. Türkiyə ilə hərbi inteqrasiyası onun müdafiə potensialını artırır. Rusiya-İran-Qərb arasında yerləşməsi Azərbaycan üçün həm fürsət, həm də risk yaradır. Ən kritik ssenari İranın daxili sabitliyinin pozulmasıdır. Çünki bu, şimal sərhədində təzyiq yarada və Xəzər təhlükəsizliyini risk altına sala bilər".
General əgər Rusiya zəifləsə, regionda güc boşluğunun yaranacağını və Azərbaycanın strateji manevr imkanlarının dəyişəcəyini vurğulayıb:
"Mərkəzi Asiya türk dövlətləri enerji və mədən zənginliyi, Çin-Rusiya-Türkiyə arasında körpü funksiyası və Orta dəhliz potensialı ilə üstünlük qazanır. Lakin bu dövlətlər Rusiya zəiflədikdə təhlükəsizlik boşluğu ilə üzləşə, Çin təzyiqinə məruz qala və Xəzər xəttində militarizasiyadan təsirlənə bilər. Onlar üçün ən böyük risk, böyük güclərin rəqabət sahəsinə çevrilməkdir.
Türk dünyası üçün böhran dövründə əsas sual budur: "müdafiə ittifaqı yaradıla biləcək, yoxsa yalnız iqtisadi əməkdaşlıq bloku kimi qalacaq?". Əgər koordinasiya güclənərsə, Türk dövlətləri enerji bloku yarada, Orta dəhliz qlobal alternativə çevrilə və müdafiə sənayesi inteqrasiyasını artıraraq strateji mövqelərini möhkəmləndirəcək. Əks halda, region böyük güclərin rəqabət sahəsinə çevrilərək təzyiq və qeyri-sabitlik yaşayacaq".
Keçmiş atteşe hələ ki, dünya müharibəsinin başlamadığını, lakin qlobal mübarizənin artıq çoxqütblü güc mübarizəsi dövrünə daxil olduğunu deyib:
"Türk dövlətləri üçün bu dövr həm risk, həm də fürsət dövrüdür. Onların gələcəkdə möhkəmlənməsi üçün ən kritik amillər müdafiə inteqrasiyası, enerji koordinasiyası və ortaq böhran planlamasının gücləndirilməsidir".