- Platforma Şərq-Qərb oxunda geosiyasi tarazlaşdırıcı amilə çevriləcək
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri fonunda Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişaf perspektivləri və Türk dünyası çərçivəsində əməkdaşlığın gələcək istiqamətləri yenidən diqqət mərkəzinə gəlir.
Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi regional inteqrasiya proseslərinin mühüm istiqamətlərindəndir. Xüsusilə Orta Dəhliz, nəqliyyat-logistika layihələri, investisiya imkanları, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq türk dövlətləri arasında qarşılıqlı əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.
Qlobal güc mərkəzləri arasında rəqabətin artdığı bir dövrdə Türk dünyasının siyasi və iqtisadi koordinasiyası, institusional əməkdaşlıq imkanları, eləcə də gələcək inteqrasiya perspektivləri xüsusi əhəmiyyət daşıyır.
Araşdırmaçı-yazar, tarix üzrə elmlər doktoru Rəcəb Çelik Prezident İlham Əliyevin Qırğızıstan səfərinin əhəmiyyəti, türk dövlətləri, Türk Dövlətləri Təşkilatının regional proseslərdə rolu və gələcəyi barədə Sherg.az-ın suallarını cavablayıb:
-Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfər iki dövlət arasında münasibətlərə necə təsir edəcək?
-Ümumi çərçivədə Prezident İlham Əliyevin Qırğızıstana səfərini Avrasiya geosiyasətində qlobal güclər arasındakı rəqabət fonunda strateji muxtariyyət axtarışını əks etdirən kritik bir addım kimi dəyərləndirməyi tövsiyə edərdim. Bu səfər eyni zamanda Xəzər mərkəzli Orta Dəhlizin logistika inteqrasiyasını sürətləndirməyi hədəfləyir.
Bu səfər Türk Dövlətləri Təşkilatının çətiri altında institusional neoliberal əməkdaşlığı konkretləşdirən təmasdır.
Azərbaycan-Qırğızıstan ortaq investisiya fondlarının və maliyyə alətlərinin daha fəal işlək hala gətirilməsi, yəni aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə enerji, ərzaq təhlükəsizliyi və nəqliyyat layihələri kimi siyasətləri əhatə edir.
Bu istiqamətlər iki ölkə arasındakı bağlılığı artırır. Eyni zamanda regional sabitliyin möhkəmlənməsi baxımından da kritik əhəmiyyət kəsb edir.
-Türk dünyasında siyasi həmrəylik iqtisadi və nəqliyyat layihələri ilə nə dərəcədə dəstəklənir? Bu çərçivədə Orta Dəhlizin əhəmiyyətini necə oxuyursunuz?
-Türk dünyasındakı siyasi birlik institusional neoliberalizm anlayışı ətrafında təkcə ritorik "ortaq kimlik" vurğusundan ibarət deyil. Burada söhbət Orta Dəhliz kimi, nəhəng nəqliyyat-logistika infrastrukturu layihələrindən gedir.
Bu layihələr funksional, konstruktiv və strukturlaşdırılmış qarşılıqlı asılılığın formalaşmasına xidmət edir. Türk Dövlətləri Təşkilatının buradakı rolu isə geoiqtisadi rıçaq funksiyasını yerinə yetirməkdir.
Biz Orta Dəhlizdə Xəzər keçidlərindən və Şərq-Qərb dəhlizlərindən danışırıq. Bu, tədarük zəncirlərinin yenidən formalaşdığı, investisiyaların artdığı bir keçid dövrünü ifadə edir.
Çinlə bağlı məsələlərə gəldikdə isə bu bölgə ən etibarlı, ən təhlükəsiz, ən aşağı xərcli və sabit alternativ marşrut kimi ön plana çıxır.
Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi istiqaməti, limanlar və limanların inteqrasiyası kimi layihələr olduqca mühüm əhəmiyyət daşıyır.
Qlobal güc mərkəzləri qarşısında strateji birlik, siyasi ittifaqlar və iqtisadi rifaha nail olmağa yönəlmiş davamlı siyasətin təməlində də bu yanaşma dayanır. Bu, eyni zamanda struktur xarakterli bir təminatdır.
-Sizcə, Türk Dövlətləri Təşkilatı gələcəkdə regional təşkilat olmaqdan kənara çıxaraq daha geniş geosiyasi təsirə malik platformaya çevrilə bilərmi?
-Avrasiya geosiyasətinə baxdığımızda, Türk dünyası ilə birlikdə müstəqil bir qütb yarada biləcək mühüm platformaya çevrilməsi mümkündür.
Bunun çox ciddi bir vizyonu var. Türk dünyası baxımından bu transformasiya əslində uzun illərdir gözlənilən bir prosesdir. Bu, keçmişdən bəri parçalanmış geosiyasi məkanın bir araya gətirilməsi, yəni asılılıqların aradan qaldırılması istiqamətində atılan addımları ifadə edir.
Biz Adriatikdən Çin Səddinə qədər uzanan mühüm təhlükəsizlik və inteqrasiya dəhlizindən, həmçinin ticarət memarlığının ciddi şəkildə inkişafından danışırıq.
Kollektiv yumşaq gücün, ortaq dəhlizin qlobal tədarük zəncirində alternativsiz mövqeyinin, eləcə də üzv dövlətlərin malik olduğu yeraltı sərvətlərin və digər resursların çox böyük əhəmiyyətə malik olduğunu düşünürəm.
Bu platformanın həm Avropa İttifaqı, həm də Şanxay Əməkdaşlıq Təşkilatı kimi qlobal aktorlarla bərabər səviyyədə masa arxasında oturmağımıza imkan verəcək.
Platforma Şərq-Qərb oxunda geosiyasi tarazlaşdırıcı amilə çevriləcək.
-Türk dünyasında ortaq təhlükəsizlik, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində hansı perspektivləri görürsünüz?
-Ortaq təhlükəsizlik dəhlizinin həm müdafiə sənayesi, həm də hərbi əməkdaşlıq çərçivəsində kollektiv birlik baxımından çəkindirici qüvvə yaratması son dərəcə vacibdir.
Əgər bu birlik ciddi şəkildə təmin edilərsə, Türk dünyası baxımından çoxqatlı müdafiə sisteminin, yaranması qaçılmaz olacaq.
Hərbi yaxınlaşma isə xüsusilə Türkiyənin PUA-ları, zirehli texnikası, ortaq istehsal imkanları və elmi-tədqiqat işlərinin Türküstana, Qafqaza yayılması üzv dövlətlərin xarici asılılığını azaldacaq. Buna görə də həmin əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi var və onun genişləndirilməsi lazımdır. Türk Dövlətləri Birliyi çərçivəsində ortaq hərbi təlimlərin, doktrinaların və birgə fəaliyyətlərin həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır.
Burada qısaca vurğulamaq istədiyim digər məsələ kollektiv təhlükəsizlik çətiridir. Məqsəd kollektiv təhlükəsizlik çətirini formalaşdırmaq və bu potensialı ortaya çıxarmaqdır.
Türk dünyası dövlətləri bu məqsədə xidmət edəcək şəkildə hərəkət etdikləri təqdirdə ciddi nəticələr və böyük qazanclar əldə edəcəklər.
-Azərbaycanın Qarabağda münaqişədən sonrakı dövrdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri Türk dünyası ölkələri ilə əməkdaşlıq baxımından hansı yeni imkanlar yaradır?
-Müharibədən sonrakı yenidənqurma işləri yalnız beynəlxalq səviyyədə Türk dünyasının ticarət bazarının formalaşdırılması deyil, həm də ortaq infrastrukturun, yaşıl enerji və ağıllı şəhər texnologiyalarının tətbiq olunduğu kollektiv inkişaf məkanı yaratmaq məqsədi daşıyır.
Bu prosesi məhz bu çərçivədə qiymətləndirməliyik.
Özbəkistan da prosesə daxil olub. Türk dünyası baxımından Özbəkistanın inşa etdiyi məktəb, Qazaxıstanın həyata keçirdiyi təhsil layihələri kimi konkret diplomatik addımlar ortaq mənsubiyyət hissi ilə birlikdə institusionallaşmanı gücləndirir.
Qarabağın yaşıl enerji bölgəsi elan olunması, bərpa olunan enerji şirkətləri üçün strateji imkanların açılması, Türk dünyası ölkələrinin ortaq dəhliz vizyonunun Qarabağ üzərində həyata keçirilməsi diqqətəlatiqdir. Türk kapitalının mədənçilik, turizm və infrastruktur sahələrinə yatırılması ilə bu bölgənin qlobal aktorlarla əlaqələndirilən, özünü təmin edə bilən inteqrə olunmuş iqtisadi hövzəyə çevrilməsi həm milli dəyərlər, həm də Türk dünyası baxımından kritik əhəmiyyət daşıyır.
Bunu vurğulasaq, düşünürəm ki, baxış bucağımız daha dolğun olar.
-Gənclik, təhsil, media və mədəniyyət sahələrində əməkdaşlıq Türk dünyasının inteqrasiyasında nə dərəcədə mühüm rol oynayır?
-Bu sual çox həssas və mühüm sualdır. Gənclik və gələcək, həmçinin gənclərin məşğulluğu və sosial-mədəni vəziyyətinin qiymətləndirilməsi vacibdir.
Məlumdur ki, gənclərin təhsil, media və mədəniyyət sahələrində əməkdaşlıq vasitəsilə Türk dünyasına inteqrasiyası ictimai legitimliyin, davamlılığın və mədəni infrastrukturun formalaşdırılması baxımından son dərəcə böyük əhəmiyyət daşıyır.
Burada birlik dedikdə mən bunu nəzərdə tuturam: siyasi və iqtisadi ittifaqlarla yanaşı, onların davamlı bağlara çevrilməsi üçün ciddi güc mərkəzlərinin formalaşdırılması lazımdır.
Türk dünyası təşkilatları çərçivəsində həyata keçirilən ortaq tarix dərsləri, birliyi gücləndirəcək universitetlər və akademik təşəbbüslər əsasında intellektual elita mühitinin formalaşdırılması prinsipi üzərində düşünməliyik.
Agentliklər dedikdə, sosial mediada birlik mesajlarının fəal olduğu institusional platformaları nəzərdə tuturam. Bu sahələrdə əməkdaşlıq sayəsində gənc nəslin daha fəal şəkildə bir araya gəlməsi mümkündür.
Bundan əlavə, gənclər dağınıq coğrafiyalardakı mikro kimliklərdən daha çox Türk dünyası vətəndaşlığı şüuruna sahib olaraq, institusional inteqrasiyanı nəsillər arasında ötürə biləcək ən mühüm üzvi vasitə rolunu oynayır.
Məsələn, Ortaq Əlifba layihəsinə mən çox böyük dəyər verirəm. Ortaq Əlifba çərçivəsində həyata keçirilən təşəbbüslərin ciddi bir birlik yarada biləcəyini düşünürəm.
-Mövcud qlobal geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin ortaq mövqe nümayiş etdirməsi sizcə nə dərəcədə əhəmiyyətlidir?
-Məlum olduğu kimi, dünya hazırda çoxqütblü dünya nizamına keçid prosesini yaşayır. Hamımız bundan xəbərdarıq.
Burada əsas prinsip Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətlərinin ortaq mövqe nümayiş etdirməsidir. Çünki qarşımızda çox ciddi aktorlar var. Bunlar Rusiya, Çin və Amerika Birləşmiş Ştatlarıdır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində kollektiv şüurla özünü inkişaf etdirərək institusional quruluşa çevrilə bilsə, bu, təkcə qurulan nəqliyyat təhlükəsizliyini, enerji təminatını və tədarük həcmini qlobal şoklara qarşı qorumaqla kifayətlənməyəcək. Eyni zamanda üzv dövlətlərin suveren hüquqlarını, ərazi bütövlüyünü və müstəqilliyini də qlobal böhran mərkəzləri qarşısında kollektiv çəkindiricilik qalxanı vasitəsilə qoruyacaq.
Bu baxımdan ortaq bəyannamələrin və qəbul edilən qərarların diplomatik çəkisini düzgün təhlil etməyimiz lazımdır.
-Son olaraq, qarşıdakı 5-10 il ərzində Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası ilə bağlı gözləntiləriniz nələrdir?
-Qarşıdakı 5-10 illik dövr çərçivəsində Türk dünyası birliyinə daxil olan dövlətlərin siyasi, iqtisadi və institusional funksionallığı yüksək mərhələyə çatacaq. Nəqliyyat, enerji və digər alt sektorlar üzrə əməkdaşlıq siyasi müstəvidə daha yüksək səviyyəli institusional birlik xarakterli inteqrasiyanı ön plana çıxaracaq.
Orta müddətli perspektivdə bunu qiymətləndirdikdə, Türk İnvestisiya Fondunun tam şəkildə fəaliyyətə başlaması lazımdır. Eyni zamanda ortaq gömrük zonalarının yaradılması vacibdir ki, həm ticarətdə, həm də milli dövriyyə şəbəkəsində bazarın xarici asılılığının qarşısı ciddi şəkildə alına bilsin.
Bu çərçivədə vahid Türk iqtisadi məkanı formalaşdırılmalıdır. Nəqliyyat xətləri, Orta Dəhlizin rəqəmsal gömrük inteqrasiyası, bazar keçidlərinin standartlaşdırılması kimi addımlar qlobal logistika bazarında payımızı artıracaq.
Siyasi müstəvidə isə təşkilat daxilində ixtisaslı çoxluq prinsipi ilə qərar qəbul etmə mexanizmləri işə salınmalıdır.
Bundan əlavə, xarici siyasəti Türk Dövlətləri Təşkilatına üzv bütün dövlətlər koordinasiyalı şəkildə formalaşdırmalıdır.
Bu prosesdə zəif əməkdaşlıq siyasətindən deyil, daha sıx bağlı əməkdaşlıq modelindən çıxış edilməlidir. Xüsusilə böyük və qlobal böhranlar zamanı vahid səslə reaksiya verə biləcək mövqedə olmalıyıq.
Əsas təklifim ortaq Türk bazarının və Gömrük Birliyi modelinin yaradılması olardı. Hesab edirəm ki, bu, qarşıdakı prosesi ən az itki ilə keçməyin əsas dinamikalarından biri olacaq.