- "İnşallah, çoxqütblü dünyaya doğru getdikcə Azərbaycan Türk Dövlətləri Təşkilatının mərkəzində yer almaqla bunu ortaya qoya biləcək"
Azərbaycanın xarici siyasətində Türk dünyası ilə münasibətlər son illərdə diqqət çəkən istiqamətlərdən biri kimi önə çıxır. Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti, üzv və müşahidəçi ölkələrlə əlaqələri, həmçinin Türk dünyasının digər platformaları ilə əməkdaşlığı bu istiqamətin müxtəlif müstəvilərdə inkişaf etdiyini göstərir. Bu proses Azərbaycanın regional mövqeyi, nəqliyyat və iqtisadi əlaqələri, eləcə də tarixi-mədəni bağları kontekstində də müzakirə olunur. Türk dünyasının gələcək inkişaf perspektivləri və Azərbaycanın bu prosesdəki rolu isə siyasi və akademik dairələrdə fərqli aspektlərdən qiymətləndirilir.
AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a bildirib ki, Azərbaycanın həm xarici, həm də daxili siyasətində türklük və Türk dünyası məsələsi ön plana çıxmaqdadır:
"Bu xarici siyasət daxili siyasətdən qaynaqlanır. Çünki Azərbaycanın tarixinə, keçmişinə və bu gününə baxdıqda, onu türklüksüz və Türk dünyasız görmək mümkün deyil.
Ona görə də Azərbaycanın daxili və xarici siyasətinin bütövlüyü türklük və Türk dünyasıdır. Bu baxımdan, vaxtilə bir çox böyüklərimizin səsləndirdiyi türklük ideyaları ilə bağlı fikirlərin ən gözəl davamı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Türk dünyası bizim ailəmizdir” fikridir.
Bizim ailəmiz Türk dünyasıdır. Bu deviz, əslində, tarixdən gələn fikirlərin, düşüncələrin və ideyaların ən bariz nümunəsidir. Əslində, keçmişdəki böyüklüyümüzün, böyük türk dövlətlərinin yenidən ifadəsidir. Bu anlamda Azərbaycanın Türk Dövlətləri Təşkilatında ön planda olması da təsadüfi deyil. Çünki tarixən də Azərbaycanda ən böyük türk dövlətləri mövcud olub".
Tarixçi qeyd edib ki, Azərbaycan ərazisində istər Midiya, istər Xəzərlər, istər Səlcuqlar, istər Səfəvilər və digər dövrlərə baxdıqda, Azərbaycanda böyük türk dövlətlərinin mövcud olduğunu görürük:
"Bu baxımdan, bu gün Azərbaycan Respublikası həmin siyasəti davam etdirir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, hətta yarımmüstəqil türk dövlətləri ilə də əməkdaşlığı bunun bariz nümunəsidir. Tatarıstan, Başqırdıstan və digərləri də bura daxildir.
Türk Dövlətləri Təşkilatı bir bütövlükdür. Azərbaycan da Türk Dövlətləri Təşkilatının əsas siması, əsas öncül dövlətidir. Türk Dövlətləri Təşkilatının yaranması və inkişafında Azərbaycan həmişə ön planda olub və bu gün də ön plandadır.
Xüsusilə də Azərbaycan Türküstana açılan böyük bir qapıdır, dünyadır. Bu baxımdan, bir tərəfdən Qafqaz, digər tərəfdən Türküstan, yəni indiki halda biz Özbəkistan, Qazaxıstan, Türkmənistanı, eyni zamanda Əfqanıstandakı, Çindəki türkləri və digər bölgələrdəki türk xalqlarını nəzərdə tuturuq".
Dosent vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında mərkəzi yerdə dayanır, Türk Dövlətləri Təşkilatının nəinki regionda, dünyada əsas gücə çevrilməsi üçün çox mühüm rol oynayır:
"Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı və ortaya qoyduğu siyasət burada həlledici rol oynayır.
Digər türk dövlətlərinin də Türk Dövlətləri Təşkilatında yer almasında Azərbaycanın müstəsna rolu vardır və bu birlik genişlənir.
Macarıstan xristian olmasına baxmayaraq, bu birlikdə yer ala bilir. Eyni zamanda, Moldovadakı Qaqauziya, Ukraynanın da bu və digər şəkildə özünü Türk dünyasının bir parçası hesab etməsinə yönəlik elementlər var. Pakistanın da bu istiqamətdə elementləri mövcuddur.
Türk Dövlətləri Təşkilatının doğrudan da ciddi bir gücə çevrilməsi prosesi başlayıb. İnşallah, çoxqütblü dünyaya doğru getdikcə Azərbaycan Türk Dövlətləri Təşkilatının mərkəzində yer almaqla bunu ortaya qoya biləcək".