Türk dünyasının Ermənistana qapı açması maraqlara zidd deyil - Ömər Faruk Karaman

  • Qarşıdakı dövrün əsas sualı Ermənistanın dəyişən Cənubi Qafqaz reallığına nə dərəcədə uyğunlaşacağıdır

Cənubi Qafqazda son illərdə baş verən siyasi və geosiyasi dəyişikliklər region ölkələri arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün fərqli imkanlar yaradıb. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxması, regional nəqliyyat və iqtisadi əlaqələrin inkişaf perspektivləri, eləcə də Türk dövlətlərinin bölgə ilə bağlı yanaşmaları bu prosesin əsas istiqamətlərindəndir.

Bu kontekstdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Nikol Paşinyanı yenidən Ermənistanın Baş naziri seçilməsi münasibətilə təbrik etməsi və Türkmənistanın Ermənistanla münasibətləri dərinləşdirmək niyyətini ifadə etməsi də diqqət çəkir. Belə bir mesaj regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda Türk dövlətlərinin Ermənistanla münasibətlərinə dair müzakirələri aktuallaşdırır.

Çanaqqala On Səkkiz Mart Universitetinin akademik heyyət üzvü, siyasi elmlər üzrə mütəxəssis Dr. Ömər Faruk Karaman Sherg.az-a Ermənistanın türk dövlətləri ilə yaxınlaşmasından danışıb: 

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu mesajını Türk dövlətlərinin Ermənistana münasibətdə strateji istiqamət dəyişikliyi kimi deyil, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallığın təbii nəticəsi kimi qiymətləndirmək lazımdır.

Burada, əsas mühüm məqam budur: Bu gün Ermənistan ilə Türk dövlətləri arasında təmasların artmasını mümkün edən şərtlər böyük ölçüdə Azərbaycanın son illərdə dəyişdirdiyi regional güc balansı sayəsində ortaya çıxıb. Qarabağ məsələsinin uzun illər ərzində həll olunmamış qalması yalnız Azərbaycan-Ermənistan münasibətlərini deyil, Türkiyə-Ermənistan münasibətlərini və daha geniş mənada Türk dünyasının Ermənistana yanaşmasını da məhdudlaşdırırdı. 2020-ci ildən və xüsusilə Azərbaycanın 2023-cü ildə öz ölkəsinin bütün ərazisində suverenliyini yenidən bərpa etməsindən sonra regionda yeni dövr başladı. Artıq əsas məsələ keçmişdəki status-kvonun qorunması deyil, müharibədən sonra necə bir regional nizamın qurulacağıdır".

Mütəxəssis bu səbəbdən Türk dövlətləri ilə Ermənistan arasındakı yaxınlaşmanın Azərbaycanın maraqlarına zidd inkişaf kimi oxumağın doğru olmadığını bildirib: 

"Doğru şərtlər altında bu proses Azərbaycanın müharibədən sonra ortaya qoyduğu regional vizyonun diplomatik tamamlayıcısı ola bilər.

Tarixi baxımdan yanaşdıqda da Cənubi Qafqaz heç vaxt bir-birindən tamamilə təcrid olunmuş siyasi və iqtisadi məkanlardan ibarət olmayıb. Qafqaz ilə Anadolu və Mərkəzi Asiya arasındakı ticarət yolları, şəhərlər və cəmiyyətlər əsrlər boyu bir-biri ilə təmasda olub. Sovet İttifaqı dövründə də Cənubi Qafqaz iqtisadi və nəqliyyat baxımından inteqrasiya olunmuş coğrafiya idi. 1990-cı illərin münaqişələri bu əlaqələri böyük ölçüdə qopardı. Buna görə də bu gün müzakirə olunan nəqliyyat xətlərinin və iqtisadi münasibətlərin yenidən qurulması, bir növ, otuz ildən artıq müddətdə parçalanmış regional coğrafiyanın yenidən bir-birinə bağlanması deməkdir.

Burada Türkmənistanın mövqeyini də öz xarici siyasət ənənəsi çərçivəsində qiymətləndirmək lazımdır. Türkmənistan daimi neytrallıq siyasətini qəbul edən və müxtəlif siyasi bloklarla balanslı münasibətlər qurmağa çalışan dövlətdir. Buna görə də Aşqabadın İrəvanla münasibətləri inkişaf etdirmək istəməsi Türk dünyası daxilində həmrəylikdən uzaqlaşması anlamına gəlmir. Türk dövlətlərinin getdikcə güclənən əməkdaşlığı bu ölkələrin üçüncü dövlətlərlə diplomatik və ya iqtisadi münasibətlər qurmasına mane olan qapalı blok məntiqinə əsaslanmır. Əksinə, Türk dünyasının institusional potensialı gücləndikcə ətrafındakı ölkələrlə münasibətlər qurmaq qabiliyyəti də artır".

Siyasi elmlər üzrə doktor bu vəziyyətin Bakı və Ankara üçün itki deyil, əksinə, yeni strateji imkan yarada biləcəyini deyib:

"Hətta məsələyə daha geniş strateji perspektivdən yanaşdıqda maraqlı bir nəticə ortaya çıxır: Ermənistanın Türk dünyası ilə iqtisadi və siyasi təmaslarının artması uzunmüddətli perspektivdə Ermənistanın regional təcridini azaldarkən, eyni zamanda onu Türk dünyasının yaratdığı iqtisadi və nəqliyyat coğrafiyasına daha çox bağlaya bilər. Bu vəziyyət düzgün idarə edildiyi təqdirdə Bakı və Ankara üçün itki deyil, əksinə, yeni strateji imkan ola bilər.

Çünki Azərbaycanın əsas məqsədlərindən biri Cənubi Qafqazın münaqişə coğrafiyasından nəqliyyat, enerji və ticarət coğrafiyasına çevrilməsidir. Azərbaycan ilə Naxçıvan arasındakı əlaqələrin gücləndirilməsi və Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə marşrutunun inkişaf etdirilməsi yalnız Azərbaycan baxımından deyil, bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Ermənistanın da bu yeni regional iqtisadi nizama konstruktiv şəkildə qoşulması sülhün deyil, müharibənin dəyərini yüksəldəcək.

Burada, əlbəttə, yaxınlaşmanın şərtsiz olmadığı da vurğulanmalıdır. Davamlı normallaşmanın əsası dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini mübahisəsiz şəkildə tanımasıdır. Azərbaycan ilə Ermənistan arasında 2025-ci ilin avqustunda Vaşinqtonda ortaya qoyulan çərçivə də mahiyyət etibarilə bu yeni dövrün siyasi əsasını təşkil edir. Bundan sonrakı mərhələdə Ermənistanın sülh prosesini geri dönməz edəcək hüquqi və siyasi addımlar atması vacibdir.

Bu nöqtədə Paşinyan administrasiyasının son illərdə yürütdüyü siyasəti də realist şəkildə oxumaq lazımdır. Ermənistan getdikcə coğrafiyanın dəyişdirilə bilməyəcəyini və iqtisadi inkişafın qonşularla davamlı münaqişə şəraitində davam etdirilə bilməyəcəyini görür. Türkiyə və Azərbaycanla normallaşma axtarışı bir tərəfdən bu geosiyasi məcburiyyətin nəticəsidir".

Ö.F.Karaman Buna görə də Türk dövlətləri ilə Ermənistan arasında təmasların artmasının Türk dünyası baxımından zəifləmə göstəricisi olmadığını söyləyib:

"Ermənistanla təmasları Türk dünyasının mərkəzində olduğu yeni regional nizamın genişlənməsi kimi qiymətləndirməyi daha doğru hesab edirəm.

1990-cı illərdə Türk dünyasının əhəmiyyətli bir hissəsi yeni müstəqilliyini əldə etmiş, iqtisadi və institusional potensialı məhdud dövlətlərdən ibarət idi. Bu gün isə Azərbaycanın Cənubi Qafqazdakı çəkisinin artdığı, Türkiyənin regional təsirinin gücləndiyi, Mərkəzi Asiyanın Türk respublikalarının daha müstəqil və çoxşaxəli xarici siyasət yürütdüyü və Türk Dövlətləri Təşkilatının getdikcə daha görünən olduğu fərqli bir dövrdən danışırıq.

Belə bir mühitdə güclü Türk dünyasının ətrafındakı dövlətlərlə münasibət qurmaqdan çəkinməsinə ehtiyac yoxdur. Əsas strateji uğur qonşuları kənarlaşdırmaq deyil, onların davranışlarını sülh, qarşılıqlı asılılıq və regional əməkdaşlıq istiqamətində dəyişdirə biləcək cazibə mərkəzi formalaşdıra bilməkdir.

Bu səbəbdən Türkmənistanın Ermənistanla münasibətləri inkişaf etdirmək iradəsini daha geniş çərçivədə qiymətləndirmək lazımdır".

Ekspert vurğulayıb ki, əgər Ermənistan bundan sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini mübahisəsiz şəkildə əsas götürən sülh xəttini davam etdirər, regional nəqliyyat xətlərinin açılmasına töhfə verər və revizionist siyasətlərdən qəti şəkildə uzaqlaşarsa, Türk dövlətləri ilə inkişaf etdirəcəyi münasibətlər Türk dünyası üçün təhlükə yaratmaz:

"Əksinə, Ermənistanın münaqişə xəttindən çıxaraq Türk dünyasının mərkəzində olduğu iqtisadi və geosiyasi əməkdaşlıq hövzəsinə daxil olması Azərbaycanın son illərdə əldə etdiyi hərbi və diplomatik nailiyyətlərin regional sülh nizamına çevrilməsi anlamına gələ bilər.

Qarşıdakı dövrün əsas sualı Türk dövlətlərinin Ermənistanla münasibət qurub-qurmayacağı deyil. Əsas sual Ermənistanın dəyişən Cənubi Qafqaz reallığına nə dərəcədə uyğunlaşacağıdır. Eyni zamanda Türk dünyasının getdikcə güclənən iqtisadi, nəqliyyat və siyasi arxitekturasında konstruktiv qonşu kimi yer ala bilib-bilməyəcəyidir".