- İlham Əliyevin ortaya qoyduğu birlik düşüncəsini yalnız mədəni həmrəylik kimi qiymətləndirmək olmaz. Burada getdikcə formalaşan geosiyasi həmrəylik anlayışından söhbət gedir
- " Türk dünyasının güclənməsi Qafqazın sabitliyinə, Qafqazın sabitliyi isə Türk dünyasının şərq-qərb bağlantısının güclənməsinə xidmət edəcək"
Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə Türk dünyası, Cənubi Qafqaz və regionda sülh və əməkdaşlığın əhəmiyyəti ilə bağlı mühüm mesajlar səsləndirilib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Türk dünyasının ayrılmaz hissəsi kimi regional proseslərdə oynadığı rol, eyni zamanda Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı əməkdaşlığın təmin olunmasının vacibliyi diqqətə çatdırılıb.
Dövlət başçısının mesajları Azərbaycanın son illərdə həyata keçirdiyi regional siyasətin əsas istiqamətləri baxımından da diqqət çəkir. Bakı bir tərəfdən Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını prioritet kimi müəyyənləşdirir, digər tərəfdən Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələrin dərinləşdirilməsində fəal rol oynayır.
Azərbaycanın coğrafi mövqeyi isə Türk dünyası ilə Cənubi Qafqazı bir-birinə bağlayan mühüm strateji imkan yaradır. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən nəqliyyat bağlantılarının genişləndirilməsi və Türk dövlətləri arasında artan əməkdaşlıq fonunda Azərbaycanın bu proseslərdəki rolu daha da artır.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb:
"Prezident İlham Əliyevin bugünkü açıqlamalarını yalnız cari proseslərə yönəlmiş qiymətləndirmə kimi deyil, Azərbaycanın qarşıdakı dövrdə həyata keçirəcəyi regional və qlobal baxışın mühüm ifadəsi kimi qiymətləndirmək lazımdır. Əliyevin Türk dünyasının və Qafqazın sülh şəraitində saxlanılmasına dair çağırışı Azərbaycanın iki mühüm geosiyasi kimliyini eyni strateji müstəvidə bir araya gətirir.
Azərbaycan tarixi, dili, mədəniyyəti və dövlət kimliyi etibarilə Türk dünyasının ayrılmaz hissəsidir. Eyni zamanda, coğrafi mövqeyi, siyasi çəkisi və regional əlaqələri baxımından Qafqazın da mərkəzi ölkələrindən biridir. Buna görə də Azərbaycanın gücü bu iki kimlikdən birini seçməsində deyil, Türk dünyası ilə Qafqazı bir-birinə bağlaya bilməsindədir".
Analitik bildirib ki, bu gün Orta Asiyadan Anadoluya qədər uzanan Türk dünyasının daha güclü siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik əlaqələri qurmağa yönəldiyi müşahidə olunur:
"Bu mənzərədə Azərbaycan Xəzərin şərqində yerləşən türk dövlətləri ilə Türkiyə arasında strateji əlaqə nöqtəsidir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, regional əməkdaşlığın və yeni nəqliyyat dəhlizlərinin formalaşmasında da həlledici aktorlardan biridir.
Bu səbəbdən Əliyevin ortaya qoyduğu birlik düşüncəsini yalnız mədəni həmrəylik kimi qiymətləndirmək olmaz. Burada getdikcə formalaşan geosiyasi həmrəylik anlayışından söhbət gedir. Türk dünyasının güclənməsi Qafqazın sabitliyinə, Qafqazın sabitliyi isə Türk dünyasının şərq-qərb bağlantısının güclənməsinə xidmət edəcək".
Mütəxəssis vurğulayıb ki, Azərbaycan Türk dünyası ilə Qafqaz arasında seçim edən deyil, bu iki geosiyasi məkanı bir-birinə bağlayan mərkəzi ölkə mövqeyindədir:
"Azərbaycanın gələcəkdə ən mühüm strateji rollarından biri məhz burada ortaya çıxır. Bu baxımdan Azərbaycanın güclənməsi yalnız Azərbaycanın deyil, Türk dünyasının və Cənubi Qafqazın da strateji potensialının güclənməsi demək olacaq".