Türkiyə-Azərbaycan münasibətləri güclü zəmin üzərində qurulub - Ömər Faruk Karaman

  • “Bir neçə anonim hesab iki cəmiyyətin adından danışa bilməz” 

Türkiyə-Azərbaycan münasibətləri uzun illər ərzində siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son dövrdə isə iki ölkə arasındakı münasibətlər sosial mediada yayılan müxtəlif fikirlər, liderlərin açıqlamalarına dair şərhlər və ayrı-ayrı video görüntülər üzərindən də müzakirə olunur. Belə bir şəraitdə münasibətlərin real vəziyyətini yalnız sosial media müzakirələri əsasında deyil, mövcud siyasi və iqtisadi əlaqələr, qarşılıqlı əməkdaşlıq və institusional çərçivə əsasında qiymətləndirmək önəmlidir. 

Çanaqqala On Səkkiz Mart Universitetinin akademik heyyət üzvü, siyasi elmlər üzrə mütəxəssis Dr. Ömər Faruk Karaman Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı mənzərəsi ilə bağlı Sherg.az-la həmsöhbət olub:

-Türkiyə-Azərbaycan münasibətlərinin cari vəziyyətini sosial mediada aparılan müzakirələr və kəsilmiş video parçaları üzərindən qiymətləndirmək nə dərəcədə doğrudur?

-Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri sosial mediada bir neçə gün ərzində paylaşılan fikirlər, kəsilmiş video parçaları və ya liderlərin açıqlamalarına yüklənən qarşılıqlı mənalar üzərindən qiymətləndirmək, iki ölkə arasında otuz ildən artıq müddətdə formalaşdırılmış strukturu gözdən qaçırmaq deməkdir.

Son dövrdə liderlərin bəzi ifadələrinin bir-birinə yönəlmiş mesajlar olduğu barədə şərhlər əsasında sosial mediada aparılan müzakirələrə də bu aspektdən yanaşmaq lazımdır. Siyasətdə hər sözün, əlbəttə, öz konteksti var. Dövlətlərarası münasibətlərdə istifadə olunan dil mühüm əhəmiyyət daşıyır. Lakin bir açıqlamanın hansı kontekstdə səsləndirildiyi, diplomatik kanallarda necə qarşılandığı və iki ölkənin faktiki siyasətinə əks olunub-olunmadığı məlum olmadan edilən qəti nəticələr sağlam xarici siyasət təhlilindən daha çox sosial media psixologiyasının məhsulu olmaq riski daşıyır.

Üstəlik, sosial media nüansları deyil, qarşıdurmanı mükafatlandıran bir quruluşa malikdir. Ən sərt şərh daha çox görünürlük qazanır, ən kəskin başlıq daha çox paylaşılır. Belə bir mühitdə Türkiyədəki bəzi hesabların Azərbaycana, Azərbaycandakı bəzi hesabların isə Türkiyəyə qarşı istifadə etdiyi təhrikedici dilin iki dövlətin real siyasətinin və ya iki cəmiyyətin ümumi düşüncəsinin təmsilçisi hesab edilməsi ciddi səhv olar.

Ayrı-ayrı açıqlamalardan böyük dövlət böhranları çıxarmağa çalışan şərhlərə qarşı ehtiyatlı olmaq bu səbəbdən vacibdir. Bunun həqiqətən təşkilatlanmış fəaliyyət olub-olmadığı ayrıca sübut edilməli məsələdir. Lakin bir məqam dəqiqdir: Türkiyə-Azərbaycan münasibətlərini qarşılıqlı etimadsızlıq müstəvisinə çəkmək istəyən provokativ ritorikanın güclənməsi iki ölkənin də maraqlarına xidmət etmir.

-İki ölkə arasındakı müttəfiqlik münasibətlərinin tarixi və institusional çərçivəsi necə formalaşıb?

-Türkiyə-Azərbaycan münasibətləri bu günkü səviyyəsinə asanlıqla gəlib çatmayıb.

Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət olub. Diplomatik münasibətlər isə 14 yanvar 1992-ci ildə qurulub. 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılıb. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə münasibətləri rəsmi olaraq “müttəfiqlik” səviyyəsinə yüksəldib.

Bu xronologiya əhəmiyyətlidir. Çünki bu gün müzakirə olunan münasibətlər yalnız iki lider arasındakı şəxsi yaxınlıqdan və ya dövri siyasi seçimlərdən ibarət deyil. Bunun arxasında sazişlər, institutlar, ortaq iqtisadi maraqlar, enerji xətləri, ticarət, investisiyalar, təhlükəsizlik əməkdaşlığı və cəmiyyətlərarası intensiv əlaqələr dayanır.

Şuşa Bəyannaməsi də yalnız simvolik qardaşlıq sənədi deyil. Sənəddə xarici siyasətdən müdafiəyə, ticarət və investisiyalardan enerjiyə, nəqliyyatdan təhsilə, mədəniyyətdən gənclər siyasətinə qədər çox geniş əməkdaşlıq platforması müəyyənləşdirilib. Bəyannamə eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərini iki hökumətin dövri seçimlərindən kənara çıxaran institusional çərçivə yaradıb.

Bu səbəbdən bu gün “bir söz deyildi, digər tərəf cavab verdi” formasında sosial media yozumları aparılarkən qarşıdakı mənzərənin miqyasını düzgün görmək lazımdır.

-Tərəflər arasındakı iqtisadi göstəricilər və qarşılıqlı investisiyalar barədə rəqəmlər nə deyir?

-Emosional ifadələri bir kənara qoyduqda belə, iqtisadi göstəricilər iki ölkənin bir-birinə nə dərəcədə bağlandığını açıq şəkildə göstərir.

Türkiyə Ticarət Nazirliyinin məlumatlarına görə, Türkiyə ilə Azərbaycanın 2025-ci ildə ticarət dövriyyəsi təxminən 4,3 milyard dollar səviyyəsində olub. Türkiyənin Bakıdakı səfirliyinin daha geniş hesablamasında isə 2025-ci ilin sonunda ikitərəfli ticarət dövriyyəsi təxminən 6 milyard dollar səviyyəsində göstərilir. Məlumat dəstləri arasındakı metodoloji fərqlər səbəbindən rəqəmlər dəyişə bilsə də, tendensiya aydındır: iqtisadi əlaqələr milyardlarla dollar həddinə çatıb. İki ölkə liderlərinin müəyyən etdiyi uzunmüddətli hədəf isə 15 milyard dollarlıq ticarət dövriyyəsidir. 2025-ci ilin dekabrında imzalanan 110 maddəlik Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının Fəaliyyət Planı da bu hədəf istiqamətində ticarət, sənaye, investisiya, nəqliyyat, enerji, təhsil və səhiyyə kimi sahələrdə yeni addımlar nəzərdə tutur.

Azərbaycanın öz statistikası da Türkiyənin əhəmiyyətini təsdiqləyir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkənin ümumi xarici ticarətinin 11,6 faizi Türkiyə ilə həyata keçirilib. Bu göstərici Türkiyəni Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olaraq saxlayır.

İnvestisiya sahəsindəki rəqəmlər isə daha diqqətçəkəndir.

2025-ci ilin sonunda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda açıqlanan məlumatlara görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyalar 20 milyard dolları, Türkiyənin Azərbaycandakı investisiyaları isə 18 milyard dolları ötüb.

Bunun ən görünən nümunələrindən biri SOCAR-dır. Şirkətin 2025-ci il məlumatlarına görə, onun Türkiyədəki ümumi investisiyaları 18,6 milyard dolları keçib. “Petkim”dən “STAR” Neft Emalı Zavoduna, TANAP-dan SOCAR Terminalı və saxlama investisiyalarına qədər uzanan bu struktur artıq yalnız Azərbaycanın bir investisiyasından deyil, Türkiyənin sənaye və enerji infrastrukturunun mühüm elementlərindən birindən danışmağımızı tələb edir.

Bunlar bir neçə sosial media paylaşımı ilə ortadan qalxa biləcək əlaqələr deyil.

-Enerji layihələri iki ölkənin strateji tərəfdaşlığında necə bir rol oynayır?

-Enerji damarları iki ölkəni bir-birinə bağlayır. Türkiyə-Azərbaycan münasibətlərinin bəlkə də ən strateji istiqaməti enerji sahəsində özünü göstərir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP yalnız iqtisadi layihələr deyil. Bunlar Azərbaycanı Türkiyə üzərindən dünya və Avropa enerji bazarlarına bağlayan, eyni zamanda Türkiyənin enerji təminatının təhlükəsizliyini və tranzit ölkə mövqeyini gücləndirən geosiyasi infrastrukturlardır.

TANAP-ın ilkin ötürmə gücü illik 16 milyard kubmetr olaraq planlaşdırılıb. İnfrastrukturun gücünün mərhələli şəkildə 24 və daha sonra 31 milyard kubmetrə qədər artırılmasına imkan verən struktur yaradılıb. Xəttin 30 faizi BOTAŞ-a məxsusdur. Əsas səhmdar isə Azərbaycan tərəfinin öncüllük etdiyi Cənub Qaz Dəhlizi strukturudur.

Başqa sözlə, iki ölkənin münasibətləri yalnız diplomatik görüş salonlarında deyil, Anadolunun yüzlərlə kilometr uzunluğundakı marşrutundan keçən boru kəmərlərində də konkret şəkildə özünü göstərir.

Bu səbəbdən Türkiyə-Azərbaycan münasibətlərində hər hansı inkişafı qiymətləndirərkən yalnız sözlərə deyil, dövlətlərin faktiki olaraq nə etdiyinə baxmaq lazımdır.

-Nəqliyyat infrastrukturu və geoiqtisadi layihələr bu münasibətlərə necə təsir göstərir?

-Eyni reallıq nəqliyyat sahəsində də görünür.

Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz perspektivi Çindən Mərkəzi Asiya və Xəzər üzərindən Türkiyəyə, oradan isə Avropaya uzanan daşımalar şəbəkəsinin ən mühüm halqalarından birinə çevrilir. Şuşa Bəyannaməsi də iki ölkənin Şərq-Qərb nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini birlikdə artırmaq iradəsini açıq şəkildə ortaya qoyur.

Türkiyə şirkətlərinin Azərbaycandakı infrastruktur fəaliyyəti də bu münasibətlərin digər iqtisadi ölçüsünü təşkil edir. Türkiyə Ticarət Nazirliyinin 2025-ci il ölkə hesabatına görə, türk podratçı şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələrin ümumi dəyəri təxminən 12 milyard dollar səviyyəsindədir. Mənzil tikintisindən yollara, içməli su layihələrindən enerji ötürmə xətlərinə qədər geniş fəaliyyət sahəsindən söhbət gedir.

Bu qədər geniş iqtisadi inteqrasiya iki ölkənin bir-birinə münasibətini təbii olaraq strateji xarakterə gətirir.

-Cəmiyyətlərarası təmaslar və insan amili bu strateji bağların harasında dayanır?

-Türkiyə-Azərbaycan münasibətlərini yalnız neft, qaz, ticarət və ya müdafiə ilə izah etmək də natamam yanaşma olar.

İki cəmiyyət arasındakı təmasların miqyasını turizm rəqəmlərində belə görmək mümkündür. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəyə 2 milyon 570 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs daxil olub. Onların 17,7 faizini Türkiyə vətəndaşları təşkil edib. Bu, təxminən 455 min nəfərə bərabərdir və Türkiyəni Azərbaycana ən çox ziyarətçi göndərən ölkələrdən birinə çevirir.

Daha önəmlisi, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri zamanı şəxsiyyət vəsiqəsi ilə keçid imkanı mövcuddur. Şuşa Bəyannaməsində də bu tənzimləmə cəmiyyətlər arasındakı yaxınlığın mühüm göstəricisi kimi xüsusi vurğulanır. Eyni sənəd təhsil, elm, səhiyyə, mədəniyyət, gənclər, idman və sosial siyasət sahələrində davamlı müştərək fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Yəni dövlətlərarası münasibətlər cəmiyyətdən ayrı deyil. Ailə bağları, tələbələr, iş adamları, sənətçilər, akademiklər, turistlər, media nümayəndələri və yüz minlərlə insanın qarşılıqlı səfərləri bu münasibətlərin sosial əsasını davamlı şəkildə yenidən formalaşdırır.

-“Bir millət, iki dövlət” prinsipi cari diplomatik və siyasi reallıqda necə başa düşülməlidir?

-Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi illər ərzində iki ölkə münasibətlərinin ən məşhur ifadəsinə çevrilib. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” yanaşması ilə birlikdə bu iki ifadə Şuşa Bəyannaməsində də iki cəmiyyətin ortaq mənəvi irsinin bir hissəsi kimi qeyd olunub.

Əlbəttə, bu ifadələrin mövcudluğu Türkiyə və Azərbaycanın hər məsələdə eyni düşünməli olduğu anlamına gəlmir.

İki ayrı dövlətin fərqli institutları, iqtisadi prioritetləri, diplomatik ehtiyacları və zaman-zaman fərqlənə biləcək qiymətləndirmələri olacaq. Sağlam müttəfiqlik də heç bir fikir ayrılığının yaşanmaması deyil. Əsas məsələ fikir ayrılıqlarının mövcud strateji münasibətləri zədələmədən idarə edilməsidir.

Türkiyə-Azərbaycan münasibətlərini yetkinləşdirəcək yanaşma da məhz budur.

Hər açıqlamadan sonra “qardaşlıq bitdi”, “ittifaq çatlayır” və ya “liderlər bir-birinə mesaj göndərir” formasında hökmlər vermək əvəzinə dövlətlərin sonrakı addımlarına, rəsmi diplomatik təmaslara və ortaq layihələrin gedişatına baxmaq lazımdır.

-İki ölkə cəmiyyəti və media nümayəndələri sosial medianın yaratdığı bu təfəkkür tələsinə düşməmək üçün necə davranmalıdırlar?

-Bu gün Türkiyə və Azərbaycanın qarşısındakı risklərdən biri iki cəmiyyət arasındakı yüksək emosional yaxınlığın asanlıqla əks istiqamətdə də istifadə edilə bilməsidir.

İnsanların bir-birindən gözləntiləri nə qədər yüksəkdirsə, kiçik bir mübahisənin yaratdığı məyusluq da bir o qədər böyük ola bilər. Sosial media alqoritmləri isə bu emosiyanı sürətlə böyüdər.

Bu səbəbdən həm Ankarada, həm də Bakıda ictimaiyyətin, jurnalistlərin, fikir liderlərinin və xüsusilə siyasi məsələlər barədə şərh verən şəxslərin daha diqqətli dildən istifadə etməsi vacibdir. Bir neçə anonim hesabın, kontekstdən çıxarılmış videonun və ya təsdiqlənməmiş şərhin iki cəmiyyət adından danışmasına imkan verilməməlidir.

Tənqid, əlbəttə, mümkündür. Hər iki ölkənin siyasətləri və liderlərin açıqlamaları müzakirə edilə bilər. Lakin tənqidlə qarşılıqlı etimadsızlıq yaratmaq arasında mühüm fərq var.

Üstəlik, tarix bizə Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə bir neçə il ərzində çatmadığını göstərir. 1991-ci ildə tanınma ilə başlayan yeni mərhələ 1992-ci ildə diplomatik münasibətlərlə, enerji layihələri ilə, 2010-cu ildə strateji əməkdaşlıq mexanizmi ilə və nəhayət, 2021-ci ildə Şuşa Bəyannaməsi ilə mərhələli şəkildə inkişaf edib. Bu gün qarşılıqlı investisiyalar on milyardlarla dollarla, ticarət milyardlarla dollarla, turizm yüz minlərlə insanla, enerji əməkdaşlığı isə qitələri bir-birinə bağlayan infrastrukturla ölçülür.

Belə bir yığımın bir neçə sosial media müzakirəsi ilə yox olması mümkün deyil. Lakin bu, münasibətlərin öz-özünə və heç bir qayğı göstərilmədən əbədi olaraq güclü qalacağı anlamına da gəlmir. Əksinə, böyük qazancların qorunması daha böyük məsuliyyət tələb edir.

-Bəs bu nəhəng strateji kapitalın və tarixi zəminin qorunması üçün tərəflərdən tələb olunan əsas yanaşma nədir?

-Türkiyə və Azərbaycanın bu gün ehtiyac duyduğu şey sosial media üzərindən qarşılıqlı meydan oxumalar yaratmaq deyil, otuz ildən artıq müddətdə formalaşdırılmış etimad kapitalını qoruyacaq təmkin və dövlət ciddiyyətidir. Çünki ortada yalnız diplomatik dostluq yoxdur.

On milyardlarla dollarlıq investisiya, milyardlarla dollarlıq ticarət, enerji təhlükəsizliyi, ortaq nəqliyyat dəhlizləri, müdafiə və xarici siyasət əməkdaşlığı, mədəni yaxınlıq və hər şeydən önəmlisi, bir-birini özünə ən yaxın cəmiyyətlərdən biri hesab edən milyonlarla insan var.

Münasibətlərin real gücü də məhz burada ölçülür: heç bir mübahisənin yaşanmamasında deyil, mübahisələrin illər ərzində qurulmuş strukturu dağıda bilməyəcək qədər güclü bir zəmində idarə edilməsində.

Türkiyə-Azərbaycan münasibətlərinin bu gün malik olduğu zəmin də mahiyyət etibarilə budur.