Türkiyə terrorun “dizini yerə gətirdi”
Ölkə boyu keçirilən əməliyyatlar Qərbə ciddi mesajdır
Türkiyə heç vaxt terrora təslim olmayacaq
Genişmiqyaslı antiterror əməliyyatları da bunun bariz nümunəsidir
Türkiyədə ölkə üzrə böyük antiterror əməliyyatına başlanılıb. Daxili İşlər naziri Ali Yerlikaya deyib ki, bütünlüklə ölkə ərazisini əhatə edən əməliyyata 13 min 440 təhlükəsizlik əməkdaşı cəlb edilib və 466 antiterror əməliyyatı həyata keçirilib. 6 vilayətdə keçirilən əməliyyatlar zamanı çox sayda terror şübhəlisi saxlanılıb: “Bütün Türkiyə ərazisində separatçı terror təşkilatına qarşı başladılan “Qəhrəmanlar” əməliyyatları çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydın vilayətlərində terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər ələ keçirilib. 16 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı 55 terror təşkilatı üzvü saxlanılıb. Əziz xalqımızın bilməsini istəyirəm ki, biz heç bir terrorçuya göz açmağa imkan verməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz olaraq davam etdirəcəyik".
Məlumat üçün deyək ki, Ankara şəhərində terror aktı törədilib. Hadisə Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verib. Terrorçulardan biri özünü partladıb, ikincisi isə zərərsizləşdirilib.
Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb.
Antiterror əməliyyatını "Sherg.az"a dəyərləndirən politoloq Natiq Miri deyib ki, Ankarada baş vermiş terakt göstərdi ki, terroru bəsləyən güclər Türkiyənin mövqeyindən məmnun deyillər. Analitik qeyd edib ki, terrordan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur: "Türkiyə mesajı alıb. Qardaş ölkənin Qarabağda aparılan antiterror əməliyyatına dəstək verməsi, BMT tribunasından Azərbaycanın haqlı olduğunu vurğulamasından tutmuş Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsinə razılıq verməməsi, Yaxın Şərqdəki məsələlər müəyyən dairələri bərk narahat edir. Düşünürəm ki, güc mərkəzinin başında duran, yəni PKK-nin ipini çəkən əsas ABŞ-dir. Başda Amerika olmaqla, Qərb dünyası Azərbaycanın antiterror əməliyyatını narahatlıqla qarşıladı. Çünki bu əməliyyat bölgəyə müdaxilə etmək istəyən gücləri Qarabağ prosesindən kənara atdı. Artıq kənar müdaxilə və beynəlxalq mexanizm müzakirə predmeti belə deyil. Bu da Qərb dünyasının öz günahıdır. Birmənalı Ermənistanı dəstəkləməklə, Azərbaycana təzyiq göstərməklə belə bir vəziyyətin yaranmasına rəvac verdilər. Hazırda Türkiyədə PKK terrorunu aktivləşdirənlər də həmin güclərdir. Məqsəd Ankara hökumətinə mesaj verməkdir. Türkiyə hadisədən dərhal sonra ölkə üzrə genişmiqyaslı antiterror əməliyyatına başladı və şübhəliləri göz altına aldı. Əgər ciddi hazırlıq olmasaydı, iki PKK-lı terrorçu paytaxt Ankaraya qədər gələ bilməzdi. Həm də bu, yeganə terror planı olmaya bilər. Ona görə də yatmış hücrələrin, terrorçu yuvalarının aşkarlanması çox vacibdir. Əməliyyatlar Suriyanın şimalında da aparıla bilər. Türkiyə heç vaxt terrora təslim olan ölkə olmayıb və olmayacaq. Genişmiqyaslı antiterror əməliyyatları da bunun bariz nümunəsidir".