“Türkiyə torpaqlarına yönələn hər hücuma ən sərt cavab veriləcək!” - Hulusi Kılıç "Şərq"ə danışdı

"İranın buna diqqət etməsi lazımdır. Türkiyə NATO-nun ən güclü və ən böyük ordusuna malik ikinci ölkəsidir"

Regionda artan hərbi vəziyyət fonunda Türkiyə rəsmiləri bir sıra diplomatik təmaslar həyata keçirərək mövqelərini açıqlayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb. Danışıq zamanı Türkiyə hava məkanına doğru hərəkət edərkən aşkar edilərək zərərsizləşdirilən ballistik raketlə bağlı etiraz və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı açıqlama verib. O xəbərdarlıq edib ki, Türkiyə ərazisinə və ya hava məkanına qarşı hər hansı düşmənçilik xarakterli hərəkətə cavab verəcək. Prezident həmçinin Ankaranın NATO müttəfiqləri ilə məsləhətləşmələrini davam etdirdiyini qeyd edib.

Sabiq səfir, İMZA İB Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a Türkiyənin ABŞ və İsrailin qonşu İrana yönəlik hücumlarını narahatlıqla izlədiyini söyləyib. O, Türkiyənin hər bir hücumu dəf edə biləcək gücə sahib olduğunu vurğulayıb:

"Hücumlarda həlak olan İran vətəndaşları üçün hüzn keçirir və başsağlığı veririk. İrandan atılaraq İraq və Suriya hava məkanından keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən ballistik raketi Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiə qüvvələri zərərsizləşdirdi. Can itkisi və yaralanan olmadı.

Türkiyə NATO-nun ən güclü və ən böyük ordusuna malik ikinci ölkəsidir. Türk ordusunun nə qədər güclü olduğunu bilməyən yoxdur. Buna görə də Türkiyə, Türk torpaqlarına yönəlmiş hər cür hücuma cavab vermək hüququna və gücünə malikdir. Xaricdən gələn hər cür təhdidə qarşı dayanacaq gücü və qətiyyəti var. Buna görə də Türkiyənin Türk torpaqlarına qarşı düşmən xarakterli hər cür hərəkətə cavab vermək hüququ var. Buna görə İranın buna diqqət etməsi lazımdır. Türkiyə bölgədə hər zaman sülhün və sabitliyin tərəfdarı olub. O, qonşularının ərazi bütövlüyünü dəstəkləyir. İrana yönəlik hücumları bir an öncə dayandırılmasını, atəşkəs elan edilməsini gözləyirik".

Sabiq səfir bölgənin od halqası içərisində olduğunu deyib:

"Yanğının söndürülməsi üçün lazım olan hər cür addım atılmaqdadır. Bu gün həmin sursatın məhv edilməsindən sonra Xarici İşlər Naziri cənab Hakan Fidan İranın Xarici İşlər Naziri Abbas Arakçıya zəng edərək lazımi xəbərdarlıq etdi.

Həmçinin Fidan Türkiyənin Müdafiə Nazirliyinə də lazımi xəbərdarlıqları etdi. Eləcə də prezident Ərdoğan qəti şəkildə mövqeyini bildirdi. O, Türkiyənin gələcək hər cür hücuma ən sərt şəkildə cavab verəcəyini qeyd etdi.

ABŞ və İsrailin İrana qarşı hücumlarının bir an öncə dayandırılmasını, atəşkəs elan edilməsini və diplomatiyaya şans verilməsini gözləyirik. Bu problemin diplomatik yolla həll edilməli olduğuna inanırıq".

Hulusi Kılıç bildirib ki, ölkələr Türk torpaqlarının NATO torpaqları olduğunu unutmamalıdır: 

"Buna görə də müvafiq Türk qurumları digər NATO üzvü ölkələrlə məsləhətləşmələr aparır.

ABŞ və İsrailin beynəlxalq hüququ pozaraq İrana qarşı hücumlarını qətiyyətlə pisləyirik. Məktəb, xəstəxana kimi mülki obyektlərə edilən və günahsız insanların ölümü ilə nəticələnən hücumları insanlığa qarşı cinayət hesab edirik. İranın da digər bölgə ölkələrinin torpaqlarına qarşı etdiyi raket hücumlarına da qarşıyıq".