Hüsamettin İnaç: “Hörmüzə alternativ marşrutlar qurulur, Suriyanın strateji əhəmiyyəti artır”
Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar, regional təhlükəsizlik məsələləri və enerji marşrutları ətrafında formalaşan yeni təşəbbüslər regionun gələcək siyasi mənzərəsini gündəmə gətirir. Suriya, Livan və İraq arasında münasibətlər, silahlı qruplaşmaların gələcək statusu, eləcə də Türkiyə və ABŞ-nin regional strategiyaları bu prosesin əsas istiqamətləri sırasındadır. Bütün bunlar fonunda Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının necə formalaşacağı və yeni geosiyasi düzənin hansı nəticələrə gətirib çıxaracağı müzakirə olunur.
Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a bildirib ki, xüsusilə Livan-Suriya münasibətləri və “Hizbullah”ın Suriya ilə əlaqələri Yaxın Şərqin yenidən formalaşdırılması prosesi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu prosesdə atılan addımlar gələcək regional təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.
Son dövrlərdə ABŞ regionda “Hizbullah”, PKK, YPG və “Haşdi Şabi” kimi proksi qüvvələrin və silahlı qruplaşmaların fəaliyyətinə yanaşmasını dəyişir. Vaşinqton bu qüvvələrin dövlət strukturlarına inteqrasiyası və onların müstəqil silahlı təsir imkanlarının məhdudlaşdırılması xəttini dəstəkləyir.
Bu yanaşmanın arxasında enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi də dayanır. Hörmüz boğazına alternativ quru marşrutlarının yaradılması, Qətər-Türkiyə qaz kəməri layihəsi, Banyas-Kərkük neft xəttinin birləşdirilməsi və Türkiyənin “İnkişaf yolu” layihəsi bu baxımdan diqqət çəkir. Belə layihələrin reallaşması üçün isə Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunması vacibdir. Türkiyənin təşəbbüsləri, o cümlədən Məkkə müdafiə paktı da bu kontekstdə nəzərdən keçirilə bilər.
Mövcud yanaşmaya əsasən, “Hizbullah”ın Livan dövlətinin strukturlarına inteqrasiyası və silahlı fəaliyyətinin məhdudlaşdırılması, eləcə də Suriyada PKK-YPG, İraqda isə “Haşdi Şabi” kimi qüvvələrin dövlət institutları çərçivəsində fəaliyyət göstərməsi gündəmdə olan məsələlərdəndir".
Analitik qeyd edib ki, burada əsas məqsəd həmin qruplaşmaların müstəqil təsir imkanlarını azaltmaq və dövlətlərin təhlükəsizlik sistemini gücləndirməkdir:
"Bu çərçivədə Türkiyə ilə Livan arasında hərbi müdafiə əməkdaşlığı sazişinin imzalanacağı, Türkiyənin Cənubi Livanda mövcudluğunu artıracağı və bunun İsrail ətrafındakı təhlükəsizlik balansına təsir edəcəyi ilə bağlı iddialar da səsləndirilir. Belə bir ssenari “Hizbullah”ın silahsızlaşdırılması məsələsini də gündəmə gətirə bilər.
Lakin bu addımların uzunmüddətli həll yolu olub-olmayacağı mübahisəlidir. Çünki silahlı qruplaşmaların dövlət strukturlarına inteqrasiyası onların fəaliyyətini tamamilə dayandırmaya bilər. Əksinə, bu, mövcudluqlarını qoruyaraq təsir imkanlarının məhdudlaşdırılması ilə nəticələnər. Bu baxımdan sözügedən yanaşmanı daha çox müvəqqəti və ya palliativ həll kimi qiymətləndirmək mümkündür.
Hazırkı mərhələdə Türkiyənin də bu yanaşmanı dəstəklədiyi görünür. Bununla belə, prosesin yekun nəticəsini əvvəlcədən müəyyənləşdirmək mümkün deyil".
Politoloqun fikrinə görə Suriya regional güc balansında yeni mövqeyə yiyələnməyə çalışır:
"Bu prosesdə Türkiyə və ABŞ-nin bəzi strateji maraqlarının üst-üstə düşməsi də rol oynayır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər fonunda Suriyanın Şərqi Aralıq dənizindəki Latakiya və Tartus limanlarının enerji daşımaları baxımından əhəmiyyəti artar.
Banyas və Kərkük neftinin daşınması ilə bağlı layihələrin reallaşması Suriyanın tranzit imkanlarını genişləndirər. Beləliklə, ölkə Hörmüz boğazından asılılığı azaltmağa yönələn alternativ enerji marşrutlarının mühüm halqasına çevrilər.
Bu məqsədlə Suriyanın təhlükəsizlik sisteminin gücləndirilməsi və ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların təsirinin azaldılması istiqamətində addımlar atılır. Eyni zamanda İranın və onun regiondakı müttəfiq qüvvələrinin təsir dairəsinin məhdudlaşdırılması da bu strategiyanın tərkib hissəsi kimi nəzərdən keçirilir.
Türkiyənin əsas hədəflərindən biri PKK-YPG-nin və İranın dəstəklədiyi silahlı qüvvələrin təsirini minimuma endirməkdir. Lakin mövcud geosiyasi şəraitdə bu məqsədə tam şəkildə nail olmaq çətin görünür".
Müsahibimiz vurğulayıb ki, bu səbəbdən Ankara İranın regiondakı nüfuzunu zəiflədə biləcək və Suriyanın təhlükəsizlik imkanlarını artıracaq təşəbbüslərə dəstək verir:
"Prosesin koordinasiyasında ABŞ-nin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrakın da iştirak etdiyi bildirilir. Türkiyə isə bu təşəbbüslərdə fəal rol oynamağa çalışır.
Nəticə etibarilə, mövcud addımlar Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin olunması, enerji marşrutlarının şaxələndirilməsi və İranın regional təsirinin məhdudlaşdırılması baxımından əhəmiyyət daşıyır. Bununla belə, silahlı qruplaşmaların dövlət strukturlarına inteqrasiyası və regional güc balansının dəyişməsi ilə bağlı proseslərin uzunmüddətli nəticələri hələ də açıq qalır".