Türkiyənin qəti mövqeyi ortadadır

ABŞ Azərbaycan-Ermənistan arasında normallaşma prosesini istəsə də poza bilməyəcək

  Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib. Bildirilib ki, Entoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib. Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər. Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar. 

Politoloq Azər Niftiyev “Sherg.az”a açıqlamasında bildirib ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub: “44 günlük Vətən müharibəsində Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edib. Bununla da Qarabağ münaqişəsi bitib. Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Düzdür, Ermənistan tərəfi, onun hamiləri, regionda sabitliyin pozulmasında bilavasitə maraqlı olan Fransa, Rusiya və digər ölkələr süni yolla münqaqişənin ömrünü uzatmağa çalışırlar. ATƏT-in Minsk Qrupu kimi ölü qurumları diriltməyə cəhdlər edilir. Lakin gedişat onu deməyə əsas verir ki, onlar öz niyyətini həyata keçirə bilməyəcəklər. Qarşıdakı dövrdə sülhyaratma prosesi, Zəngəzur dəhlizinin açılması və digər istiqamətlərdə əhəmiyyətli dönüş gözlənilir. Artıq beynəlxalq birlik də anlamağa başlayır ki, süni yolla münaqişənin ömrünü uzatmaq cəhdləri nəticəsizdir və tarixi Zəfərin  regiona gətirdiyi reallıqla barışmaq məcburiyyətində qalacaqlar”.
  
Analitikin sözlərinə görə, Türkiyənin yeni hökuməti də Azərbaycanın yanında duracaq: “Diplomatik siyasətdə bundan sonra da eyni cəbhədən çıxış ediləcək. Heç şübhəsiz, bu qələbənin əldə olunmasında Türkiyənin misilsiz xidməti olub. Türkiyə ilə Azərbaycan, eləcə də türk dövlətləri arasında əməkdaşlıq dərinləşib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son prezident və parlament seçkilərində Türkiyə tarixi siyasi sınaqdan üzüağ çıxdı. Türkiyə seçiciləri yenidən Rəcəb Tayyib Ərdoğana və komandasına etimad göstərərək, Türkiyənin  müstəqil gələcəyinə səs verdilər. Türkiyə hökumətinin tərkibində baş verən dəyişikliklər qardaş ölkənin xarici siyasətinə ciddi təsir göstərməyəcək. Əksinə, ikitərəfli münasibətlər daha da inkişaf edəcək. Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın ölkəmizə münasibəti hər zaman isti olub. O, “Milli İstihbarat Təşkilatı”na rəhbərlik etdiyi dövrdə dəfələrlə Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb. Milli müdafiə naziri Yaşar Gülər və digər nazirlər haqqında da analoji fikirlər söyləmək olar”. 
  
A.Niftiyev vurğulayıb ki, ABŞ Azərbaycan-Ermənistan arasında normallaşma prosesini istəsə də poza bilməyəcək: “Türkiyənin bununla bağlı qəti mövqeyi ortadadır. Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinken arasında görüş zamanı da qəti mövqe nümayiş olunacaq. Ümumilikdə isə Azərbaycan-Ermənistan münaqişəsi baxımından üstünlük Azərbaycanın tərəfindədir və bu reallığı dəyişmək artıq mümkün deyil”.