Ufuk Taşçı: “Dünya nizamı 21-ci əsrdə böhran içindədir”

Regional münaqişələr supergüclərin oyun meydanı oldu, ABŞ və Çinin hərəkətləri izlənilir

XXI əsrdə dünya sürətlə dəyişir. Keçmişdən bu günə qədər həll olunmamış sistemli problemlər və yeni çağırışlar, ölkələr arasında güc balanslarını, siyasi prioritetləri, iqtisadi münasibətləri təkrar nəzərdən keçirməyə məcbur edir.

Bir tərəfdə ABŞ və İsrailin İranla münaqişəsi, digər tərəfdə isə 4 ildir bitmək bilməyən Rusiya-Ukrayna savaşı...Kimin qalib, kimin məğlub olacağını zaman müəyyənləşdirəcək. Lakin, görünən odur ki, 21-ci yüz illik yalnız texnoloji və iqtisadi dəyişiklikləri deyil, həm də siyasi və sosial dinamikanın köklü yenidən qurulmasını tələb edir.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə ekspert Dr.Ufuk Necat Taşçı Sherg.az-a hazırki supergüclərin dünya nizamına təsirindən danışıb:

"Dünya ciddi dəyişiklik prosesi içindədir. 21-ci əsrin gətirdiyi aktual məsələlər və keçmişdən bu günə qədər həll olunmamış sistemli problemlər, bu gün ən böyük çıxılmazlarımızdan biridir. Birinci və İkinci Dünya müharibələrindən sonra qurulan sistemli strukturlar, Soyuq Müharibənin sonuna qədər dünyanı idarə edə bilirdi. Bu, ədalətli deyildi. Amma bu dövrlər ABŞ-nin şübhəsiz supergüc olduğu, qarşı tərəfdə olan Sovetlərin qorxusuyla bəzi məsələlərin görməzdən gəlinə bildiyi dövrlər idi. Soyuq Müharibənin sona çatması və Sovetlərin dağılması sonrası sistem özünü islah etmədi. “Etmədi", lakin istənsə edilə bilərdi. Amma status-kvonu qorumaq ABŞ üçün daha vacib idi. Buna görə qısa müddətdə, 21-ci əsrə, hətta 2010-cu illərə qədər ABŞ öz lehinə işləyən və onu toxunulmaz edən dünya nizamından istifadə etdi. Lakin Çinin yüksəlişi, Rusiyanın 1991-dən sonrakı siyasəti, Avropada rifah dövləti kimi utopik bir fikir və ABŞ-nin təhlükəsizlik çətiri üzərinə sonsuz güvən kimi məsələlər, bu gün böyük bir qar şəlaləsi kimi özünü göstərir".

Analitik vurğulayıb ki, bu gün Orta Şərqdə İngilislərin və Qərbin, Fərqanə Vadisində Sovetlərin keçmiş, Cənubi Çin Dənizində Çinin aktual status-kvo iddialarının mirası sayəsində qaynar qazan qaynayır:

"Mövcud prosesdə siyasi və sosial zəmindən məhrum olan, Orta Şərqdə İsrailin xarici siyasət prioritetlərini özündən üstün tutan və dünya miqyasında pis imicə sahib ABŞ reallığı var. Bundan əlavə, Çin, xüsusilə hərbi sahədə inkişaf etdirdiyi qabiliyyətləri və ABŞ-nin öz imicini öz əlləri ilə zədələdiyi görüntüsünü qiymətləndirmək istəyir.

Bu tarixi və aktual kontekst çərçivəsində, dünya çevrilmə sancısı içərisindədir. Gördüyümüz əksər regional münaqişələrin mərkəzində də bu məsələlər dayanır. ABŞ-da, ABŞ-ni amerikalılara geri vermək istəyən qrup və sionistlərlə hərəkət edənlər arasındakı qarşıdurma dərinləşərkən, Vaşinqtonun xarici siyasətində İsrailin təsiri artır. 

Nəzarəti və dünyanın supergüc titulunu itirmək istəməyən ABŞ-nin son addımlarını və nəticələrini izləyirik".

Ekspert bildirib ki, Çin, böyük potensiala sahib olsa da, ordusunun hərbi təcrübə baxımından nə qədər hazır olduğunu bilmirik: 

"Çin Kommunist Partiyası daxilindəki dinamiklər, son aylarda aparılan təmizləmə əməliyyatlarından sonra bir tarazlığa gəlib-gəlmədiyi də məlum deyil. Buna görə ABŞ və Çinin bir-birlərini fərqli sahələrdə, fərqli vasitələrdən istifadə edərək zəiflətməyə çalışır. ABŞ, Avropadakı müttəfiqlərindən Orta Şərqə və Asiya-Sakit Okean bölgəsinə qədər dərin sosial və siyasi etirazla üzləşir. Münaqişələrin daha da şəkilləndiyi, müharibənin proksi qüvvələr və hibrid vasitələrlə mürəkkəbləşdiyi dövrdəyik".