"Hazırda masada irəliləyiş ehtimalı var, amma tərəflər hələ yekun siyasi güzəşt həddinə çatmayıblar"
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır.
O, bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb. Zelenskinin sözlərinə görə, gündəlikdə humanitar məsələlər, o cümlədən girov mübadiləsi və mülki şəxslərin azad edilməsi də var.
Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə ekspert, Kent Universitetinin professoru Yaşar Onay Sherg.az-a Zelenskinin çıxışının Ukrayna və beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj olduğunu söyləyib:
"Rusiya masada var kimi görünür. Lakin o, prosesi ləngidərək vaxtı öz xeyrinə istifadə etməyə çalışır. Bu, yeni bir üsul deyil. Moskva, bölgədə mövqeyini gücləndirmək, beynəlxalq balansların necə dəyişəcəyini görmək və Qərbdəki siyasi dalğalanmaları izləmək üçün vaxt qazanmaq istəyə bilər. Danışıqları tamamilə rədd etmədən, sürətləndirmədən irəliləmək klassik taktikadır.
Zelenskinin açıqlamasında xüsusilə “səmərəli danışıqlar” və “sülh ehtimalını artırmaq” vurğusu diqqət çəkir".
Ekspert qeyd edib ki, Ukrayna masadan qaçan tərəf olmadığını göstərmək istəyir:
"Girov mübadiləsi, mülki şəxslərin azad edilməsi kimi humanitar mövzuların ön plana çıxarılması da şüurlu seçimdir. Bu, diplomatik zəmini mənəvi çərçivəyə daşımaq və mənəvi üstünlük qazanmaq cəhdidir. Əgər həqiqətən son mərhələyə gəlinmiş olsaydı, tərəflər bir-birini açıq şəkildə prosesi uzatmaqda ittiham etməzdi. Bu cür ifadələr prosesin hələ də həssas olduğunu və etimad probleminin davam etdiyini göstərir. Hazırda masada irəliləyiş ehtimalı var, amma tərəflər hələ yekun siyasi güzəşt həddinə çatmayıblar. Buna görə danışıqlar davam edir, lakin hamı eyni sürətlə hərəkət etmir. Proses uzanacaq".