- “Küçədən tuturlar, sonra azad olunmaq üçün rüşvət tələb edilir”
Sosial şəbəkələr müharibənin acı nəticələrini yaşayan insanların görüntüləri ilə doludur. Son zamanlar izləyicilərin ən çox qarşılaşdığı görüntülər ukraynalıların məcburi şəkildə müharibəyə cəlb olunmasıdır. Üzlərini maska ilə gizlədən hərbçilər gənclərə fiziki zorakılıq tətbiq edərək onları evlərindən və küçələrdən toplayıb müharibəyə aparırlar. 
Görüntülərdə cütlüyün avtomobilinə hücum edildiyi kadrlar yer alıb. Qadın gənci buraxmadığı üçün ona qarşı təpik və bibər qazından istifadə olunub. Dəhşətli görüntülər vacib bir sualı gündəmə gətirir: Məgər cəbhədəki vəziyyət vətəndaşların məcburi şəkildə aparılmasını tələb edəcək qədər kritikdir?
Politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, məsələyə həm vətəndaş, həm də dövlət prizmasından yanaşsaq, hər iki tərəfin özünəməxsus haqlı məqamları var:
“Dövlətin həyata keçirdiyi səfərbərlik hüquqi baxımdan tamamilə qanunidir. Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir. Bu mübarizədə vətəndaşların iştirakı mühüm vətəndaşlıq borcudur. Digər tərəfdən isə hər bir vətəndaşın özünəməxsus düşüncəsi, fəlsəfəsi ola və o, müharibəyə qarşı çıxa bilər. Başqa sözlə, məsələ konkret bir tərəfə qarşı döyüşmək deyil, ümumən hərbi əməliyyatlarda iştirak etməmək mövqeyindən ibarətdir. Bu baxımdan vətəndaşın küçədən zorla tutularaq, tibbi yoxlamadan keçirilmədən və izahat aparılmadan hərbi hissəyə aparılması, sonradan isə azad olunması üçün rüşvət mexanizmlərini işə salmaq yolverilməzdir”.
Politoloqun sözlərinə görə, Ukrayna dövləti məcburi üsullara əl atmaqdansa, əhali arasında vətənpərvərlik təbliğatını gücləndirməli və könüllü səfərbərliyi stimullaşdırmalıdır:
“Eyni zamanda, ölkədəki sosial-iqtisadi reallıqlar nəzərə alınmalı, cəbhəyə öz istəyi ilə yollanan vətəndaşlara maddi stimullar verilməli, sosial hüquqlar tanınmalı, eləcə də onların ailə qayğıları dövlət tərəfindən təmin olunmalıdır. Bu yanaşma səfərbərlik prosesini xalq arasında daha da populyarlaşdıra bilər. Lakin bu məsələdə incə bir məqam var: Rusiyanın tətbiq etdiyi maddi həvəsləndirmə modelini, Ukraynaya eynilə şamil etmək doğru olmazdı. Çünki Rusiya işğalçı müharibə aparır. Ukrayna isə öz torpaqlarını müdafiə edir. Müdafiə olunan dövlətin vətəndaşlarını yalnız maddi maraq qarşılığında döyüşə cəlb etmək mənəvi baxımdan düzgün görünməz". 
F.Abbasov onu da qeyd edib ki, Rusiya cəbhə ilə yanaşı informasiya məkanında da Ukraynaya qarşı müharibə aparır:
"Sözügedən kadrların sosial şəbəkələrdə geniş yayılması, Zelenski hakimiyyətinə qarşı yönəlmiş hədəfli informasiya həmləsi də ola bilər. Müharibənin uzun sürməsi və tərəflərdən heç birinin mütləq üstünlük əldə edə bilməməsi fonunda "Zelenski xalqı məcburi şəkildə ölümə göndərir, Putinlə danışıqlardan qaçır" tezisini formalaşdırmaq Kremlin maraqlarına cavab verir. Rusiyayönümlü və digər müxalif qüvvələr Zelenski hakimiyyətini sarsıtmaq, əhalini hərbi xidmətdən çəkindirmək üçün bu cür görüntülərdən təbliğat vasitəsi kimi istifadə edirlər. Odur ki, Ukrayna dövləti bu təhdidlərə qarşı əks-tədbirlər görməlidir”.