“Rəqəmsal təhlükəsizlik artıq yalnız valideyn məsuliyyəti deyil”
Rəqəmsallaşmanın geniş vüsət alması və uşaqların internetə çıxış imkanlarının artması onların təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırıb. Bu baxımdan prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənəd uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin qorunmasını hədəfləyir.
Qeyd edək ki, sərəncam məktəbəhazırlıq qruplarında, eləcə də ümumi təhsil müəssisələrində təhsil alan uşaqlara şamil olunur.
Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Sherg.az-a rəqəmsal mühitdə uşaqların qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu bildirib:
"İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi yeni imkanlarla yanaşı, həm də risklər yaradıb. Xüsusilə uşaqlar və yeniyetmələr daha həssas sosial qrup olduqları üçün rəqəmsal təsirlərə qarşı əlavə müdafiə mexanizmlərinə ehtiyac duyurlar. Bu baxımdan Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncam vacibdir. Bu sərəncam ölkədə rəqəmsal transformasiyanın uşaqlara münasibətdə doğurduğu sosial nəticələrə sistemli yanaşmanı təmin edir.
Qeyd etmək lazımdır ki, son illər uşaqların sosial şəbəkələrə çıxış yaşı xeyli aşağı düşüb. Bu isə onları yaşa uyğun olmayan zorakı məzmunla üzləşmək, sosial təcrid, psixoloji manipulyasiya, şəxsi məlumatların istismarı kimi problemlərlə üz-üzə qoyur".
Müsahibimiz qeyd edib ki, beynəlxalq təşkilatların və elmi tədqiqat mərkəzlərinin araşdırmaları uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi yalnız fərdi məsuliyyətlə deyil, dövlətin hüquqi və texnoloji mexanizmləri ilə dəstəkləndiyini göstərir:
"Prezidentin imzaladığı sərəncama əsasən, Nazirlər Kabineti qısa müddət ərzində müvafiq normativ hüquqi aktların layihələrini hazırlayacaq. Bu sənədlər sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi də daxil olmaqla uşaqların müdafiəsini gücləndirən mexanizmləri əhatə edəcək. Bu mexanizmlər sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasını, yaş filtrlərinin və təhlükəsizlik alətlərinin tətbiqini, şəxsi məlumatların daha ciddi qorunmasını həyata keçirəcək. Nəticə olaraq sosial şəbəkələrin fəaliyyəti daha sistemli hüquqi çərçivəyə salınacaq.
Paralel olaraq, təhsil sistemində yeni yanaşmanın tətbiqi nəzərdə tutulur. Nazirlər Kabinetinə məktəbəhazırlıq və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyənləşdirilməsi tapşırılıb. Bundan əlavə, kurikulumlara rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi planlaşdırılır.
Bu addımlar şagirdlərin tənqidi düşünmə bacarığını inkişaf etdirəcək, informasiya təhlükəsizliyi mədəniyyətini formalaşdıracaq və onlarda rəqəmsal risklərə qarşı immunitet yaradacaq".
Ekspert vurğulayıb ki, sərəncam valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının hazırlanmasını da nəzərdə tutur:
"Müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının hazırlanması rəqəmsal təhlükəsizliyin yalnız inzibati deyil, sosial və mədəni yanaşma tələb etdiyini göstərir. Valideyn nəzarəti, məktəb mühiti və platformadaxili təhlükəsizlik mexanizmləri bir-birini tamamlayan elementlər kimi çıxış etməlidir.
Prezidentin bu sərəncamı rəqəmsal transformasiya dövründə uşaqların müdafiəsi dövlət siyasətinin prioritetinə çevrir".