Vardanyanı uzunmüddətli və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - AÇIQLAMA

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası bu gün davam etdiriləcək.

Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sherg.az-a bildirib ki, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə baxışının başa çatması və hakimlər kollegiyasının müşavirəyə getməsi prosesin hüquqi baxımdan yekun mərhələyə daxil olduğunu göstərir:

"Bu mərhələdə sübutların təqdim edilməsi və tərəflərin çıxışları artıq tamamlanmış hesab olunur. Məhkəmə toplanmış materiallara hüquqi qiymət verir və hökmün mətnini formalaşdırır.

Cinayət-Prosessual Məcəllənin ümumi prinsiplərinə görə, müşavirə mərhələsi faktların yenidən araşdırılması mərhələsi deyil. Bu mərhələdə məhkəmə təqdim olunmuş sübutların mötəbərliyini, onların bir-biri ilə əlaqəsini, ittihamın hüquqi əsaslılığını və konkret şəxsin təqsirinin sübuta yetirilib-yetirilmədiyini müəyyən edir. Hökm məhz bu hüquqi qiymətləndirmənin nəticəsi olaraq formalaşır.

İşin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, irəli sürülmüş ittihamlar yalnız milli cinayət qanunvericiliyinin pozulması ilə məhdudlaşmır. Söhbət beynəlxalq hüquq baxımından ən ağır cinayətlər kateqoriyasına daxil olan əməllərdən gedir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar sırasında insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror fəaliyyəti və terrorun maliyyələşdirilməsi kimi əməllər yer alır.

Bu kateqoriyaya daxil olan cinayətlər beynəlxalq hüquqda bütün dövlətlər üçün məcburi qadağa hesab olunur və cinayət məsuliyyəti yaradır. Belə əməllərin təqibi dövlətlərin beynəlxalq hüquq qarşısında öhdəliklərindən biri sayılır. Bu cinayətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, məsuliyyət yalnız dövlətlərarası münasibətlər çərçivəsində deyil, fərdi məsuliyyət prinsipi əsasında müəyyən edilir". 

Ekspert bu yanaşmanın beynəlxalq cinayət hüququnun fundamental prinsiplərindən olduğunu və beynəlxalq tribunal təcrübəsində dəfələrlə təsdiq olunduğunu söyləyib:

"Tarixə nəzər salsaq, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə bağlı bir sıra mühüm məhkəmə prosesləri baş vermişdir. Bu proseslər Nürnberq məhkəmələri ilə başlayıb, daha sonra Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı və Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı kimi beynəlxalq məhkəmə qurumlarında davam edib. Həmin tribunalarda bu kateqoriyadan olan cinayətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bu baxımdan söhbət adi cinayətlərdən deyil, xüsusilə ağır və beynəlxalq hüquq baxımından ən ciddi məsuliyyət doğuran əməllərdən gedir. Belə işlərdə məhkəmə prosesinin açıq və şəffaf keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Açıq məhkəmə iclası yalnız formal prosessual tələb deyil, eyni zamanda hökmün legitimliyini təmin edən mühüm amildir.

Məhkəmə baxışı ictimai nəzarət şəraitində keçirilir, müdafiə hüququnun real təminatı təmin olunur, media və ictimaiyyət prosesdə iştirak edir. Bu isə gələcəkdə mümkün beynəlxalq mübahisələr zamanı prosesin ədalətli aparıldığını göstərən mühüm əsas yaradır. Beynəlxalq cinayət ədalət mühakiməsi təcrübəsində prosedurun şəffaflığı hökmün legitimliyinin əsas göstəricilərindən biri hesab olunur.

Bu tip işlər yalnız konkret şəxsin cinayət məsuliyyətinin müəyyən edilməsi ilə məhdudlaşmır. Eyni zamanda zərərçəkmişlərin hüquqi statusu müəyyən edilir və gələcək hüquqi proseslər üçün dövlət səviyyəsində təsdiqlənmiş sübut bazası formalaşır. Bu baxımdan proses daha geniş hüquqi və siyasi kontekstdə qiymətləndirilə bilər".

Müsahibimiz məhkəmənin verə biləcəyi mümkün qərara da diqqət çəkib:

"İrəli sürülmüş ittihamlar xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Mövcud cinayət qanunvericiliyinə əsasən bu cür cinayətlərə görə uzunmüddətli və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin məhkəmənin hansı qərarı qəbul edəcəyi yalnız təqdim olunmuş sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi hüquqi nəticələr əsasında müəyyən ediləcəkdir.

Bu mərhələdə konkret cəza ilə bağlı fikir bildirmək nə hüquqi baxımdan düzgün olardı, nə də məhkəmənin müstəqilliyi prinsipinə uyğun gələrdi. Qərar qəbul etmək məhkəmənin səlahiyyətidir və yekun hökmü yalnız məhkəmə elan edəcəkdir".