Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücmu Yaxın Şərqdə hərbi-siyasi gərginliyi artırıb. Qısa müddət ərzində qarşılıqlı hücumlar regional qarşıdurma riskini artıraraq prosesi lokal çərçivədən çıxarıb daha geniş təhlükəsizlik böhranına çevirib.
Tehran rejimi cavab addımı olaraq təkcə İsrail istiqamətində deyil, eyni zamanda Yaxın Şərq ölkələrində yerləşən ABŞ hərbi bazalarına qarşı da raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Nəticədə artıq iki gündür ki, körfəz ölkələrində partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri işə düşür və region ölkələri fövqəladə təhlükəsizlik rejiminə keçir.
Mövcud vəziyyət yalnız münaqişə tərəflərini deyil, bütün region dövlətlərini birbaşa təsir altına alır. Xüsusilə İranla sərhədi olan ölkələr, o cümlədən Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet gündəmə çevrilib. Hadisələrin necə inkişaf edəcəyi, qarşıdurmanın miqyasının genişlənib-genişlənməyəcəyi isə yaxın günlərdə atılacaq hərbi və siyasi addımlardan asılı olacaq.
Politoloq Abutalıb Səmədov “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İran ərazisinə endirilən zərbələr Tehran rejiminin siyasi kursunda fundamental dəyişiklik yaratmaq gücündə deyil. Onun fikrincə, əvvəlcədən də aydın idi ki, yalnız hava hücumları, aviasiya və raket vasitələri ilə İranın uzun illərdir formalaşdırdığı hərbi-siyasi strategiyanı dəyişmək mümkün olmayacaq:
“Vaşinqton və Təl-Əvivin əsas hesabı hərbi zərbələrin daxili ictimai-siyasi prosesləri hərəkətə gətirməsi ilə bağlı olub. Ehtimal edilirdi ki, yüksək vəzifəli hərbi və siyasi fiqurların hədəfə alınması, eləcə də ali dini liderin sıradan çıxarılması ölkə daxilində ciddi hakimiyyət boşluğu yaradacaq və bu fonda kütləvi etirazlar baş qaldıracaq. Lakin hadisələrin ilkin gedişi göstərir ki, İran rəhbərliyi ağır itkilərə baxmayaraq, geri çəkilmək əvəzinə cavab zərbələrinin intensivliyini artırmaq xəttini seçib”.
A. Səmədovun qənaətinə görə, prosesin qısa müddətli kampaniya ilə yekunlaşacağı real görünmür:
“Hücumların həftələrlə davam etməsi ehtimalı mövcuddur və onların miqyası qarşıdakı günlərdə daha aydın şəkildə üzə çıxacaq. Bununla belə, quru qoşunlarının İran ərazisinə daxil olması ssenarisi praktiki baxımdan son dərəcə riskli və demək olar ki, qeyri-mümkündür. Bu, həm böyük canlı itkilərə səbəb ola, həm də ciddi geosiyasi fəsadlar doğura bilər. Üstəlik, belə bir əməliyyat üçün üçüncü ölkələrin ərazisindən istifadə zərurəti yaranar ki, bu da regional balansı daha da mürəkkəbləşdirər”.
Analitik vurğulayıb ki, hazırkı mərhələdə əsas hədəf hava və dəniz platformalarından endirilən zərbələrlə İranın hərbi infrastrukturunu zəiflətmək, xüsusilə ballistik raket istehsalı obyektlərini sıradan çıxarmaq və komanda idarəetmə zəncirinə zərbə vurmaqdır:
“Müharibənin ilk günündə yüksək rütbəli fiqurların hədəfə alınması bu strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər.
Ali dini lider Əli Xameninin ölümündən sonra hakimiyyətin taleyi isə əsasən daxili ictimai reaksiyadan asılı olacaq. Əgər cəmiyyət xarici müdaxilə fonunda hakimiyyət ətrafında konsolidasiya olunarsa, xarici güclərin planları nəticə verməyə bilər. Əksinə, genişmiqyaslı etiraz aksiyaları başlayarsa, bu, rejim dəyişikliyi ehtimalını gündəmə gətirə bilər. Qarşıdakı mərhələnin taleyini məhz İran cəmiyyətinin davranışı müəyyən edəcək”.