XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan

  • Körfəz ölkələri də Türk Dünyasının yaratdığı cazibəyə biganə qalmayacaq

Qlobal geosiyasi nizam sürətlə dəyişir və mövcud beynəlxalq sistem transformasiya mərhələsinə qədəm qoyur. Belə bir şəraitdə İslam dünyasının gələcək rolu ilə bağlı müzakirələr daha da aktuallaşır. Bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da bu mövzuya toxunaraq bildirdi ki, "dünyada baş verən proseslər İslam ölkələri üçün yeni imkanlar yaradır. Bu potensialın dəyərləndirilməsi üçün həmrəyliyin gücləndirilməsi vacibdir".

O, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının (PUİC) 20-ci sessiyası çərçivəsində Azərbaycanda səsləndirdi.

Tarixçi professor, Türkiyə Cümhuriyyəti Tarixi üzrə mütəxəssis Ali Satan Sherg.az-a açıqlamasında İslam dünyası ilə bağlı açıqlamalara diqqət çəkib:

"Türkiyədə uzun zamandır siyasətdə belə bir ifadələr işlədilir: “Adriatikdən Çin Səddinədək Türk Dünyası” və “Türk Əsri”. Numan Kurtulmuş bu halqanı tamamlayacaq şəkildə buna İslam Dünyasını da əlavə edir.

Dünya siyasəti və iqtisadiyyatındakı inkişaflar Türk Dünyasını sülh və sabitlik bölgəsi kimi ön plana çıxarır. Bu, çox böyük fürsətdir. Bu imkandan ən yaxşı şəkildə istifadə edərək aramızda iqtisadi, ticarət, bankçılıq, enerji, yüksək texnologiya və ortaq istehsal hövzələri formalaşdırmaqla bütün türklər olaraq sıçrayış etməliyik. İqtisadi fəaliyyətlərin gətirdiyi rifahı da türk törəsinə uyğun, ədalətli şəkildə bölüşməyi bacarmalıyıq".

Analitik mövzunu ərəb ölkələri kontekstindən də dəyərləndirib:

"Türk dünyasının yaradacağı cəlbediciliyə ilk fürsətdə Körfəz ərəb ölkələrinin maraq göstərməsi ehtimalı böyükdür. Suriya, İraq, Misir və Şimali Afrika həm ticarət tərəfdaşlarımız, həm də birlikdə əməkdaşlıq edə biləcəyimiz din qardaşlarımızdır. Bu, heç kəsi təhdid etməyən, heç kimə zərər verməyən, potensialı və faydası hər kəs üçün çox yüksək olan əməkdaşlıq modelidir".

Müsahibimiz qeyd edib ki, illərdir müxtəlif səbəblərlə qarşısı alınan fürsətlərin artıq istifadə oluna biləcəyi dövr yaranıb:

"Professor, Dr.Numan Kurtulmuş bu potensialı hamımızın diqqətinə çəkir. İş adamlarımız, bürokratlarımız və siyasətçilərimiz bu böyük vizyona uyğun çalışmalı. Onlar XXI əsrin Türk əsri olmasını təmin etməlidirlər".