Yaxın gələcəkdə Türkiyə və İsrail PUA-ları arasında insidentlər qaçılmazdır - Engin Özer

  • Bundan sonra vəziyyət bir qədər də gərginləşə bilər. Lakin bu, böyükmiqyaslı hərbi münaqişəyə çevriləcək qədər böyüməyəcək

Yaxın Şərqdə geosiyasi proseslərin sürətlə dəyişdiyi dövrdə Türkiyə ilə İsrail arasında münasibətlər getdikcə daha gərgin xarakter alır. Qəzza müharibəsindən sonra qarşılıqlı ittihamlar, Suriya ilə bağlı fikir ayrılıqları və regional maraqların toqquşması iki ölkə arasında yeni risklərin yarandığı barədə müzakirələri gücləndirib. Böyük Britaniyanın "The Economist" jurnalı bu gərginliyin artıq təhlükəli mərhələyə keçdiyini yazır. 

Politoloq Engin Özer Sherg.az-a mövcud vəziyyətin region üçün riskləri və Türkiyə ilə İsrail arasında münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyindən danışıb: 

"Türkiyə ilə İsrail arasındakı gərginlik təkcə Qəzza məsələsi ilə bağlı deyil. Daha əvvəlki dövrlərdə də İsrailin Suriyada həyata keçirdiyi siyasətlər səbəbindən gərginlik mövcud idi. Burada Şimali İraqdakı kürd icmalarına, həmçinin Suriyanın şimalındakı kürdlərə və Türkiyədəki siyasi kürd hərəkatına verilən dəstək səbəbindən gərginlik var idi.

Qəzzadan sonra isə bu gərginlik ən yüksək nöqtəsinə çatdı. Ardınca yeni Suriya hökumətinə qarşı həyata keçirilən hava hücumları ilə vəziyyət daha da gərginləşdi. Hər iki ölkənin hava qüvvələrinə məxsus radar sistemləri və digər hərbi elementlərin həmin bölgədə yerləşməsi səbəbindən Türkiyə ilə İsrail artıq birbaşa toqquşma nöqtəsinə doğru yaxınlaşdı.

Ötən il İsrail Hərbi Hava Qüvvələrinin Türkiyənin Suriyada qurmağa başladığı deyilən radar sistemini vurduğu iddia edildi. Bu isə artıq faktiki olaraq toqquşma nöqtəsinə gəlinib çatıldığını göstərir".

Analitikin sözlərinə görə Türkiyə ilə Suriya və Türkiyə ilə İsrail arasında böyük bir müharibənin baş verəcəyi gözləntisi yaranmamalıdır:

"Bu proses hibrid müharibə, yəni "mələz müharibə" adlandırılan müstəvidə davam edəcək.

Çox güman ki, yaxın dövrdə Türkiyə və İsrailə məxsus pilotsuz uçuş aparatları ilə bağlı qarşılıqlı insidentlər yaşanacaq. Tərəflərdən biri digərinin pilotsuz uçuş aparatını vuracaq.

Bundan sonra vəziyyət bir qədər də gərginləşə bilər. Lakin bu, böyükmiqyaslı hərbi münaqişəyə çevriləcək qədər böyüməyəcək.

Çünki iki ölkə arasında müharibənin baş verməsini istəməyən çoxsaylı qüvvələr var. İstər Avropa Birliyi, istərsə də Amerika Birləşmiş Ştatları onların sırasındadır. Çünki Türkiyənin Suriyada həyata keçirəcəyi siyasət Amerika Birləşmiş Ştatları ilə koordinasiyalı şəkildə aparılır. Bunu gizlətməyə ehtiyac yoxdur".

Ekspert Britaniyaya məxsus jurnalın o qədər də dərin təhlil aparmadığını söyləyib: 

"Əslində, burada artıq məlum olan bir mövzudan bəhs edilir. Qarşıdakı ən azı 2-3 il ərzində də böyük miqyaslı gərginlik olmayacaq. Sonrakı illərdə isə Türkiyənin siyasi qabiliyyətinin və ordusunun çəkindirici gücünün artması ilə bu ehtimal da tamamilə aradan qalxacaq".