Yeni missiyanın sərhəd zonasında aktiv iştirakı nəzərdə tutulmur - ŞƏRH

"Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər"

"Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, qərar bu gün Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında yekun olaraq təsdiq olunub. Bildirilib ki, missiya iki illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq. Missiyanın mandatı, strukturu və fəaliyyət müddəti ilə bağlı sənədə əsasən, yaxın aylarda fəaliyyətə başlayacaq missiya strateji və praktiki məsləhətlər vermək, eləcə də təhlükəsizlik sahəsində fəaliyyət göstərən nazirliklərə və qurumlara dəstək göstərmək yolu ilə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir.Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib və həmin missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində patrul aparır, onun 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur.

Bəzi ekspertlərin fikrincə Aİ-nin Ermənistanda 2 il müddətinə planlaşdırdığı yeni “Tərəfdaşlıq Missiyası” (EUPM) regionda onsuz da kövrək olan sabitliyi növbəti dəfə ciddi sınaq qarşısında qoyur. Lakin bu addımın pərdəarxası məqamlarına diqqət yetirdikdə, hədəfin heç də Azərbaycan deyil, birbaşa Rusiyanın bölgədəki mövcudluğu olduğu aydın görünür. Təxminən 20-30 nəfərlik beynəlxalq heyətlə fəaliyyətə başlayacaq yeni mülki missiya, əslində, Ermənistanın daxili siyasi konfiqurasiyasını Kremlin onilliklərlə formalaşdırdığı təsir rıçaqlarından təmizləmək məqsədi daşıyır.

Xüsusilə də qrupun mandatında seçki proseslərinə nəzarət, kibertəhlükəsizlik standartlarının tətbiqi və informasiya manipulyasiyasına qarşı mübarizə kimi bəndlərin yer alması Qərbin rəsmi İrəvan daxilində özünə sadiq və Rusiyadan asılı olmayan yeni siyasi mühit yaratmaq niyyətindən xəbər verir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında Aİ-nin ikinci missiyanın Ermənistanın daxili-siyasi gündəliyi, xüsusən də qarşıdan gələn seçkilər və daxili sabitlik məsələləri ilə sıx bağlı olduğunu bildirib. Onun sözlərinə görə, birinci missiyadan fərqli olaraq ikinci missiyanın seçkiqabağı dövrdə Ermənistana qarşı yönələ biləcək hibrid hücumların qarşısını almaq və ölkənin institusional dayanıqlılığını artırmaq məqsədilə fəaliyyət göstərəcək. 

Siyasi şərhçi qeyd edib ki, Ermənistan daxilində revanşist meyillərin hələ də mövcudluğu vəziyyəti daha həssas edir: “Bu qüvvələr müxtəlif vasitələrlə ölkədaxili sabitliyi pozmağa cəhd göstərə bilər. Aİ də məhz bu riskləri nəzərə alaraq seçki prosesinin təhlükəsizliyini təmin etmək və mümkün destabilizasiya ssenarilərinin qarşısını almaq məqsədilə belə bir addım atır. Son dövrlərdə hakimiyyətə qarşı hibrid təzyiq elementlərinin artması da bunu zəruri edir”.

Ekspertin fikrincə, missiyanın müddəti də onun mahiyyətini anlamaq baxımından diqqət çəkir. O hesab edir ki, bu, uzunmüddətli geosiyasi iştirakdan daha çox, konkret siyasi mərhələyə hesablanmış müvəqqəti mexanizmdir:

“Yeni missiyanın uzun müddət regionda qalacağı inandırıcı görünmür. Əsas məqsəd seçkiqabağı həssas dövrdə riskləri minimuma endirməkdir. Bu baxımdan, seçkilərdən sonra missiyanın fəaliyyətinin ya dayandırılması, ya da formatının dəyişdirilməsi ehtimalı yüksəkdir. Bu təşəbbüsü daimi mövcudluq kimi deyil, texniki və məhdud çərçivəli dəstək mexanizmi kimi qiymətləndirmək daha doğru olardı. Bu yanaşma missiyanın regional sülh prosesinə təsir imkanlarını da məhdudlaşdırır. Mövcud məlumatlara əsasən demək olar ki, bu missiya birbaşa sülh danışıqlarına təsir göstərəcək formatda deyil. Onun əsas fəaliyyəti Ermənistanın daxili təhlükəsizlik mühiti və informasiya sahəsi ilə bağlıdır”.

Siyasi şərhçi Azərbaycan-Ermənistan münasibətləri kontekstində də məsələyə toxunaraq bildirib ki, yeni missiyanın sərhəd zonasında aktiv iştirakı nəzərdə tutulmur:

“Bu, mühüm məqamdır. Beynəlxalq ictimaiyyətə, o cümlədən rəsmi İrəvana da bəllidir ki, sülh prosesində Azərbaycanın əsas tələbi şərti sərhəd zonasında üçüncü qüvvələrin, kənar dairələrin və ya beynəlxalq hərbi mülki missiyaların yer almamasıdır. Bizim fundamental prinsipimiz ondan ibarətdir ki, regional problemlər məhz region dövlətləri tərəfindən kənar müdaxilələr olmadan ikitərəfli formatda öz həllini tapmalıdır".