- Müxalifətin parçalanması Ərdoğanın qələbəsi üçün hazırlanmış ssenaridir
Türkiyədə müxalifət düşərgəsində baş verən son dəyişikliklər siyasi gündəmin əsas mövzularından birinə çevrilib. CHP-dən 91 millət vəkilinin ayrılaraq YENİ Partiyaya keçməsi parlamentdə qüvvələr nisbətini dəyişməklə yanaşı, bu prosesin qarşıdakı prezident və parlament seçkilərinə mümkün təsirləri ilə bağlı da müzakirələrə səbəb olub. Baş verən hadisələr müxalifətin gələcəyi və yeni siyasi mənzərənin mümkün nəticələri ilə bağlı yeni suallar doğurub:
Sahipkıran Strateji Araşdırmalar Mərkəzinin drektoru Süleyman Erdem Türkiyə gündəmini zəbt edən mövzularla bağlı Sherg.az-ın suallarını cavablayıb:
- CHP-dən 91 millət vəkilinin ayrılması Türkiyə siyasətində necə qiymətləndirilməlidir?
- Bu qədər böyük miqyasda millət vəkili ayrılığı Türkiyənin siyasi tarixində əvvəllər görünməyib. Bu vəziyyət Türkiyə siyasətinin dizayn edildiyinin göstəricisidir. Bu dizaynın məqsədi CHP-ni parçalamaq, CHP seçicisini iki fərqli prezident namizədi arasında bölmək, seçkini ikinci tura daşımaq və ikinci turda Özgür Özəlin qalmasını təmin etməkdir.
Çünki bu qədər böyük millət vəkili ayrılığı, ayrıldıqları CHP-yə zərər verəcək. Lakin ayrılıb yeni partiya quran kadrlara da fayda verməyəcək kimi görünür. Çünki yeni qurulan partiya tamamilə CHP-dən ayrılan kadrlardan formalaşıb və bu heyət CHP-dəki ritorikasını eyni şəkildə davam etdirir. Özgür Özəl köynək dəyişmədiklərini açıq şəkildə bildirib. Yəni bir növ CHP-2 kimi bir partiya ortaya çıxıb. Buna görə də əvvəllər CHP-yə məsafəli olan və ona səs verməyən seçicinin Yeni Partiyaya səs verməsi üçün ortada heç bir səbəb yoxdur. Bu halda CHP-nin səsləri iki partiya arasında bölünəcək. Hər iki partiyanın ümumi səsi, CHP parçalanmamışdan əvvəlki səsindən çox ola bilməyəcək. Hətta hər iki tərəfə də qəzəblənərək onlardan uzaqlaşan seçicilər də ola bilər. Çünki dizaynın tələbi olaraq seçkiyə qədər hər iki tərəf həm bir-birini zəiflədəcək, həm də siyasəti dizayn edənlər onları zəiflədəcək. Bu səbəbdən mütləq etibarsızlıq qərarından əvvəl sorğularda CHP-nin gördüyü dəstək səviyyəsinə seçkilərdə hər iki partiyanın toplamı ilə belə çatmaq mümkün olmayacaq.
- YENİ Partiyanın qısa müddətdə ana müxalifətə çevrilməsi siyasi sistemə necə təsir edəcək?
- Düşünürəm ki, Yeni Partiyanın ana müxalifət olub-olmamasının siyasi arenada böyük təsiri olmayacaq. Əsas məsələ Yeni Partiyanın CHP-dən daha əhatəli bir siyasi ritorika ilə səs potensialını genişləndirib-genişləndirə bilməyəcəyidir. Hazırkı vəziyyətdə onlar saf CHP xətti ilə irəlilədikləri üçün bunu bacara bilməyəcəklərini və ya siyasəti dizayn edənlərin yönləndirməsi ilə bunu qəsdən etmədiklərini müşahidə edirəm.
- Bu ayrılığın əsas səbəbləri nələrdir? İdeoloji fikir ayrılığıdır, yoxsa liderlik böhranı?
- Bu ayrılıq tamamilə siyasi dizaynın tələbi olaraq baş verdi. Əks halda ortada ideoloji səbəb yoxdur. Nəticə etibarilə ayrılan heyətin hamısı vaxtilə Kılıçdaroğlunun partiyaya qazandırdığı və onun prezidentliyə namizədliyini dəstəkləyən şəxslərdən ibarətdir. Ayrılanların saf, həqiqi CHP formatında bir partiya yaratmaları da bunu göstərir.
- Özgür Özəlin bu addımını seçicilər necə qarşılayacaq?
- Görünür ki, CHP seçicisinin əhəmiyyətli hissəsi Özgür Özəli dəstəkləyir. Bu gün etibarilə demək olar ki, Özgür Özəl CHP seçicisinin 70-80 faizinə xitab edir. CHP seçicisi xaricindəki seçicilərin isə onun bu addımına əhəmiyyət verdiyini müşahidə etmirəm. Digər seçicilər sadəcə prosesləri izləyirlər. Yeni Partiyanı CHP-nin analoqu kimi gördükləri üçün bundan sonra ona maraq göstərəcəklərini də düşünmürəm.
- CHP-nin parlamentdə beşinci sıraya geriləməsini necə oxuyursunuz? CHP seçicilərinin YENİ Partiyaya keçməsi qalıcı olacaq, yoxsa müvəqqəti prosesdir?
- Bugünkü mənzərəyə baxaraq CHP-nin bitəcəyini söyləmək düzgün olmaz. Qarşıdakı dövrdə Özgür Özəl və komandasına qarşı müxtəlif ictimai rəy əməliyyatları aparıla bilər. Hazırda Yeni Partiyaya səs verməyi düşünən seçicinin qərarı dəyişə bilər. Belə olmasa belə, CHP, DSP seçki baryerinin altında qaldıqdan sonra da mövcudluğunu davam etdirdiyi kimi, institusional quruluşunu qoruyaraq növbəti seçkilərdə sol seçici üçün yenidən alternativ ola bilər.
Yeni Partiya isə qalıcı bir partiya olmayacaq, siyasi konyunktur dəyişdikdə seçicinin ona olan marağını böyük ölçüdə itirəcək.
- Bu hadisə Türkiyədə erkən seçki ehtimalını artırırmı?
- Məncə artırmır. Çünki proseslər tam da siyasəti dizayn edənlərin istədiyi kimi gedir. Onlar erkən seçki keçirərək hakimiyyətdə qalma müddətlərini qısaltmaq istəməyəcəklər.
- Bu yeni siyasi mənzərənin qarşıdakı prezident və parlament seçkilərində hansı nəticələrə səbəb ola biləcəyini düşünürsünüz?
- Məncə mütləq etibarsızlıq qərarı ilə başlayan CHP-nin parçalanması prosesi tamamilə qarşıdakı prezident seçkilərinə hesablanmış addım idi. Siyasəti dizayn edənlər baxımından parlament seçkilərinin ikinci dərəcəli əhəmiyyət daşıdığını, əsas hədəflərinin prezident üsul-idarəsinin davam etməsi və Prezident Ərdoğanın yenidən seçilməsi olduğunu düşünürəm. Bu məqsədə çatmaq üçün müxalifətin parçalanması və hamının üzərində razılaşa biləcəyi güclü bir prezident namizədini irəli sürə bilməməsi lazımdır. Bunun üçün sorğularda AKP-yə yaxın səs aldığı görünən CHP-nin bir-birinə rəqib iki hissəyə bölünməsi, hər iki quruluşun prezident seçkilərində sorğularda önə çıxan adlar əvəzinə mübahisəli namizədləri irəli sürməsi və seçicidə ümidsizlik yaratması tələb olunur. Müxalif prezident namizədlərinin sayının artması və müxalif seçicinin vahid namizəd ətrafında birləşməsinin qarşısının alınması da yəqin ki, bu planın bir hissəsidir. Görünür ki, bu məqsədə addım-addım nail olunur.