Zelenski hakimiyyətdə qalmaq üçün müharibəni davam etdirmək istəyir - Rusiyalı politoloq

  • Darya Qrevtsova: “Tramp Ukrayna müharibəsinə görə artıq heç nə etmək istəmir”
  • “Ukraynanın taleyi NATO-da deyil, döyüş meydanında həll olunur”

Ukraynada davam edən müharibə fonunda Ankarada keçirilən NATO sammiti diqqətləri yenidən təhlükəsizlik məsələlərinə və Qərbin Kiyevə münasibətinə yönəldib. Lakin sammitin nəticələri ilə bağlı əsas sual müharibənin taleyinin burada həll olunub-olunmayacağıdır.

NATO görüşləri müttəfiqlər arasında mövqelərin müəyyənləşdirilməsi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli platforma hesab olunur. Rusiya-Ukrayna müharibəsinin gedişatı və mümkün həll yolları isə həm diplomatik proseslərdən, həm döyüş meydanındakı vəziyyətdən, həm də tərəflərin mövqelərindən asılıdır. Müharibənin gələcək istiqamətinin formalaşmasında Rusiya ilə Qərb arasındakı münasibətlər, Avropa ölkələrinin yanaşması və ABŞ-nin prosesdəki rolu əsas amillərdən biri olaraq qalır.

Rusiyalı politoloq Darya Qrevtsova Sherg.az-a NATO sammitinin Rusiya-Qərb arasında Ukraynadakı müharibəni həll edə bilməyəcəyini deyib:

"Müharibənin həlli orada iştirak edən Trampın, şəxsən Zelenskinin və digər liderlərin qərarından asılı deyil. Döyüşlərin dayandırılması, sülh sazişinin əldə olunması döyüş meydanından, qüvvələr nisbətindən və əslində bu müharibədə iştirak edən tərəflərdən, yəni Rusiya və Avropa ölkələrindən asılıdır.

Müharibə Zelenski, Almaniyada Merts və Fransada Makron kimi liderlərə hakimiyyətdə qalmağa kömək edir. Onların reytinqləri çox aşağıdır. Məhz bu müharibə sayəsində onlar hələlik hakimiyyətdə qala bilirlər və müharibənin davam etməsində maraqlıdırlar.

Tramp isə ümumilikdə bu müharibədə maraqlı deyil. O, müharibədən heç nə qazanmır, eyni zamanda heç nə də itirmir. Buna görə də, onun müharibənin dayanmasını istədiyini demək olar. Amma Ukrayna məsələsində hansısa ciddi səylər göstərməyəcək. Bu, onun maraqlarına uyğun deyil".

Analitikin sözlərinə Tramp əsas vəzilərini artıq yerinə yetirib:

"Ağ ev lideri Rusiya ilə nüvə müharibəsi təhlükəsini aradan qaldırıb. O, Putinlə əlaqə qurub. Bununla da ABŞ-nin bu münaqişədə iştirakının eskalasiyasından geri çəkilmə yolu ilə bu məsələni həll edib. Bu, Bayden dövründə olduğu kimi deyil. Həmin vaxt münaqişə daha da böyüyürdü və nüvə qarşıdurmasına gətirib çıxara bilərdi.

Həmçinin Tramp ABŞ büdcəsinin Ukraynaya xərclərini aradan qaldırdı. Hətta bundan qazanc əldə etməyə nail oldu. O, Ukrayna üçün silahları Avropaya satır.

Hazırda Trampın Zelenski və Avropa nümayəndələri ilə münasibətləri mürəkkəbdir.

Buna görə də Ukrayna haqqında danışmaq və ya bu istiqamətdə nəsə etməyə çalışmaq onu maraqlandırmır. Onun diqqət yetirdiyi başqa məsələlər olacaq, Ukrayna isə onlardan yalnız biri olacaq".

Müsahibimiz vurğulayıb ki, bütün məsələlər, artıq döyüş meydanında və Rusiya ilə Avropa ölkələri arasında əldə olunacaq razılaşmalarla həll ediləcək:

"Zelenski hakimiyyətdə qalmaq üçün bu müharibəni davam etdirmək istəyir. Buna görə də NATO sammitində döyüşlərin dayandırılması ilə bağlı heç bir qərar qəbul edilməyəcək".