ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi (ESA) Yerə təhlükə törədən asteroidlərin vurulması layihəsi çərçivəsində gələn həftə İtaliyanın paytaxtı Romada müzakirələr aparacaqlar.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, asteroidin Yerə çırpılması və ondan yayınmanın qiymətləndirilməsi (AIDA) adlanan proqramda bir kosmik gəminin saatda 38,6 min kilometr sürətlə hərəkət edən və Yer kürəsi ilə Mars arasında yerləşən “Didimos” adlı asteroidlə toqquşması ilə bağlı ehtimallar dəyərləndirilir. Sınaq məqsədi daşıyan layihə planetimizin asteroidlərdən müdafiəsində mühüm bir vasitə hesab olunur.
NASA-nın mütəxəssisləri bildiriblər ki, ilk mərhələdə kiçik ölçülü asteroid hədəf götürüləcək. Qeyd olunub ki, onlardan “Didimos A” adlananın ölçüsü 780, “Didimos B” isə 160 metrdir. Sonuncu Misirin Böyük piramidası böyüklüyündə bir qaya parçasıdır. Planetimizə ən asan çata biləcək asteroidlərdən ən böyüyü də elə bu asteroidlərdir.
Astronomların qənaətinə görə, 2123-cü ilədək asteroidlərin Yer kürəsinə yaxınlaşması gözlənilmir. Lakin onlar hesab edirlər ki, layihənin həyata keçirilməsi Yeri təhdid edən digər göy cisimlərinin qarşısının alınmasında da faydalı ola bilər.
NASA-nın məlumatına görə, 2021-ci ildə kosmosa göndəriləcək pilotsuz DART gəmisi 2022-ci ilin ikinci yarısında “Didimos B” asteroidinə çırpılaraq onun istiqamətini dəyişməyə cəhd edəcək. 2024-cü ildə daha bir kosmik gəmi bu məqsədlə kosmik fəzaya buraxılacaq. Daha sonra, 2026-cı ildə hədəfə çatması gözlənilən üçüncü gəmi “Didimos” asteroidində əmələ gəlmiş krateri tədqiq edəcək və ondan nümunələr toplayacaq.