Salyan rayon sakini Bakıda quldurluq hadisəsinin qurbanı olub.
Bu barədə Oxu.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Oktyabrın 7-də Salyan şəhər sakini, 1979-cu il təvəllüdlü Adışirinov Fikrət Yaqub oğlu polisə müraciət edib. Kişi ifadəsində 6 oktyabr saat 22:00-da ona hücum edildiyini deyib.
Onun sözlərinə görə, naməlum sürücü və sərnişinin hücumu zamanı o, Azərbaycan prospekti 42 nömrəli binanın yaxınlığında “Mercedes” markalı avtomobildə olub. Təcavüzkarlar F.Adışirinovu döyərək onun 497 manatını qarət ediblər. Daha sonra zərərçəkmiş şəxsi maşından itələyib və yoxa çıxıblar.
Araşdırma zamanı Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları avtomobilin sahibi - Cəlilabad rayon sakini Piriyev Səxavət Məhərrəm oğlunu saxlayıblar. Güman edilir ki, Salyan sakininə hücumu təşkil edən məhz o olub. Hazırda istintaq orqanları cinayətdə iştirak edən digər şəxsləri müəyyənləşdirirlər.