Güləş millimizin sabiq baş məşqçisi koronavirusdan öldü


Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti, qadın güləş millimizin keçmiş baş məşqçisi Məhəmməd Əliömərov dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyası məlumat yayıb.

16 gün sonra 68 yaşını qeyd etməli olan M.Əliömərov bu gün vəfat edib. Son günlərini xəstəxanada süni nəfəs aparatına qoşulmuş halda keçirmiş M.Əliömərov ötən ilin fevralından Rusiyanın qadınlardan ibarət güləş millisinin baş məşqçisi işləyirdi.

TASS agentliyinin məlumatına görə, M.Əliömərov yeni növ koronavirusdan ölüb.

Qeyd edək ki, Dağıstanın avarlar yaşayan Tlyaroş kəndində anadan olmuş M.Əliömərov 2011-2015-ci illərdə Azərbaycan millisində baş məşqçi, 2015-2018-ci illərdə Güləş Federasiyasında vitse-prezident işləyib. Rusiyanın Əməkdar məşqçisinin məhz Azərbaycanda işlədiyi vaxtda sərbəst güləş millimizə Dağıstandan çoxlu sayda idmançı cəlb olunmuşdu.