Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə vətəndaşlarımızdan məktublar gəlməkdə davam edir.
"Sherg.az" həmin məktublardan bir neçəsini təqdim edir:
Dilbər İsayevadan, Zaqatala, Azərbaycan
Hörmətli Ali Baş Komandan, əziz Prezidentimiz.
Şanlı ordumuz düşmən tapdağı altında olan torpaqlarımız uğrunda gedən döyüşlərdə şücaət göstərərək bir çox yaşayış məntəqəsini işğaldan azad etmişdir. Cəbrayıl, Füzuli və Zəngilan şəhərinin azad edilməsi Şuşaya və Xankəndiyə gedən yolları açıb.
Dövlət və xalqımızın Qələbə sevinci ilə yaşadığımız bu günlər bütövlükdə Azərbaycanımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdir.
Qarabağ Azərbaycandır!
Mübariz Atakişiyevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 70 yaşlı idrakla dərk edən bir insan kimi Sizin siyasətinizi və qətiyyətli mövqeyinizi dəstəkləyirəm. Ordumuzda olan ruh yüksəkliyi, xalqımızın Sizi dəstəkləməsi məni sevindirir, yaşamaq eşqimi artırır. Bu yaşımda Ordunuza və Sizə dayaq oluram, bundan özümü xoşbəxt hiss edirəm.
Cənab Prezident, iqtisadiyyatımızı gücləndirdiniz, nizami ordu yaratdınız, qətiyyətli mövqeyinizlə indi də dövlətimizin ərazi bütövlüyünü bərpa edirsiniz. Allahdan bu yolda Sizə və Ordumuza yardımçı olmasını diləyirəm.
Cənab Ali Baş Komandan, bu gün Siz tarix yazırsınız. Tarix Ulu Öndərimiz və Sizin kimi şəxsiyyətləri 100 ildə bir dəfə yetirir.
Qoy ölkəmizə qısqanclıqla yanaşan bütün dövlətlər, şəxslər baxıb utanc hissi keçirsin.
Allahdan bir arzum var ki, Qələbədən sonra Siz Qarabağa gələndə Sizinlə görüşmək mənə nəsib olsun. Bir daha Sizə minnətdarlığımı bildirirəm.
Rəhimə Allahverdiyevadan, Şabran, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən 76 yaşlı nənə kimi bu məktubu yazmaqla milli azlıqlar - tatların əsgər anaları və nənələri adından Azərbaycan xalqını, Ali Baş Komandanımızı, ordumuzu şanlı qələbələr münasibətilə ürəkdən təbrik edirəm.
Nəhayət, Sizin əmrləriniz və komandanlığınızla torpaqlarımız işğaldan azad olunur. Fəxr edirəm ki, mənim də nəvəm qəhrəman Azərbaycan ordusunun tərkibində Vətənin azadlığı uğrunda döyüşlərdə şücaət göstərir. Mən özümü bütün Azərbaycan Ordusunun əsgərlərinin nənəsi hesab edirəm. Allah əsgərlərimizi qorusun.
Ali Baş Komandanımıza, əsgərlərimizə mərdlik, şücaət, Allahdan cansağlığı arzu edirəm. Bütün xalq Sizin və Ordumuzun arxasındadır.
Uğurlar arzulayırıq, Allah Sizinlə olsun!