Azərbaycanın çay idxalı ixracı 19 dəfə üstələyib

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları təşkil edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4.5% artaraq 679.4 ton, dəyər baxımından isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.

Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 11 min 528 ton təşkil edib.

Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.