Vergi güzəştlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bu, həm dövlət, həm də özəl sektorda istehsalın və gəlirlərin artırılmasına xidmət edir


İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri dövlət − özəl sektor tərəfdaşlığının və “yaşıl” iqtisadiyyatın dəstəklənməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır. Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilir ki, bütövlükdə, dövlət - özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur. Dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilir. Qeyd olunan istiqamətlərdə vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığının və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər ötən il Milli Məclisdə müzakirəyə çıxarıldı. Dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarların vergi yükünün azaldılması, nəzarət mexanizmi və inzibatçılığın təkmilləşdirilməsi, eləcə də beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir. Dəyişikliklərin mahiyyətini izah edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “İqtisadi zona” proqramına müsahibəsində bildirib ki, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Həmin Strategiyada vergi sistemi qarşısında iki strateji hədəf müəyyən edilib. Bu strateji hədəflərdən birincisi, iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi, ikinci istiqamət isə “kölgə iqtisadiyyatı”nın daraldılması və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsidir. Əlbəttə, investisiyaların cəlbediciliyinin artırılması, sahibkarlar üçün vergi yükünün aşağı salınması bu kontekstdə önəmlidir və vergi qanunvericiliyindəki dəyişikliklər də məhz dövlət-özəl tərəfdaşlığını, yerli avtomobil sənayesinin inkişafını, gəmi təmiri ilə bağlı məsələləri, eləcə də dəmir yollarının inkişafı ilə bağlı vergi dəstəklərini əhatə edir. Yəni bunlar məhz investisiyaların cəlbediciliyinin artırılması baxımındandır. Dövlət-özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat olan layihələr nəzərdə tutulur. Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya paralel olaraq məşğulluq yaradır. Bu, proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri veriləcək. Bu güzəştlər ödəyicini məhz birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak və torpaq vergisindən tam həcmdə azad edir. Eyni zamanda, bu investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlər, fondların idxalı da ƏDV-dən və rüsumlardan tamamilə azad edilir. Bununla yanaşı, bu güzəştlərin tətbiqi alternativ enerji istehsalı layihələrinə münasibətdə də tətbiq edilir.

Vergi güzəştlərinin sahibkarların fəaliyyətinə ciddi şəkildə müsbət təsirləri olacağını deyən iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, sənayenin bir sıra sahələrində vergi güzəştləri tətbiq edilir. Bu, həm dövlət, həm də özəl sektorda istehsalın və gəlirlərin artırılması məqsədi daşıyır: 
- Məsələn, yerli avtomobil sənayesində minik avtomobillərinin istehsalı ƏDV-dən azad edilib. Bu dəyişikliklərdə paralel olaraq avtobusların istehsalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal etdiyi avtobusların satışı ƏDV-dən azad edilir. Eyni zamanda, bu, istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni avtobusun ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir. Bütün bunlar investisiyaların cəlbediciliyini artırmaq məqsədi daşıyır. Bununla yanaşı, əlverişli vergi mühitinin təşviq edilməsi də vacibdir. Tibbi turizm və mədəniyyət sektorunda da müsbət yeniliklər tətbiq edilir. Tibbi turizmdə yerli klinikalar tərəfindən əcnəbilərə göstərilən xidmətlərdə ƏDV tətbiq olunur. Xarici turizmin, yəni xarici qonaqların daha çox ölkəyə məhz tibb sahəsində marağını təşviq etmək baxımından onların ödədiyi ƏDV-ni ölkəni tərk edərkən “Tax Free” rejimində geri almaq imkanları olacaq. Mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75 faiz vergi güzəşti nəzərdə tutulub. Hazırda bu güzəştin əhatə dairəsi 90 faizə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyəti və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq. Bilirsiz ki, teatr tamaşaları, film nümayişi, simfonik orkestrlərin konsertinə alınan biletlərdə də, səhv etmirəmsə, ƏDV-nin 50 faiz geri qaytarılması tətbiq edilir. Bəzi xidmət sahələri,  mikro-sahibkarların gəlirlərinə 75 faizlik güzəşt tətbiq olunması da gözlənilir. Bir sıra fəaliyyət həyata keçirən mikro sahibkarlara, fiziki şəxslər işçi cəlb etmədən, yəni işçi sayından asılı olmayaraq onların əldə etdiyi gəlirlərə illik 45.000 manat həcmində gəlirlər üzrə 75 faiz vergi güzəşti tətbiq edilməsi nəzərdə tutulur. Xidmət sahələrinin əhatə dairəsi genişdir. Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bazarlara nəzarət məsələsi də yer alır. Bazar mülkiyyətçiləri, operatorları həmin məkanda qanunsuz işləyən, uçotsuz sahibkarlara şərait yaratmamalıdırlar. Orada fəaliyyət göstərən bütün sahibkarlar vergi orqanında uçotda olmalıdırlar. Təsərrüfat obyektləri vergi orqanında uçota alınmalıdır. Bundan sonra onların fəaliyyətinə şərait yaradılmalı, icazə verilməlidir. Artıq bu format həyata keçirilərsə, bu əmlak kompleksi tam leqal, yəni qanunauyğun şəkildə uçota alınmış sahibkarların fəaliyyətini təmin etmiş olacaq. 

İqtisadçı qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vergi güzəştlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır: 
- “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb. Ölkə Prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar var. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət - gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.