İysiz, dadsız, rəngsiz ölüm: Niyə artır və nə etməli? - Detallı izah!

Tanınmış yazıçı Murad Köhnəqala mühüm bir məsələyə diqqət çəkib. O, Feysbuk hesabında yazıb: “Elə bir yandan xəbər verirlər ki, filan yerdə filan qədər adam dəm qazından zəhərlənib öldü. A kişi, hansı kombidən və niyə zəhərlənirlər kimi televerilişlər hazırlayıb söhbətlər edin. Mütəxəssis çağırın studiyada camaata, bilməyənlərə izah eləsin”.
Həqiqətən də ölkəmizdə dəm qazından boğulma halları kifayət qədər çoxdur. Xüsusilə qış aylarında, demək olar ki, hər gün belə bədbəxt hadisələr yaşanır.



Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin “Sherg.az”a açıqlamasında qeyd edib ki, hər il qış aylarında dəm qazından boğulma halları ilə bağlı xəbərlər eşidirik:

“Nə qədər maarifləndirilmə aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşaraq qazla bağlı təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşırlar. Dəm qazının qurbanına çevrilməmək üçün bəzi məqamlara diqqət etmək lazımdır: Standartlara cavab verməyən qaz cihazlarını istifadə etməmək, evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək, tüstü bacalarını ildə iki dəfə təmizləmək, evin havasını gün ərzində bir neçə dəfə dəyişmək, hamam otaqlarında nəfəslik və ventiliyasiya olmasını təmin etmək. Yəni standartlara uyğun olmayan qaz cihazlarını yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Ancaq hələ də bəzi insanlar kustar üsulla hazırlanan ,mənşəyi, istehsalçı firmanın adı belə olmayan qaz cihazlarını alıb evdə istifadə edirlər. Bu potensial təhlükə riskidir ki, insanlar bunu nəzərə almırlar. Dəm qazı iysiz, dadsız və rəngsizdir. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur”.

E.Nurəliyev qeyd edib ki, insana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir göstərir:

“Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidirlər ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü borularında deşik-çat olarsa belə yenə yanma prosesi düzgün getməyəcək. Tüstü bacaları ildə iki dəfə təmizlənməli , tüstü boruları yamaq , kəsik – deşik olmamalıdır”.

Ekspertin sözlərinə görə, tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz olar:

“Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir?. Yataq otağı birdə hamam otaqlarında. Ən çox hamam otağında dəm qazından zəhərlənmə halları olur. Səbəb isə hamam otaqlarının standartlara uyğun olmamasıdır.

Normalda hamam otaqları minimum 7kv olmalıdır. Ancaq 2-3 kv olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan yaxud da “qaz çəni”, “ pitiminutka” deyilən qaz cihazı qoyulub. Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəfüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi olan bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır.

Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa , həmin insanı otaqdan bayıra təmiz havaya çıxartmaq , əynindəki paltarın yaxasını açmaq , yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq  və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır. Huşu özündədirsə, isti çay yaxud limonlu çay verməklə təcili tibbi yardım çağırmaq lazımdır. Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları var. Onlara əməl etmək lazımdır ki, bədbəxt hadisələr ilə qarşılaşmayasınız.

Qaz cihazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Onda sonra kibriti çəkərək qazı yandırmaq olar. Buna evdən çölə girəndə də mütləq əməl etmək lazımdır. Bizdə bu, bir adət halı alıb, çöldən evə girən kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayandan qaz sızması baş verib və siz işığı yandırdığınız zaman partlayış olar. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır.

Qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyatı üzrə müvafiq quruma məlumat vermək lazımdır. Ümumiyyətlə, payız-qış aylarında insanların təbii qaza, istiliyə olan tələbatı artır. Yəni insanlar evlərini isitmək üçün qaz sobalarından, qaz cihazlarından istifadə edirlər. Havaların soyuması ilə əlaqədar olaraq insanlar evlərində qapı –pəncərələri, hamam otaqlarında nəfəslikləri bağlı saxlayırlar.

Ancaq gün ərzində üç dəfə beş dəqiqəlik də olsa, evin havası dəyişilməlidir. Mətbəxt otağında qaz cihazı olmasını nəzərə alıb, nəfəsliyi və ventiliyasiyası olmalıdır”.