Hər gün fəhlə ölür, onlardan az danışırlar

Ölkənin ən nüfuzlu vətəndaşlarının hüquqları mütləq müdafiə olunmalıdır


İl başlayandan bu yana ən müxtəlif ölüm halları ölkəni ağuşuna alıb. İstər koronavirus pandemiyası xəstəliyi səbəbindən, istər intiharlar, istərsə də fəhlə ölümləri gündəmdən düşmür. 
COVID-19 virusu ilə nəinki Azərbaycan, həmçinin, bütün dünya ölkələri mübarizə aparır. İntihar halları isə bu və ya digər səbəblərdən doğan problemlərdən qaynaqlanır. Həm də göstərilən statistikaya əsasən Azərbaycanda ölüm halları digər ölkələrə nisbətən daha azdır. Sadəcə, mövzu qabardılır deyə günbəgün gündəmdə qalır.

Əlbəttə, gənclərin intihar etməsinin qarşısı birmənalı olaraq alınmalı, hətta minimuma endirilməlidir.

Bir də məlum işçi təbəqəsi olan fəhlələr var ki, onları nə koronavirus qorxudur, nə də zəiflik göstərib intihar qurbanı olurlar. Onlar sadəcə axşamları evlərinə bir tikə çörək apara bilsinlər deyə günün əksər saatlarını ən ağır işlərdə çalışırlar. Ailəsini dolandırmaq üçün canını fəda edən qəhrəman işçilər ölmək fikrindən belə qorxurlar. Axı onlara nəsə olsa arxalarında bir ailə çörəksiz, ailə üzvləri də ərsiz və atasız qalacaqlar. Belə olan halda ölən ölür, araşdırma aparılır və cinayət işi açılır. İşə götürən şirkət isə müəyyən qədər kompensasiya ödəyib geri çəkilir. Bundan sonra isə həmin ailənin gələcəyi, yaşayışı sual altında qalır. 

Demək olar ki, hər həftə fəhlə binadan yıxılaraq öldü, üzərinə ağır çəkili əşya düşdü və s. bədbəxt hadisələrlə qarşılaşırıq. Martın 6-sı saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
Aparılmış araşdırmalar nəticəsində hadisənin "Gülbaxt TMK" MMC-yə məxsus daş karxanasında baş verdiyi müəyyən edilib. Belə ki, yeni daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşüb, nəticədə fəhlə hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda hadisə üzrə istintaq davam etdirilir. Prokurorluq daş karxanasında ölümlə bağlı cinayət işi açıb.



Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə danışarkən bildirdi ki, fəhlələr ölkənin ən nüfuzlu vətəndaşlarıdır və onların hüquqları müdafiə olunmalıdır:

"Onların hesabına evlər tikilir, yollar salınır, su və qazımız onların əməyi nəticəsində gəlir və s. Buna görə də mən düşünürəm ki, onlar ölkənin ən nüfuzlu, sayılıb-seçilən vətəndaşlarıdır. 

Bizim vaxtımızda hər bir müəssisədə təhlükəsizlik şöbəsi təminatı var idi. Müəssisələrdə ölüm də ola bilərdi. O zaman baş mühəndis və rəhbərlərin hər biri bundan cavabdeh idilər. Bütün təminat da onların üzərində olurdu. Həmin müəssisə zərərçəkənin ailəsinə ömür boyu pul ödəyirdi. 
Mən istəyərdim indi də elə bir sistem olsun ki, fəhlələr işə qəbul olanda qol çəksinlər ki, onlara bir şey olsa həmin müəssisə hansı məsuliyyəti daşıyacaq, məlum olsun. 

Bununla bağlı bizə ərizələr gəlsə monitorinq qrupu məsələ ilə bağlı maraqlana bilər. Biz də həmin məsələni qaldıra bilərik. 

Burda insan hüquqlarının qorunmasından söhbət gedir. Fəhlələrlə də danışmaq, onlarla seminarlar keçirmək lazımdır ki, onlar da öz hüququnu bilsin. 
İndi iş yoxdur. Fəhlə də deyir ki, necə olursa olsun, işləyib pul qazanım. Əsl acınacaqlı hal budur".

Ağarza Elçinoğlu