Birini bilirik, birini bilmirik

Qatar yoluna yaxınlaşan zaman o qədər dikbaşlıq edən sürücülər var ki...

Mart ayının 10-da Sumqayıt şəhərində yük qatarı ilə avtobus toqquşub.
Hadisə nəticəsində nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksey oğlu qatarla avtobus arasında qalaraq ölüb.
Hadisə çox faciəvi sonluqla bitib. Qatarın hərəkətini tənzimləyən bələdçinin başı bədənindən ayrılıb.

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı verilən məlumatda bildirilib ki, mart ayının 10-u, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin başvermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.

Qeyd edək ki, ölkənin çox hissəsində maşın yolları ilə qatarların reysi kəsişir. Bir neçə yerdə isə həmin hissələr qorunmur. Belə halda isə ağır qəza hadisələri qaçılmaz olur. 

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, qatarlarla avtomobil toqquşmalarının əsas günahkarı məhz maşın sürücüləridir:

"Yol hərəkəti haqqında qanunda sürücülərə dəmir yolundan keçid qaydaları izah olunur. Orada sürücünün hansı halda nə etməli olduğu açıq-aydın qeyd olunub. Amma bizim bəzi sürücülərimiz keçidlərdə yaxınlaşan qatarı görsələr belə ya özlərinə, ya da maşınlarına güvənərək hərəkəti davam etdirib yolu keçməyə çalışırlar. 

Hətta bəzi özündən razı, dikbaş sürücülər də var ki, şlaqbaunların arasından keçməyə cəhd edir. 

Təəssüflər olsun ki, bəzi keçidlər ciddi mühafizə olunmur, nişanlar işlək vəziyyətdə deyil. Bəzən bələdçilər də yaşlı olur, bələdçi kabinəsində yatırlar. Heç qatarın keçdiyinin fərqinə varmırlar. Bəzi yerlərdə isə müxtəlif obyekt və ağaclar yol nişanlarının qarşısını kəsir. Bu cür problemlər var. Əfsus ki, dəmir yollarının ətrafı yaşayış məskənləri ilə sonradan zəbt olunub. Bu da təhlükə yaradır.

Düşünürəm ki, bizdə bu cür keçidlər ciddi şəkildə mühafizə olunmalı, nəzarət mexanizmi gücləndirilməlidir. Digər halda isə dəmir yolu xətləri mümkün qədər yaşayış məskənlərindən uzaqlaşdırılmalıdır. Bununla da dəmir yolu xətlərinin digər nəqliyyat vasitələri ilə kəsişməsinin qarşısını almaq olar". 

Ağarza Elçinoğlu