Avtobus sürücüləri 3 gündən bir işə çıxmalıdır, istirahət etməlidir
Ötən gün axşam saatlarında Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu yolu keçən piyadanı vurub. Piyada Şamaxı rayon sakini Qardaşəli Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mövzu ilə bağlı “Şərq”ə danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər işə qəbul zamanı sürücülər üçün xüsusi təlimlər təşkil etməlidir:
“Təlimlərə cəlb olunduqda, sürücülər həm şirkət, həm də sərnişinlər qarşısındakı vəzifələri ilə bağlı təlimatlandırılmalıdır. Hər bir şirkətin etik-davranış, eyni zamanda hüquqi-davranış kodeksi olmalıdır. Tərtib edilən qaydalar imzalı şəkildə işə qəbul olunan şəxslər tərəfindən təsdiq edilməlidir. Bütün bunlardan sonra artıq sürücü 1 aylıq testlərlə işə götürülür. Sınaq zamanı davranış kodekslərinə, yol hərəkəti qaydalarına necə əməl etməsi nəzarət altında olduqdan sonra tamamilə rahat şəkildə xəttə buraxılmalıdır”.
İ.Hüseynli vurğulayıb ki, sürücü nəqliyyatı idarə edərkən qəza edibsə, burada məsuliyyət məsələsi artıq texniki ekspertizanın rəyindən asılı olacaq:
“Yol-nəqliyyat hərəkətinin ekspertizası həyata keçirilən zaman müəyyənləşdirilir ki, hansı səbəbdən yol-nəqliyyat hadisəsi baş verib”.
Ekspert diqqətə çatdırıb ki, qəzaların baş verməsinə səbəb 3 halda ola bilər:
“Əvvəla, sürücünün diqqətsizliyi, yol-hərəkəti qaydalarını pozması kimi qiymətləndirilir. İkinci halda, nəqliyyat vasitəsində hər hansısa bir texniki nasazlıq aşkarlana bilər. Məsələn, əyləcin işləməməsi kimi hallar. Üçüncü ehtimal isə piyada yol-hərəkəti qaydalarını poza bilər. Misal olaraq, işıqforun qırmızı işığı yanarkən yolu dayanmadan keçibsə, yaxud da onun üçün nəzərdə tutulan zolaqlardan yolu keçmirsə, bu, təsadüfi qəzalara gətirib çıxarır və artıq piyadanın məsuliyyətsizliyi hesab olunur. Bu 3 haldan 2-si baş verən zaman hadisə ölümlə nəticələnərsə, həm şirkət, həm də sürücü müvafiq cinayət məcəlləsinin maddələrinə cəlb olunmalıdır. Ölmüş şəxsin həyat sığortası vardısa, şirkət tərəfindən qarşılanmalıdır”.
İ.Hüseynli həmçinin əlavə edib ki, insanların məhkəmə hüquqları ola bilər ki, o, müvafiq şirkəti məhkəməyə verə bilər:
“Bildiyimiz kimi artıq bu hallar çoxalıb, millətin özünün mentallarından irəli gələn xüsusi problemlərimiz var. Sürücülər 3 gündən bir işə çıxmalıdır, istirahət etməlidir. Günün bəlli saatlarında həmkarları ilə növbə dəyişməlidir. Təəssüf ki, bunlara əməl olunmur. Şirkətlər işçini götürürlər, bir sutka ərzində sürücü sükan arxasında olur. Bu halların hər birində artıq sürücü ilə yanaşı şirkət də məsuliyyət daşıyır”.
Sücayət Mehti