Bu itlər ömürlük həbsə məhkum edilib 


Onların heç vaxt yuvası, sahibi olmayacaq

Ədirnə bələdiyyəsi Müvəqqəti Heyvan Baxım evindəki 25 it yaşadıqları müddətdə heç vaxt sığınacağı tərk edə bilməyəcək. Sığınacağın veterinar həkimi Soyuhan Barlas DHA müxbirinə açıqlamasında “bura müvəqqəti sığınacaqdır. Lakin “qadağan edilmiş cins” köpəklər bura gətirildikdə onları sahiblərinə geri qaytarmaq hüququmuz olmadığı üçün məcburən burada saxlamalı oluruq. 

Bu itlər sanki ömürlük həbsə məhkum edilmiş kimi buradan çıxa bilmirlər”, söyləyib. “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, sözügedən sığınacaqda ümumilikdə 500 it saxlanır. 500 itdən 25-i sahiblərinin cinayətdə iştirakı, ya da qorxunc görkəmləri səbəbindən sığınacaqdan kənara çıxarıla bilməz.

 Bu itlər barəsində qanunda “qadağan olunmuş cins” maddəsi qüvvədədir. Buna görə də məsələn, Argentina doqu, Pitbull cinsi itlər yaxalandıqda sığınacağa gətirilir. Sığınacaq çalışanları isə bu itlərə qulluq edir, sağlam yaşamalarını təmin edirlər. Veterinar həkim S.Barlas bildirir ki, “qadağan olunmuş cins” olaraq dünyaya gəlmələri bu itlərin günahı deyil: “Burada itlərin nə günahı var? İnsanların günahı, cinayəti niyə bu heyvanlara kəsilməlidir? Bu, qəbuledilməzdir. Onlar da canlıdır. Özlərinə uyğun mühitdə yaşamaq haqları var. Amma onlar burada həbsdədirlər. Sahiblərinə geri verilmir, ömür boyu bu sığınacaqda qalmaq məcburiyyətindədirlər. Biz də onlara qulluq etmək məcburiyyətindəyik. Onların kiməsə verilməsi, sahiblərinə qaytarılması və ya satılması qadağandır. Bu itlərin heç vaxt yuvası, sahibi olmayacaq. Bu, ədalətsizlikdir”. S.Barlas deyib ki, bu itlərlə maraqlananlar, sırf onlara qulluq edən baxıcılar var. İtlər çox həssasdır və baxıcılara alışırlar. Çıxış yolu varmı? S.Barlas çıxış yolunu itlərlə bağlı DNA analizi aparılmasında görür: “DNA testi edilsə və müəyyənləşsə ki bu itlər saf cins deyil, qarışıq cinsdir, o zaman onların həbsi başa çata bilər. Bu itlərin qarışıq cins olması ehtimalı daha böyükdür. Onlarla bağlı ciddi araşdırma aparılmalıdır. Amma bizim belə bir imkanımız yoxdur. Hökumətə müraciət edərək itlərin DNA testinin aparılmasını istəyirik. Bəlkə o zaman itlər azadlığa çıxar, sahiblərinə qovuşarlar”.