Həcc ziyarətinə nə qədər vaxt qalır? 



"Bu qısa müddətdə Həcc ziyarətinə hazırlıq görmək çox çətindir. Həcc ziyarətinin təşkili heç olmasa 6 ay əvvəldən elan edilməlidir ki, hazırlıqlar üçün yetəri qədər vaxt olsun"

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb. Bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi adıçəkilən nazirliyə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı müsəlmanların Həcc və Ümrə ayinlərinin icrasını yerinə yetirmələri, Peyğəmbər məscidi və digər müqəddəs yerləri ziyarət edə bilmələri və bununla da Həccin davamlılığını təşviq etmək məqsədi daşıyır. Koronavirusa qarşı SƏ-də rəsmi təsdiqlənmiş vaksinlərlə tam peyvənd olunmuş, yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallıq ərazisinə daxil olmazdan əvvəl 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunacaq.

Məlumatla bağlı “Şərq”ə danışan islamşünas, Heydər məscidinin imamı Ağa Səid Yaqubov Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarətiylə əlaqədar rəsmi açıqlamasının olmadığını dedi: 

- QMİ-nin bununla bağlı hələ ki, rəsmi açıqlaması yoxdur. Azərbaycanda Həcc missiyasının rəhbəri QMİ olduğundan Həcc ziyarətinə sənəd qəbulunu da bu idarə elan etməlidir.  Həcc ziyarətinə təxminən 2 ay yarım vaxt qalır. Bu qısa müddətdə Həcc ziyarətinə hazırlıq görmək çox çətindir. Həcc ziyarətinin təşkili heç olmasa 6 ay əvvəldən elan edilməlidir ki, hazırlıqlar üçün yetəri qədər vaxt olsun. Çünki Həcc ziyarəti toplu bir mərasimdir, Ümrə ziyarətindən fərqli olaraq Həcc ziyarətində qat-qat artıq zəvvar iştirak edir. Hazırlıqlar da uzun vaxt aparır. Bunun əvvəlcədən otellərdə, mehmanxanalarda yerlərin kirayələnməsi, təyyarə reyslərinin müəyyənləşməsi, avia-şirkətlərlə müqavilə bağlanması kimi uzun sürən hazırlıq prosesi var. 3 ayda bütün bu tədarükləri görmək çətindir. Yenə də qərar QMİ-nindir. Bəlkə az sayda zəvvar aparılacaq, hazırlıqlar da tez başa gələcək. Yaxın zamanda QMİ-nin də bir qərarı olar yəqin. Amma hesab edirəm ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi bu qərarını daha əvvəlcədən elan etməliydi.
A.S.Yaqubov qeyd etdi ki, ötən ay Azərbaycandan Ümrə ziyarətinə gedənlər olub. Kiçik qruplar təşkil edilib və zəvvarlar yola salınıb. Mümkün olacağı təqdirdə azərbaycanlı zəvvarlar Həcc ziyarətində də iştirak edəcəklər.