"Doğma, eyni qandan, candan olan insanların bir-birinə düşmən olması, onları öldürəcək qədər qohumluq bağlarını heçə sayması arzuolunmaz haldır"
Gündən-günə artan ailədaxili cinayətlər ölkədə ciddi narahatlıq doğurur.
Hər gün ata qızını öldürdü, qardaş bacısının başını kəsdi, oğul anasını bıçaqladı kimi xəbərlər oxuyuruq. Ailə üzvlərinə xəsarət yetirildiyinə dair yayılan informasiyaların təfərrüatları insanları dəhşətə gətirir.
Bir neçə il əvvəllərə qədər nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb.
Bəs, ailə daxilində, eyni qandan olan insanların bir-birinə qarşı bu amansız rəftarının arxasında nə durur?
Qeyd edək ki, növbəti qətl paytaxtın Nizami rayonunda qeydə alınıb.
Bu dəfə oğul anasını küçənin ortasında qətlə yetirib. Qadının bıçaqlanma anının videogürüntüləri sosial şəbəkələrdə yayılıb.
Qətlə yetirilən qadının Sevinc Məhərrəmova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib. Nizami Rayon Prokurorluğu bu gün törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən professor, sosioloq Əhməd Qəşəmoğlu deyib ki, hər ailədə problem bir cür təzahür edir. Bunları ümumiləşdirmək mümkün deyil. İnsanlar həyəcan siqnalı çalanda o məsələni araşdırmaq lazımdır. Bəzən ailədaxili ağır cinayətlərin artmasına əsas səbəb kimi koronavirusun yaratdığı gərginliyi göstərirlər. Halbuki, son 10 ildə ailədaxili gərginlik artan sürətlə davam edir:
“Həmin vaxt nə koronavirus var idi, nə də buna bənzər problem. Ona görə də indi hər şeyi koronavirusun üstünə yıxmaq doğru deyil. İnsanların aqressivləşməsini şərtləndirən amillər müxtəlifdir. Bunu müəyyənləşdirmək üçün də mütləq peşəkarların iştirakı ilə konsepsiyalar hazırlanmalı, ailələrlə iş aparılmalıdır. Sosial işçilərin sayı çoxdur. Onlar ailələrdə iş aparmalıdır. Bu gün belə bir hadisələr baş verirsə, deməli, mühit, aldığı informasiyanın məzmunu, üstünlük verdiyi dəyərlər ona mənfi təsir bağışlayıb. Mənəvi dəyərlərə üstünlük verən cəmiyyətlər daxildəki problemləri tənzimləyə bilir. Mənəvi dəyərlər sıxışdırılıb, arxa plana keçiriləndə isə cəmiyyətdə bu cür eybəcər hallar ortalığa çıxır. Yəni baş verənlər heç də səbəbsiz deyil. Ailədaxili cinayətlər üst-üstə yığılan xırda məişət mübahisələrin toplusu və ya qısqanclıq zəminində yaranan davaların sonucu olur. Cinayətə əl atmaq insanların aqressiya və emosiya partlaması nəticəsində özlərini kontrol edə bilməməsindən törədilir”.
Sosioloqun sözlərinə görə, doğma, eyni qandan, candan olan insanların bir-birinə düşmən olması, onları öldürəcək qədər qohumluq bağlarını heçə sayması arzuolunmaz haldır və qarşısı mütləq alınmalıdır:
“Bunun isə özünəməxsus, sistemli yolları var. Daha çox çalışılmalıdır ki, mənəvi dəyərlərə maraq artsın. Adi musiqiyə, ədəbiyyata qarşı xarakterin dəyişməsi birbaşa mənəvi dəyərlərə təsir edir. Necə ki, sosial-iqtisadi proqramlar hazırlayırıq, eləcə də mənəvi həyatımıza təsir edən bu cür proseslərin baş verməməsi üçün böyük fəaliyyət proqramları hazırlayıb, həyata keçirək. Əks halda, bu cür faktlar daha da artacaq".