6 aydır xəbər yoxdur

Tətilə getdi, həmşəhərlisi tərəfindən girov “qoyuldu” 


Serbiyaya turist səfərinə çıxmış Naim Öztürkdən 6 aydır ki, xəbər yoxdur. İddia edilir ki, Naim Öztürk Serbiyada həmşəhərlisi Mustafa Özgüllə qarşılaşıb. Mustafanın Serbiyada 15 min avro borclu olduğu adamlar varmış. Həmin şəxslər otelə gələrək pulu tələb edib, Mustafa da “Dostum burda qalsın, mən gedib pulu gətirim”, deyərək gənci serbiyalıların girovluğuna verib. Lakin bir daha otelə qayıtmayıb. O gün, bu gün Naimdən də xəbər alınmır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu barədə Naim Öztürkün qaynı Səid Akdağ danışıb. S.Akdağ deyib ki, Mustafanın Naimi girovluğa verdiyi şəxslər mobil telefona belə bir səs atıblar: “Mustafa Özgül gəlməyincə bu gənc burdan gedə bilməz”. Naimin ailəsi Serbiya və Türkiyə rəsmi orqanlarına müraciət edib, amma bir nəticə hasil olmayıb. Çarəsiz ailə indi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istəyir.  Ailəsi Naimə görə narahatdır, ona hər hansı şəkildə əlaqə yarada bilmirlər. Hətta Naimin artıq həyatda olmadığı şübhələri də var. S.Akdağ Mustafa Özgülün Almaniyada olduğunu, telefonlara cavab vermədiyini, gözləndiyini  deyib.