“Əgər bir qazi özünü öldürübsə, ilkin ehtimal haqsızlıq olub”
“Eyni zamanda bələdiyyə orqanları ilə müharibə iştirakçısının konflikti baş verib”
“İcra Hakimiyəti səy göstərərək, işlə təmin etdiyini desə də, nümayəndəmiz həmin şəxsin işləmədiyini bildirib”
Ötən gün Sabirabadda Vətən müharibəsi iştirakçısı Maşallah Manafov intihar edib. Hadisə rayonun Cavad kəndində baş verib. 1986-cı il təvəllüdlü M.Manafov özünü pay torpağında ağacdan asaraq, öldürüb. Bununla bağlı Sabirabad Rayon İcra Hakimiyyəti açıqlama verib. Məlumatda deyilir ki, Maşallah Manafov isə ümumiyyətlə son zamanlar İcra Hakimiyyətinə gəlməyib. Təəssüf hissi ilə bildiriblər ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır. Həmçinin Vətən müharibəsi iştirakçısı M.Manafovun 2022-ci ilin fevral ayından Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Əmin” marketlər şəbəkəsində işlə təmin olunduğu diqqətə çatdırılıb. Eyni zamanda müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı müvafiq köməkliklərin göstərildiyi qeyd edilib.
Qazilərin intiharı barədə "Sherg.az"a danışan Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu bildirib ki, hadisəni eşidən “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev dərhal məsələ ilə bağlı tapşırıq verib:
"Birliyin sədr müavini Rüstəm Yusubov əraziyə göndərilib. O, təxminən 3 saata yaxın ailə ilə ünsiyyətdə olub. Problemləri ilə maraqlanıb. İcra Hakimiyəti səy göstərərək, işlə təmin etdiyini desə də, nümayəndəmiz həmin şəxsin işləmədiyini bildirib. 80 manat pensiya müavinəti alıb. Övladı var. Yaşayış şəraiti çox ağır vəziyyətdədir. Müharibədə psixoloji travmalar yaşayıb.
Cənab prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığı ilə 44 günlük müharibədən sonra şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün şöbə yaradılıb. Bu insanlarla maraqlanmaq, vəziyyətlərini öyrənmək həmin təşkilatların borcudur. Əgər bir qazi özünü öldürübsə, ilkin ehtimal haqsızlıq olub. Eyni zamanda bələdiyyə orqanları ilə müharibə iştirakçısının konflikti baş verib. Əkməyə, becərməyə torpaq istəyib, verməyiblər. Həmin şəxsin intiharı məsələsinin düzgün, obyektiv araşdırılması, əsas səbəblərinin tapılması arzuolunandır.
“Qarabağ qaziləri” İctimai Birliyi yaşanan durumla bağlı təəssüfünü bildirir. Belə halların qarşısının alınması üzrə zaman-zaman müəyyən tədbirlər elan etmişik. Onları yerinə yetirmək lazımdır. Şəhər və Rayon İcra Hakimiyyətlərinin 90 faizinin fəaliyyəti yarıtmazdır".