Elektroskuter təhlükəsi


23 yaşlı tibb bacısı ölümdən döndü

  Türkiyənin Adana şəhərində elektro-skuterlə hərəkət edən gənc tibb bacısı ağır xəsarət alıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, kiçik həcmli yük avtomobili tibb bacısının skuteri ilə toqquşub. 23 yaşlı Xədicə Şenər qəza nəticəsində ağır yaralanıb. Gənc qızın əlləri, ayaqları ciddi xəsarət alıb. Ahmet Rəmzi Yüreğir küçəsində baş vermiş qəza saniyə-saniyə müşahidə kameraları tərəfindən qeydə alınıb. Yük avtomobilnin skuterlə toqquşması nəticəsində gənc qız yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Ətrafdakıların məlumat verməsi sayəsində hadisə yerinə təcili yardım gəlib və tibb bacısı xəstəxanaya aparılıb. Sürücü isə sonradan polisə gedərək təslim olub, lakin ifadəsi alınaraq sərbəst buraxılıb

Kamera incələmələri nəticəsində məlum olub ki, yük avtomobili yolun hərəkət zolağının qarşı istiqamətinə çıxıb və sürətlə gələrək yoldakı skuterə çarpıb. Xədicə Şenərin  atası Mehmet Akif Şenər isə deyib ki, qızının səhhətində hələ də problemlər var və həyati təhlükəsi aradan qalxmayıb. Ata qızına çarparaq qaçan sürücünün həbs edilməsini tələb edir: “Qızımın bədənində bir çox yara və sınıqlar var. Hazırda övladım yataq xəstəsidir. Reanimasiya şöbəsində işləyir. Hər dəfə növbədən evə gələndə, “ata, bu gün bir insanın həyatını xilas etdik” deyirdi. Həyatını başqalarının həyatını xilas etməyə həsr edən belə gənclərimiz məsuliyyətsiz sürücülərin qurbanı olmamalıdır”.