Ötən həftə Bakının Sabunçu rayonunda avtobusda dava düşüb. Hadisə saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.118B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək, ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mübahisənin səbəbi hələ ki məlum deyil. Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Sherg.az"a açıqlamasında bildirib ki, həqiqətən də, sürücü ilə sərnişin arasında yaranan mübahisə halları geniş vüsət alıb:
"Təbii ki, sürücü öz vəzifə səlahiyyətlərini yerinə yetirir. Lakin o, hər dayanacaqda marşruta minən, düşən insanların kimliyini, hansı xarakterdə, psixologiyada olduğunu bilmir. Ciblərində 1 manat pulları varmı, yoxmu heç kim məlumatlı deyil. Aydındır ki, ictimai nəqliyyatdan daha çox kasıb təbəqə istifadə edir. Sürücü də dayanacaqda dayanıb, bütün sərnişinləri götürməlidir. Buna görə hansısa bir cəza və ya digər mexanizmlərin tətbiqindən söhbət gedə bilməz. Amma artıq avtobusda xuliqanlıq hadisəsi, insana xəsarət yetirmə hallarına gətirib, çıxaran dava-dalaşlar baş verirsə, sözsüz ki, cəza mexanizmləri tətbiq edilməlidir. Şəxs ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq, istər inzibati xəta, istərsə də cinayət məsuliyyətinə cəlb edilməlidir. Cəmiyyətdə insan haqqında bəzən cəzasızlıq hökm sürür, bəzi hallarda isə sərt tədbirlər görülür. Əslində sürücü analoji hadisə zamanı dərhal mühafizə zolağında dayanaraq, 102 qaynar xəttinə zəng edib, əraziyə polis çağırmalıdır. Nəqliyyat vasitəsini idarə edən şəxs sərnişinlə mübahisə etdikdə qarşı tərəfin ona zərər yetirə biləcəyi ehtimalını göz önündə tutmalıdır. Xüsusi bir həll yolu yoxdur. Sürücülər bənzər problemlə rastlaşdıqda mütləq hüquq-mühafizə orqanlarına, 102 qaynar xəttinə məlumat verə bilərlər".