Reabilitasiya Mərkəzində uşaqlara işgəncə verənlər peşman olduqlarını deyiblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Bu barədə APA-ya Komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, görüş onun müavini Elçin Şirinovun birgə iştirakı ilə keçirilib.

Monitorinq zamanı müxtəlif maddələrlə şübhəli şəxs kimi saxlanılan 9 nəfərin saxlanma şəraiti ilə maraqlanılıb.

"Onların arasında fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və mərkəzin psixoloqu Aytac Kazımlı da olub. Monitorinq zamanı onların saxlanma şəraitinə baxış keçirilib. Onlarla söhbət zamanı hər biri əməlindən peşman olduğunu qeyd ediblər. A.Kazımlı da söhbət əsnasında törətdiyi əməldən peşman olduğunu bildirib".

Tural Hüseynov qeyd edib ki, onların hər biri vəkillə təmin olunub: "Saxlanılan şəxslərin hər birinin ümumi vəziyyəti normaldır, saxlanma şəraiti qaydasındadır və heç bir şikayətləri yoxdur".