Bəslədiyi kenqurunun qurbanı oldu

Heyvan evə gələn təcili yardım heyətinin sahibinə yaxınlaşmasına izin verməyib

  Avstraliya sakini evdə bəslədiyi kenqurunun qurbanı olub. “NTV.com.tr” xəbər verir ki, hadisə Avstraliyanın Qərbi Avstraliya əyalətində baş verib. Əyalətin Redmond qəsəbəsinin 77 yaşlı sakini illərdir bəslədiyi kenqurunun hücumuna məruz qalıb. Hadisə yerinə gələn polis əməkdaşlarının verdiyi məlumata görə, adam kenqurunun hücumu nəticəsində ağır yaralanıb. Kenquru evə gələn təcili yardım heyətinin sahibinə yaxınlaşmasına da izin verməyib.

Həkimlər tərəfindən iynə vurulması nəticəsində kenquru yatırılıb, lakin yaralı adam oradaca keçinib. Avstraliyada kenquruları evdə bəsləməyə qanunla icazə verilir. Kenqurular adətən sakit heyvanlar hesab edilir. 

Kenquru hücumundan ölüm hadisəsi 1936-cı ildən bəri ikinci dəfədir ki, yaşanır. 1936-cı ildə Avstraliyanın cənubundakı Hillston qəsəbəsinin sakini 38 yaşlı Uilyam Cruickhank kenquru hücumu nəticəsində vəfat etmişdi. 

Boz kenquraların çəkisi 54 kiloqram, boylarının hündürlüyü 1,3 metr olur. Bildirilir ki, erkək kenqurular insanlara hücum etmək xüsusiyyətinə malikdirlər.