Bina hər an uça bilər

Zığ sakinləri qorxu içində yaşayırlar

Ramil Osmanlı: "Qəzalı binalara özəl şirkətlər sahib çıxmırsa, problem dövlət vəsaiti hesabına həllini tapmalıdır"

  Xətai rayonu Zığ yolu 27 ünvanında yerləşən binanın sakinləri qorxu içində yaşayır. Çünki bina qəzalı vəziyyətdədir, hər an faciə yaşana bilər. Bununla bağlı Trend-ə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bina dağılmaq üzrədir, hər an uçqun ola bilər: "Öz evimizdə qorxa-qorxa yaşayırıq. Bu bina 94 il əvvəl tikilib. İstismar müddəti çoxdan başa çatıb", - onlar bildirib. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Trend-ə bildirib ki, rayonda 99 qəzalı bina var və bir neçə ay bundan qabaq bütün qəzalı binalara yerində baxış keçirilib. "Biz səlahiyyətimiz çərçivəsində bütün işləri görürük. Qəzalı binalar barədə məlumatlar toplanılaraq müvafiq qurumlara bildirilib. Göstəriş gəldiyi halda bina ilə bağlı tədbir görüləcək", - deyə P.İmanov bildirib. 

  Paytaxtda analoji vəziyyətdə olan binalar var. Az da sayılmaz. Xatırladaq ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə bu ilin mart ayında müvafiq komissiya yaradıldı. 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında qeyd olunurdu. Məlumata görə, icra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin rayon icra hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanırdı. Artıq Komissiya üzvlərinin rayonlar üzrə inventarizasiya işlərinə başladıqları da bildirilirdi. Görünən budur ki, ortada əsaslı bir nəticə yoxdur. Hər halda Xətai rayonu, Zığ yolu, 27. ünvanında konkret yoxdur, olsaydı, sakinlər gecə yatanda “kəlməyi-şəhadət” gətirməzdi. 

  Ümumiyyətlə, qəzalı binalardan köçürülmə prosesi niyə yubanır? “Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, burada əsas səbəb qəzalı binaların yerləşdiyi ərazilərin nə dərəcədə özəl tikinti şirkətlərinin maraq dairəsində olmasıdır:  

- Qəzalı,  istismar müddəti bitmiş, yaşayış şərtləri standartlara cavab verməyən  binaların sökülməsi, sakinlərin köçürülməsi və yerləşdirilməsi prosesi ya dövlət tərəfindən həyata keçirilir, ya da özəl tikinti şirkətləri tərəfindən. Dövlət tərəfindən özəl şirkətlərə bu binaların sökülməsi, ərazidə tikintinin aparılması, sakinlərin yerləşdirilməsi təklif edilir. Lakin bəzən tikinti şirkətləri bu təklifləri nəzərə almır, qəbul etmir.  Tikinti şirkətləri ən əsası, gəlirə, əldə ediləcək mənfəətə baxır. Ərazi gəlirlidirsə, orada tikiləcək binadan mənfəət əldə ediləcəksə, təklifi qəbul edir və layihə icrasına başlayırlar. Yox əgər, ərazi qeyri-likviddirsə - yəni, gəlir vəd etməyən və ya az gəlirli ərazidirsə, orada tikinti aparmaq, yeni yaşayış binası tikmək mənfəət vəd etmirsə, təklifdən boyun qaçırırlar. Məsələn, paytaxtın “Papanin”, “Kubinka”, “Alatava” kimi ərazilərinə tikinti şirkətləri meyillidir, çünki bu ərazilər şəhərin mərkəzi, əhalinin sıx yaşadığı, dövlət, özəl qurumların sıx yerləşdiyi yerlərdir. Belə ərazilərdə tikinti aparmaq sərfəlidir, mənzillərin qiyməti də yüksək olur, icarə haqqı da yüksəkdir. Adətən hündürmərtəbəli binaların ilk mərtəbələri marketlərə, müxtəlif yönümlü iaşə obyektlərinə icarəyə verilir. Şəhərin mərkəzi, əhali sıxlığı gur olan yerlərində fəaliyyət göstərən iaşə obyektlərində gəlir daha yüksəkdir, nəinki mərkəzdən uzaq, ətraf yerlərdə. Ona görə də tikinti şirkətləri mənfəəti az ərazilərə maraq göstərmir. Qəzalı binaların da “ömrü” uzanır.    
  
  Amma “ömrü” uzanan qəzalı binalar sakinlərin də ömrünü uzadırmı, bu, artıq üzərində düşünülməli sualdır. R.Osmanlı bildirdi ki, qəzalı binalara özəl şirkətlər sahib çıxmırsa, problem dövlət vəsaiti hesabına həllini tapmalıdır: 

- Qəzalı, istismar müddəti bitmiş yaşayış binalarıyla bağlı Nazirlər Kabinetinin qərarı var, Fəvqəladə Hallar Nazirliyi rəy verir, dövlət vəsaiti hesabına ya təmir edilir, ya da sökülür, sakinlər köçürülür. Biz bilmirik, haqqında danışılan bina (Xətai rayonu, Zığ yolu, 27 ünvanı) Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş “qəzalı binalar siyahısında” varmı, yoxmu. Binaların qəzalı olduğu müəyyən edildikdən sonra heç bir özəl tikinti şirkəti təklifi qəbul etmirsə, binanın təmiri və ya sökülməsinə dövlət büdcəsindən vəsait ayrılmalıdır. Adətən büdcə vəsaitləri ilin sonunda, növbəti il üçün müəyyənləşir. Ümid edək ki, haqqında danışılan binaya da dövlət vəsaiti ayrılmış olacaq və sakinlərin təhlükəsizliyi təmin  ediləcək.