İranın Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb.
“Azad İran” “Telegram” kanalı bu barədə İranın Xorasan-e Rəzəvi əyalətinin ədliyyə idarəsinin rəisi Qulaməli Sadeqiyə istinadla bildirib.
Qeyd edilir ki, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.
İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub.
Xatırladaq ki, bu, barəsində ölüm hökmü çıxarılan və icra olunan ikinci şəxsdir. Bundan əvvəl Mohsen Şekari dar ağacından asılıb.
Hadisəni pisləyən Türkiyədə yaşayan güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, İran dünyada ən çox edamın yaşandığı ölkədir:
“Hazırda hər şəhərdə etirazçıların edam edilməsi ilə bağlı qərarlar veririlir. Bu isə ilk deyil. Molla rejimi hələ 1988-ci ildə geniş ölçüdə, hətta məhkəmə belə keçirmədən bakirə qızlara təcavüz edib, sonra edam etdi. Bir çox ictimai və siyasi xadim, tələbə dar ağacından asıldı.
Hazırda baş verənlər isə artıq yeni bir axındır. Onlar indiyə qədər bəlucları və ərəbləri çox edam ediblər. Son etirazlardan sonra da çox insana ölüm hökmü verilib və onların hamısının həyatları təhlükədədir.
Yəni iş o yerə çatıb ki, biz İrandakı rejimə bəşəriyyətin üz qarası deyə bilərik. Çünki onlar qorxudaraq insanları susdurmağa və etirazları səngitməyə çalışırlar. Bu isə illərdir, belə davam edir".
Analitik qeyd edib ki, edam çox çətin məsələdir:
"Biz bu hadisələrin yaxından şahidi olmuşuq. Onlar istədiyi zaman səni tutaraq bəzən məhkəmə keçirir, bəzən də məhkəməsiz şəkildə həyatına son qoyurlar.
Ölümün qoxusu gəldikdə isə təbii ki, hər kəs çəkinir. Ona görə də müzakirə mövzusu dar ağacı olduqda xalqın iradəsi qırıla bilər.
Çünki 1988- ci ildə də belə olmuşdu. Edam olunanların çoxunun əiləsi 6-7 aydan sonra bildi ki, onların yaxınları dar ağacına çəkilib.
Hətta bu rejim ölənlərin ailəsindən atdıqları güllənin belə pulunu aldı. Bunlara öz gözlərimlə şahid olmuşam. Ümumiyyətlə, onlar hər zaman toplumun ən yetkin insanlarını öldürərək, ictimaiyyətdə qorxu toxumu səpirlər".